Xəbər lenti


MUSULMANS EN FRANCE, Fransa
21.01.2021


Müəllif: Aytən Muradova
Azərbaycan haqqında niyə danışmaq lazımdır? Fransanın “qapazaltı” mətbuatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində Ermənistanı təşviq edirdi. Amma reallığı bilmək lazımdır.

Dünyəvi, çoxmədəniyyətli, çoxkonfessiyalı Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Bu və sonrakı məqalələrimizdə Azərbaycanda yaşayan müxtəlif icmalardan bəhs edəcəyik. Gəlin, bu dəfə Azərbaycandakı malakan icmasına nəzər salaq.

Malakanlar kimlərdir?
Malakanlar Azərbaycanda XIX əsrin birinci yarısında məskunlaşıblar. Bu gün ölkənin müxtəlif kənlərində onlara rast gəlmək mümkündür. Lakin Azərbaycanda malakanların ən sıx yaşadıqları kənd İvanovkadır. İsmayıllı bölgəsində yerləşən bu kənd 200 ildən çoxdur ki, bu xalqın adət-ənənəsinin, folklorunun, həyat tərzinin qorunub saxlandığı ən böyük yaşayış məskənlərindəndir. 8 min hektar ərazisi olan İvanovka rayon mərkəzindən 14 kilometr məsafədə yerləşir.

Malakanlar (və ya moloklar) “Şərq xristianları” kimi tanınırlar. Onların yeganə inanc mənbəyi İncildir. Lakin digər Şərq xristianlarından fərqli olaraq, malakanlar suda vəftiz icra etmir, müqəddəslərə ibadətdən çəkinir, ikonalardan imtina edirlər. Hər həftənin şənbə günü bu icma birlikdə ibadət edir.

Azərbaycandakı malakanlar
Malakanlar Azərbaycanda məskunlaşdıqları ilk vaxtlardan yerli kəndlilərlə sıx münasibət qurulub. Bunun əsas səbəblərindən biri malak inancının bir çox cəhətdən İslama uyğun olmasıdır. Məsələn, malakanlar da alkoqol qəbul etmir, donuz əti yemir, söyüş işlətmir.

İvanovka malakanlarının hamısı burada hələ 1936-cı ildə yaradılmış kolxozda işləyir. Onlar kollektiv kənd təsərrüfatına alışıblar. Nasist Almaniyasına qarşı Böyük Vətən müharibəsindən sonrakı çəkin illərdə – 1953-cü ilin oktyabrında 27 yaşlı Nikolay Nikitin baxımsız, çökmüş iqtisadiyyatı dirçəltməyə başlamışdı. Bu kolxozun ən yaxın tarixi onun adı ilə bağlıdır. Nikitin 1994-cü ildə vəfat etsə də, onun yaradıb inkişaf etdirdiyi və adını daşıyan kolxoz hələ də uğurla fəaliyyət göstərir. Doğrudur, SSRİ-nin süqutundan sonra Azərbaycanda kolxoz sistemi tamamilə dağılıb. Bu gün ölkədə yeganə kolxoz məhz İvanovkadadır. Onun məhsulları bütün Azərbaycanda məşhurdur.

İvanovkada 3100-dən artıq insan yaşayır. Burada malakanlar digər xalqlar, xüsusilə ləzgilər və azərbaycanlılarla birgə yaşayır.
Kənd 1070 taxta evdən ibarətdir. Geniş küçələrə açılan bu evlər oyma naxışlarla əhatələnmiş pəncərələrlə bəzədilib. Hər evin qarşısında kiçik skamya görə bilərsiniz. Bu kənddə hər ailənin öz bağı var və ev sahibləri orada meyvə, tərəvəz, qarğıdalı və günəbaxan becərirlər.

İvanovkada bir orta məktəb, bir xəstəxana, uşaq bağçaları, rabitə xidməti, iki ötürücü stansiya, stadion, bir ticarət mərkəzi, mağazalar və apteklər fəaliyyət göstərir. Hələ Nikitinin dövründə tikilmiş, 700 yerlik teatra malik möhtəşəm Mədəniyyət sarayı kəndlilərin qürur mənbəyidir. O, Sovet İttifaqı illərində kənddə tikilmiş ən gözəl Mədəniyyət sarayı hesab edilirdi. Burada opera tamaşaları, balet göstərilir, rus artistlər çıxış edirdilər. Saray bu gün də sakinlərin ixtiyarındadır. Onlar burada mədəni tədbirlər, nikah mərasimləri, banketlər keçirir. İsti yay günlərində isə uşaqlar saraya bitişik mənzərəli göldə çimir, balıq tuturlar.

Malakanlar öz ənənələrini qorusalar da, həyat tərzi kimi qəbul etdikləri Azərbaycan və Rusiya adətlərinə mükəmməl inteqrasiya ediblər.
Azərbaycandakı malakanların yaşadığı digər bölgə Şamaxı rayonu ərazisidir. Onlar buraya ilk dəfə 1814-cü ildə Rusiyanın Tombov, Rostov, Voronej və Həştərxan vilayətlərindən gəliblər. Bu gün malakanlar Şamaxının daha çox 3 kəndindi – Nağaraxana, Gizmeydan (Astraxanovka) və rayon mərkəzindən 10 kilometr məsafədə, gözəl dağlıq hissədə yerləşən Dumduru gölünün sahillərində, Çuxuryurdda yaşayırlar. Burada ilk malakanların palçıq kərpicdən tikilmiş evləri indi yenilərilə əvəzlənib. Amma burada da misilsiz memarlıq üslubu, qədim adət-ənənələr zamanın sınağından çıxıb.
(Fransız dilindən tərcümə - WorldMedia.Az)


Mənbə: MUSULMANS EN FRANCE


Ana səhifəyə qayıt        Baxış: 4 528          Tarix: 21-01-2021, 14:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma