Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
prof. Ramazan SİRACOĞLU
XX əsrin birinci yarısında dünyanın qabaqcıl ölkələri- SSRİ, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya ciddi və məxfi şəkildə nüvə silahı yaratmağa təşəbbüsə başlamışdı. 1945-ci ildə ABŞ, 1949-cu ildə isə SSRİ bu qorxunc silaha sahib oldu. İllər keçdikcə Böyük Britaniya ( 1952), Fransa ( 1960), Çin (1964), Hindistan (1974), İsrail (1979), Pakistan (1998) və Şimali Koreya Xalq Demokratik Respublikası (2006) da nüvə dövlətinə çevrildi. Maraqlıdır ki, hərbi cəbbəxanasında milyard dollarlara başa gəlmiş nüvə silahı saxlayan dövlətlərdən, ABŞ istisna olmaqla, heç biri müharibədə həmin silahı döyüş meydanında tətbiq etməyib. Təbii olaraq, belə sual yaranır ki, nə üçün dövlətlər milyardlar xərcləyərək praktik baxımdan istifadəsiz qalacaq nüvə silahlarına malik olmağa can atır?
Son zamanlarda dünya mediasında sürəkli olaraq İranın da nüvə silahına sahib olma təşəbbüsünə cəhd göstərməsi məsələsi gündəmə gətirilir. ABD, İsrail və Səudiyyə Ərəbistanı isə İranı Orta Şərqdə ciddi təhlükə olaraq görür. Bu yazıda İranın nüvə potensialını və onun atom çalışmaları sahəsində gerçək niyyətini imkanımız daxilində açıqlamağa çalışacağıq.
İranın nüvə silahına sahib olmaq istəyi təzə hadisə deyil. Əldə edə bildiyimiz mənbələrə dayanaraq inamla söyləyə bilərik ki, ən azından, keçən əsrin 50-ci illərindən İran ciddi şəkildə nüvə texnologiyası ilə maraqlanıb və atomdan dinc məqsədlər üçün yararlanmaq işində ABŞ ona texniki dəstək də verib. 1967-ci ildə Tehranda hətta 5 meqavat gücündə kiçik reaktoru olan Tehran Nüvə Tədqiqatı Mərkəzi (Mərkəz-e Təhğiğat-e Həstəye – Tehran - مرکز تحقیقات هسته ای تهران) fəalliyyətə başlamışdı. 1973-cü ildə İranı modern silahlara sahib ölkəyə çevirmək xəyalına düşmüş İran şahı çox iddialı şəkildə yaxın gələcəkdə ölkənin 23 min meqavat nüvə enerjisi hasil edəcək atom elektrik stansiyası yaradacağını bildirmişdi (Bax: Oliver Meier. "Iran and Foreign Enrichment: A Troubled Model," The Arms Control Association, January/February 2006 ).
Sonrakı hadisələr İran şahının niyyətinin ciddi olduğunu göstərdi. Belə ki, 1976-cı ildə İran “Eurodif” (European Gaseous Diffusion Uranium Enrichment Consortium – Uranın zənginləşdirilməsi üzrə Avropa qaz diffuziyası konsorsiumu) konsorsiumuna Fransada inşa etməkdə olduğu Trikastin atom elektrostansiyasının on faizli səhmi üçün bir milyard dollar ödəmiş, Cənubi Afrikadan sarı uran -yellowcake - almaqdan ötrü 700 milyon dollarlıq müqavilə bağlamış və nüvə enerjisi sahəsində mütəxəssis yetişdirmək üçün xaricə xüsusi heyət göndərmişdi. 1980-ci ilə qədər İran nüvə sahəsi üzrə xeyli məsafə də qət etmişdi. 22 sentyabr 1980-ci ildə SSRİ-nin dəstəklədiyi İraq dövlətinin İrana hücumu ilə başlayan və 20 avqust 1988-ci ilədək davam edən muharibə hər iki dövlətin bütün iqtisadi-hərbi quruluşlarına çox böyük ziyan vurdu.
Rejimin dəyişməsi və atom sahəsi üzrə mütəxəssislərin bəzilərinin o vaxtlar İranı tərk etməsi, ağır iqtisadi çətinliklər ucbatından İran bir müddət atom enerjisi proqramlarını dayandırdı. Məsələn, 1975-ci ildə İranla Almaniyanın ( o zamankı Federativ Almaniya) “Kraftwerk Union” şirkəti arasında bağlanmış müqaviləyə görə, İranın Buşəhr (بوشهر ) məntəqəsində inşa olunan AES-in tikintisi donduruldu. Yeri gəlmişkən, Yaxın Şərqdə ilk AES olan Buşəhr stansiyasının istifadəyə verilməsi üçün 1992-ci idə Rusiya ilə danışıqlar aparıldı və 1995-ci ildə Rusiya həmin stansiyanı tamamlamağa razı oldu, nəticədə, 2012-ci ilin avqustunda Buşəhr AES istifadəyə verildi (Bax: Joseph Cirincione, Jon Wolfsthal and Miriam Rajkumar, "Iran," in Deadly Arsenals: Nuclear, Biological, and Chemical Threats (Washington, DC, Carnegie Endowment for International Peace, 2005, p. 303 ).
İranın nüvə texnologiyası ilə maraqlanması, xüsusən, müasir imkanlar səviyyəsində uranın zənginləşdirilməsi məsələsinə diqqət yetirməsi 2002-2015-ci illərdə dünyanın ən inkişaf etmiş ölkələrində sürəkli beynəlxalq müzakirələrə və İrana qarşı müxtəlif sanksiyaların tətbiqinə səbəb olmuşdur. Tətbiq olunan sanksiyaların qaldırılmasına çalışan İran 2015-ci ilin iyul ayında 5+1 formulu ilə dünyanın beş super dövləti ilə Ortaq geniş çalışma planı üzrə (Joint Comprehensive Plan of Action - برنامه جامع اقدام مشترک ) müqavilə bağlamış, 20 il müddətində müəyyən edilmiş miqdarı keçməmək və atom enerjisindən dinc məqsədlərlə istifadə etmək barədə öhdəlik götürmüşdür.
Razılaşmaya əsasən, Atom Enerjisi üzrə Beynilxalq Agentlik ( İAEA ) müntəzəm olaraq İran ərazilərində nüvə texnologiyası üzrə fəaliyyət göstərən bütün laboratoriya və müəssisilərə nəzarət edəcəkdir. 16 yanvar 2016-cı ildə nüvə çalışmalarına görə İrana tətbiq edilən sanksiyalar qaldırıldı (Bax: "IAEA Director General's Statement on Iran," IAEA, updated 16 January 2016, www.iaea.org ). İqtisadi sanksiyalardan çətin çəkən İran ictimaiyyəti yenicə özünə gəlməyə başlayanda 30 aprel 2018-ci ildə İsrailin Baş naziri B. Netenyahu sensasyon məlumatla çıxış etdi. Onun sözlərinə görə, İsrail hərbi kəşfiyyatı İranın məxfi atom arxivləri ilə bağlı külli miqdarda sənəd ələ keçirmişdir və bu sənədlərə əsasən, qətiyyətlə belə qənaətə gəlmək olar ki, İranın atom tədqiqatları aparmaqda gerçək məqsədi nüvə silahı yaratmaqdır və onun beş ədəd 10 kilotonluq nüvə başlıqlı raketi, demək olar ki, hazırdır ( Bax: Netanyahu Claims Iran Nuclear Deal Based on Lies,” 30 April 2018, www.haretz.com).
Bu iddianın ardından bir həftə sonra ABŞ-ın sabiq prezidenti D. Tramp 2018-ci ilin may ayının 8-də öz ölkəsinin birtərəfli qaydada Ortaq geniş çalışma planı üzrə müqavilədən ( İran KİV-lərində “bərcam- برجام” adlandırılır) çıxdığını və İrana yenidən sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildirdi (Bax:The New York Times, 8 May 2018 ). İranın cavab reaksiyası gecikmədi: o da müqavilə üzrə öhdəliklərin bir qismini yerinə yetirməkdən imtina edəcəyini bəyan etdi.
İranda daimi nəzarət həyata keçirən Atom Enerjisi üzrə Beynilxalq Agentliyin mütəxəssisləri səsləndirilən iddianın gerçəyi əks etdirmədiyini bildirdilər. Müqaviləyə görə, İran nüvə enerjisi üçün yalnız 3, 67 % limitində uran (uran-235) zənginləşdirə bilər. Uranın zənginləşdirilməsi onun tərkibindən uran-238 çıxartmaqla mümkün qədər daha çox uran-235 almaq deməkdir. Maraqlananlar üçün xatırladaq ki, təbii halda uranda ancaq 0,7% uran-235 mövcuddur və nüvə silahı yalnız 90% zənginləşdirilmiş urandan (uran-235) hazırlanır.
Qərb KİV-lərinin bəziləri İranın son zamanlarda 3,67% limitini keçdiyini və hətta artıq 4,5%-li uran zənginləşdirməyə başladığını iddia edir. İran dəfələrlə atom enerjisindən ancaq dinc məqsədlər üçün istifadə etməyə çalışdığını bəyan etsə də, Qərb ekspertlərin iddiasına görə, İranın yetərincə az miqdarda zənginləşdirilmiş uran ehtiyatı var və yaxın gələcəkdə İran onlardan ən azı iki nüvə başlıqlı raket düzəldə bilər.
Assoşieytid Pres Agentliyinin ötən ilin dekabr ayında əldə etdiyi aerofotoşəklə görə, İran Qum şəhərinin şimali- şərqində, ondan təqribən 32 km uzaqlıqda yerləşən və əhəmiyyəti baxımından Nətənzdən sonra ikinci önəmli atom təsisatı olan Forduda ( فُرد و ) yeni obyekt inşa etməyə başlayıb (Bax: https://www.cnbc.com/2021/01/02/iran-plans-20percent-uranium-enrichment-as-soon-as-possible.html).
İranın nüvə silahına sahib ola bilməsi ehtimalından bəzi ölkələr, məsələn, Səudiyyə Ərəbistanı və İsrail təşviş içəndədir. Hələ 2012-ci ildə İsrail biildirmişdir ki, əgər İran 240 kq həcmində 20% zənginləşdirilmiş uran-235 emal edərsə İsrail ona zərbələr endirəcəkdir. Xatırladaq ki, 90% zənginləşdirilmiş uran-235-i nüvə silahına çevirmək üçün minimum 1054 kq uran lazımdır. Atom Enerjisi üzrə Beynilxalq Agentliyin müfəttişlərinin hesabatına görə, İranın 10 tona yaxın uran xammalının 98%-i hal-hazırda Rusiyadadır. Bundan başqa, Buşəhr AES-də az miqdarda nüvə yanacağı var, lakin Rusiya yetkililəri inandırırlar ki, iranlıların o yanacağa müdaxilə etmək hüquqları yoxdur (Bax: https://www.bbc.com/russian/features-51010650 ).
İranda təhlükəsizlik məqsədilə KİV-lərdə haqlarında məlumat verilməyən, xüsusi qoruma altında tutulan nüvə mütəxəssislərinə qarşı zaman-zaman təxribatlar törədilir. Xüsusi xidmət orqanlarının bütün səylərinə baxmayaraq önəmli mütəxəssisləri terrordan qorumaq mümkün olmur. Təxminən iki ay öncə baş vermiş hadisəni xatırlayaq. Məxfi nüvə proqramı olduğu iddia edilən “AMAD” ( آماد ) layihəsinin rəhbəri və çox önəmli nüvə mütəxəssisi sayılan Mohsen Fəxrizadənin Tehranda nümayişkaranə surətdə gülləbaran edilməsi bunu bir daha təsdiqləyir. 27 noyabr 2020-ci ildə İranın nüvə proqramının rəhbəri Mohsen Fəxrizadə Məhabadinin (محسن فخریزاده مهابادی ) qətlə yetirilməsini İran rəsmiləri dövlət terroru olaraq qiymətləndirdilər. Bundan əvvəlki illərdə də (2007- 2014) İran atom mütəxəssislərinin bəziləri sui-qəsd qurbanı olmuşdular.
Məsələn, 11 yanvar 2012-ci ildə atom fizikası müəllimi Mustafa Əhmədi Rouşən ( مصطفی احمدی روشن), 23 iyul 2011-ci ildə nüvə fizikası alimi Dariuş Rezai Nejad ( داریوش رضایی نژاد), 29 noyabr 2010-cu ildə nüvə mütəxəssisi Məcid Şəhriyari (مجید شهریاری ), 12 yanvar 2012-ci ildə fizik Reza Qəşqayi Fərd, 12 yanvar 2010-cu ildə fizik Məsud Əlimuhəmmədi terror nəticəsində həyatlarını itirmişlər. Rəsmilər hadisə ilə bağlı təhdidkar fikirlər səsləndirsələr də, intiqam alacaqlarını söyləsələr də bütün bunların görkəmli alimlərə qarşı gerçəkləşdirilmiş qanlı cinayət aktlarından qəzəblənmiş ictimaiyyəti sakitləşdirmək məqsədi daşıdığı aydındır. İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xamnəi qətlə yetirilmiş fiziklərin əməyini yüksək qiymətləndirmiş, həlak olmuş alimlərin nəticə etibarilə ölkənin inkişafına böyük töhfə verdiklərini qeyd etmişdir: “Əgər ölkənin taleyi ilə bağlı olan elm adamı, öz istəyi ilə fədakarlıq etməyə hazırdırsa o ölkə inkişaf edəcəkdir ( Bax: https://farsi.khamenei.ir/speech-content?id=24908
اگر دانشمندِ علاقه مند به سرنوشت کشور، آمادهی فداکاری در این راه فداکاری به حسب خودش - در یک کشوری وجود داشت، آن کشور رشد میکند)
İran ictimaiyyəti ABŞ-da prezidenlik fəaliyyəti boyu İrana qarşı sərt tədbirlər görülməsinin tərəfdarı olmuş və bu istiqamətdə fəaliyyət göstərmiş sabiq prezident D. Trampın yerinə seçilmiş yeni prezident demokrat C. Baydenə ümidlə baxır. Məsələn, İranın birinci vitse-prezidenti Eshaq Cəhangirinin fikrinə görə, Tramp zamanındakı avantürist və aqressiv dönəm arxada qaldı. İran prezidentinin müşaviri Hüsaməddin Aşina isə D. Trampın məğlubiyyətini “o qorxaq gedənədək İran xalqı mərdanə şəkildə öz mövqeyini qorudu” şəklində ifadə etmişdir. C. Baydenin ABŞ prezidenti seçilməsi İran-ABŞ münasibətlərində, sözsüz ki, müəyyən müsbət dəyişikliklərə yol açacaqdır.
Barak Obama zamanında vitse-prezident olmuş C. Baydenin ABŞ-ın təkrar 2015-ci ildə 5+1 prinsipi ilə imzalanmış Ortaq geniş çalışma planı üzrə müqaviləyə qayıtmağa meylli olduğu sezilir. İran isə özünün regional siyasətində və ya nüvə proqramının gerçəkləşməsində güzəştə gedənə bənzəmir. Əksinə, o ümid edir ki, ABŞ İrana qarşı münasibətində müsbətə doğru dəyişiklik edəcək, 2018-ci ildə “bərcam” adlı nüvə sazişindən imtina etməklə, tətbiq etdiyi sanksiyalarla İrana vurduğu astronomik iqtisadi zərərin kompensasiyasını ödəyəcəkdir. Belə düşünmək olar ki, Tehran D.Trampın seçkidəki məğlubiyyətini İranın Amerikaya dirəniş siyasətinin doğruluğunun labüd nəticəsi olaraq görür.
Xatırladaq ki, 12 dekabr 2010-cu ildə İranın Ali Dini Rəhbəri nüvə, kimyəvi və bioloji silahların haram edilməsi ilə bağlı fətva vermişdir. O, 9 oktyabr 2019-cu ildə çoxsaylı tanınmış alimlərlə görüşündə nüvə silahı haqqında öz qəti fikrini bir daha bəyan etmişdir:
میتوانستیم بمب اتم بسازیم نساختیم چون حرام است -Atom bombası düzəldə bilərdik düzəltmədik, çünki haramdır. (Bax: https://per.euronews.com/2019/10/09/supreme-leader-ali-khamenei-iran-didn-t-make-nuclear-bomb-because-banned-by-sharia)
Bizim düşüncəmizə görə, ölkəyə tətbiq edilən müxtəlif sanksiyaların və bitmək bilməyən pandemiyanın nəticəsində tənəzzül edib bərbad vəziyyətə düşmüş iqtisadiyyat, sürətlə artan işsizlik, bahalıq və qıtlıq hakimiyyət dairələrini öz mövqelərində, siyasi baxışlarında ciddi dəyişikliklərə getməyə məcbur edəcək, İran, özünün elan etdiyi kimi, atom enerjisindən ancaq dinc məqsədlər üçün faydalanma yolunu tutacaqdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar