Xəbər lenti


 
“Çin-ABŞ münasibətləri getdikcə düşmənçilik halı alır, lakin bu, iki ölkə arasındakı əməkdaşlığı da istisna etmir”.
 
Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ-ın yeni dövlət katibi Anthoni Blinken dünən Dövlət Departamentində keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib. 
 
Onun sözlərinə görə, ABŞ və Çin arasındakı münasibətlərin bəlkə də dünyadakı ən vacib məsələlərdən biri olduğu heç kimə sirr deyil. “Bu əlaqələr hamımızın gələcəyini əsaslı şəkildə müəyyənləşdirəcək. İki dövlət arasındakı əlaqələrin aspektləri və özəlliklə əməkdaşlıq aspektləri mövcuddur. Biz qarşılıqlı maraqlarımız olan sahələrdə birlikdə çalışmağa çalışırıq",  - Dövlət Departamentinin başçısı belə deyib.
 
Dövlət katibi bu ümumi maraq sahəsinə iqlim ətrafındakı vəziyyəti də daxil edib: "Qlobal istiləşmə ilə mübarizədə konkret uğurlar qazanmaq Çin, ABŞ və dünya ölkələrinin maraqlarına cavab verir. Əminəm ki, buna nail ola bilərik".
 

Aydəm İsmayılov


Blindenin fikirlərini şərh edən siyasi analitik, fəlsəfə elmləri doktoru Aydəm İsmayılov xatırladır ki, ötən həftə Senatın iclasında çıxış edərkən də o, ABŞ-ın prezident Co Biden rəhbərliyi altında Çinə qarşı "güc mövqeyindən" hərəkət edəcəyini, müttəfiqlərinə güvənəcəyini və ordusunu gücləndirəcəyini söyləmişdi: “Dövlət katibinin növbəti çıxışına Çinlə münasibətlərdə düşmənçilik həddinə yaxınlaşmaqdan başlaması yeni administirasiyanın xarici siyasətdə prioritetini göstərir. Məlum olur ki, Çinlə düşmənçilik həddində rəqabət ABŞ-ın yeni rəhbərliyinin xarici siyasətdə əsas dəsti-xəttinə çevriləcək”. 
 
Aydəm İsmayılovun fikrincə, Blikenin Çinlə əməkdaşlıq amillərindən biri kimi təqdim etdiyi qlobal istiləşmə problemi də əslində iki dövlət arasında yaxınlaşma yox, ayrışma simvoludur: “Zira  qlobal istiləşmənin əsas səbəblərindən biri kimi sənaye müəssisələrinin atmosferə buraxdığı zəhərli qazlar göstərilir. Bliken bu problemi dilə gətirərkən faktiki Çinin sənaye müəssisələrinin bağlanmasının lüzumuna diqqətləri cəlb etmək istəyir. Həqiqətən də Çində günü-gündən artan zavod və fabrikalar dünyanın ekoloji sistemini ciddi şəkildə korlayır. Dünyanın atmosfer təbəqəsi çirklənir, ozon qatı deşilir. Bu da yaxın gələcəkdə bir sıra ekoloji fəlakətlərə, o cümlədən qlobal istiləşmələrə təkan verə bilər”.
 
Bununla belə, ekspert ABŞ-ın əsas dərdinin şimal və ya cənub qütblərində buzlaqların əriməsi, dünyanın dəniz səviyyəsinin qalması olmadığını düşünür: “ABŞ-ın bu sahədə öz imici də ürəkaçan deyil. O da bir çox beynəlxalq ekoloji sazişlərə qoşulmayıb. Hətta 2017-ci ildə Tramp hakimiyyəti Paris İqlim Konvensiyasından ayrıldığını bəyan etmişdi. ABŞ-ın dünyada bir Nigeriyanın, bir də Suriyanın imzalamadığı bu konvensiyadan çəkilməsi nəinki beynəlxalq aləmdə, hətta super dövlətin özündə sərt şəkildə tənqid olunmuşdu. İndi rəsmi Vaşinqtonun Çini dünyanın ekoloji tarazlıqda ittiham etməsi qətiyyən məntiqli və əxlaqi görünmür”.
 
Ekspert hesab edir ki, ABŞ-ın yeni hakimiyyətinin Çinə və Rusiyaya qarşı düşmənçiliyinin əsas səbəblərini bir neçə amildə axtarmaq olar: “Səbəblərdən biri iqtisadidir. Xüsusilə Çinə qarşı bu cür basqılar Uzaq Şərqin bu nəhənginin sənaye sıçrayışı və qlobal ticari münasibətlər baxımından ABŞ-ı haqlamasıdır. Artıq Çin iqtisadi böyümə nəticəsində iqtisadi cəhətdən dünyanın ən böyük gücü halına gəlir. ABŞ isə öz yerini ona vermək istəmir. Çinin bu uğurunu sənayeləşmə gücü sayəsində qazandığını nəzərə alsaq, onun dayandırılmasının ən mümkün yolu ekoloji problemləri qabardaraq siyasi təzyiqləri artırmaqdır. Co Bayden hakimiyyəti Çini durdurmaq projesini  Qərb ölkələrini yanına çəkərək həyata keçirmək istəyir. Vaşinqton bununla həm dünyanı öz ətrafında birləşdirərək yenidən qlobal aparıcı gücə çevrilmək məqsədi güdür, həm də Qərbi Çinə qarşı sanksiyalara hazırlayır”.
 
Aydəm İsmayılova görə, ABŞ-ın yeni hakimiyyətinin özünə düşmən axtarışının başlıca səbəblərindən biri də də daxili auditoriya üçün hesablanıb. Onun fikrincə, sosial dayaqları zəifləyən hökumətlər cəmiyyəti öz ətrafında birləşdirmək üçün xarici düşmən faktorundan istifadə edir, hətta bunun üçün süni qarşıdurmalar yaradırlar: “Məlum olduğu kimi, Co Bayden hakimiyyəti də hələ bu posta oturmamışdan əvvəl bu problemlə qarşılaşdı. ABŞ tarixində nadir hadisələrdən biridir ki, sələf hakimiyyət xələfinin legitimliyini tanımır. Təsadüdi deyil ki, Tramp tərəfdarları Konqresin binasına hücum edib dağıdıcı fəaliyyətlərdə bulundular. Co Bayden andiçmə mərasimində həmin qüvvələri marjinal qruplar və “daxili terrorçular adlandırsa da, ABŞ-da respublikaçıların çoxu Trampın haqqının tapdalandığına, seçkilərin saxtalaşdırıldığına inanır. Hətta Amerikada Trampizm adlı cərəyanın yarandığı və getdikcə böyüdüyü iddia olunur. Trampın hakimiyyəti təhvil verərkən öz xələfinə yazdığı ənənəvi son məktubda “Co, sən də bilirsən ki, seçkini qazanmayıbsan” bildirdi. Bu fakt Trampizmin getdikcə böyüyəcəyi ehtimalını gücləndirir. Nəticədə ABŞ sosial təbəqələşmə baxımından parçalanma təhlükəsi ilə üzləşə bilər. Belə vəziyyətlərdə cəmiyyəti bir çətir altına toplamağın ən optimal yolu süni düşmənlər yaratmaqdır. Mənim fikrimcə, Co Bayden hakimiyyəti də bu məqsədlə Çini və Rusiyanı təhlükəli düşmən kimi göstərmək yoluna gedəcək. Blindenin Çinlə bağlı fikirləri də bunu göstərir.”
 


Ana səhifəyə qayıt        Baxış: 4 817          Tarix: 28-01-2021, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma