Xəbər lenti


Atlantico, Fransa
08.02.2021


Müəllif: Sebastyan Bussua
Bakıdan oraya uzun bir yol var. Bu, ölkənin bəlkə də ən uzun asfalt diaqonalıdır. Oraya yalnız polisin müşayiəti ilə getmək olar. Azərbaycan paytaxtından təxminən 350 kilometr məsafədə, ölkənin şərq hissəsinin cənub-qərb istiqamətində yerləşən və Qarabağın ən təcrid olunmuş şəhərlərindən biri sayılan Zəngilan 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatdan əvvəl – oktyabrın 20-də azad olunub.
10 noyabr bəyanatı bölgəni 27 il işğal altında saxlamış erməni qüvvələrinə qarşı 44 gün davam etmiş şiddətli döyüşlərdən sonra imzalanıb. Bununla da bölgə Azərbaycanın nəzarətinə keçib.

SSRİ-nin süqutundan sonra Ermənistan “böyük Ermənistan” ideyasına əsaslanan erməni millətçilərinin təhriki ilə Bakının tarixən özünə aid saydığı torpaqları işğal etmişdi. BMT-nin 4 qətnaməsi də daxil olmaqla, beynəlxalq hüquqda bu ərazilər Azərbaycana aid hesab olunur. Lakin illər idi bu sənədlərə məhəl qoyulmurdu. Təxminən 30 il idi ki, yüz minlərlə azərbaycanlı məcburi köçkün həyatı yaşayırdı.
Müharibə nəticəsində 800 min azərbaycanlı Qarabağ torpaqlarından didərgin düşmüş, əvəzində yüz minlərlə erməni həmin ərazilərdə məskunlaşmışdı.

Bakıda bu məcburi köçkünlərdən olan Rəsul-Aygün cütlüyü ilə görüşmüşük. Onların köçkün düşdükləri torpaqlara – Zəngilan rayonuna gedəcəyik. İndi bu cütlüyün bir istəyi var – Zəngilana qayıtmaq, orada yenidən ev tikmək, üzümçülüklə məşğul olmaq və… bu torpaqda ölmək.
Ailənin kiçik oğlu ötən qış bu torpaqlar uğrunda ermənilərə qarşı döyüşlərdə iştirak edib. Onun atası isə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və döyüşlərdə düz 3 dəfə yaralanıb. Zəngilan bu ailənin qanına hopub.

Azərbaycanın məşhur Ağdam, Cəbrayıl və bu kimi bir neçə şəhəri də Zəngilanla eyni taleyi yaşayıb. Onlar təxminən 30 ildir tərk edilmiş, dağıdılmış, viran qoyulmuş ərazilərdir. Ara-sıra ermənilərin yeni həyat qurmaq məqsədilə bəzi tikinti işləri apardıqları görünür. Amma buna da bütün şəhərlərdə rast gəlinmir. Məsələn, bir vaxtlar Azərbaycanın mədəniyyət mərkəzlərindən olmuş Ağdam işğaldan sonra tamamilə dağıdılıb. Ötən illər ərzində burada heç kim yaşamayıb. Ermənilər ətraf ərazilərdə tikinti işləri aparmaq üçün Ağdamdakı evlərin daşlarını da daşıyıblar. Üstəlik, onlar bütün ətrafı minalayıblar.

Zəngilanda mənzərə Ağdamdakı acınacaqlı durumdan bir qədər fərqlənir. Doğrudur, burada dağ silsiləsindən bir neçə kilometr aralıda yerləşmiş şəhərin yerində də Ağdamda olduğu kimi, “kabus şəhər” görürük. Lakin bu ərazilərdə işğal dövründə müəyyən qədər yaşayış olub. Görünən odur ki, burada ermənilər yaşayırmış.

Etiraf edək ki, buralar həqiqətən gözəl yerlərdir. Amma ətrafa nəzər saldıqda burada getmiş döyüşlərin şiddətini də hiss etmək olur. Əfrafda ermənilərin tikdiyi evlər, böyük düzənliklər, üzüm bağları, arxa planda isə İran sərhədi.

Buralara gələ bilmək üçün rayona giriş, eyni zamanda ətraf yollar minalardan təmizlənib. İki ay ərzində bu istiqamətdə xeyli iş görülüb. İndi əsgərlər növbəti mərhələ üçün hazırlıq görür.
Bəzi evlərə girdikdə ermənilərin burada ov tüfəngləri ilə də döyüşdüklərini açıq-aydın hiss olunur. Evlərdə şəkillər, məktəb üçün kitab-dəftərlər qalmaqdadır. Hər iki tərəf üçün dəhşətli mənzərədir. Xüsusilə burada doğulmuş gənc nəsillər üçün…

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir. Onilliklərdən sonra bu rayon tarixi Naxçıvan bölgəsini ölkənin qalan hissəsi ilə quru yolu ilə birləşdirəcək dəhlizin başlanğıc nöqtəsi olacaq. Qeyd edək ki, ölkə başçısı Əliyev əslən Naxçıvandandır.
Naxçıvanın ölkə üçün əhəmiyyəti böyükdür. Ermənistan, Türkiyə və İranla həmsərhəd olan Naxçıvan özündə bir neçə mədəniyyəti birləşdirir. Əfsanəyə görə, Nuhun gəmisi məhz burada dağa çırpılıb. Hazrda həmin ərazi turizm zonasıdır.

Bu gün ərazisi 5500 kvadrat kilometr, əhalisi 400 min nəfər olan bu kiçik anklava Bakıdan yalnız təyyarə ilə gəlmək mümkündür. Zəngilanın işğaldan azad olunması ilə, nəhayət, yerüstü kommunikasiyalar da bərpa edilməlidir. Amma bu da son deyil. Zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan tarixi İpək Yolunun üzərində, əsrlər boyu çoxsaylı imperiyaların maraqlarının kəsişdiyi məkanda yerləşir. İpək Yolu isə heç də keçmişdə qalmayıb. İndi o, çinlilər tərəfindən bərpa edilir. Çini Avropa ilə birləşdirəcək yol bu ölkədən də keçəcək. Hər halda, Pekin yüksəlişini davam etdirmək əzmindədir və bu baxımdan onun böyük planları var. Tarixi İpək Yolunun pərpası da bu planlara daxildir.
Artıq Rusiya, Azərbaycan və Ermənistanı birləşdirəcək dəmir yolunun tikintisi ilə bağlı da danışıqlar gedir. Bir sözlə, artıq bütün planlar masa üzərindədir və onun həyata keçirilməsi potensialı kifayət qədər yüksəkdir.

Amma ilk növbədə, məcburi köçkünlər bu ərazilərə qaytarılmalıdır. Onların çoxu doğma yurda qayıtmağı səbirsizliklə gözləyir. Növbəti onilliklərdə nəzərdə tutulmuş layihələrin uğurunun bir hissəsi məhz bu insanlar olacaq.
(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Atlantico


Ana səhifəyə qayıt        Baxış: 4 082          Tarix: 8-02-2021, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma