Xəbər lenti


AgoraVox, Fransa
02.03.2021


Müəllif: Alən Rumestan
Çoxları üçün Xocalı qətliamı hələ də qaranlıq səhifə olaraq qalır. Yalnız geniş məlumatı olanlar bilir ki, Xocalı hadisələri Fransada nasistlər tərəfindən törədilmiş Oradur-sür Qlan qırğınına bərabər faciədir.

Xocalı Azərbaycanda 1992-ci il Qarabağ müharibəsi zamanı müharibə cinayətlərinin törədildiyi yaşayış məntəqəsidir. Xocalı Ağdam-Şuşa-Xankəndi-Əsgəran yolunun üzərində yerləşir.

Hər il olduğu kimi, bu il də fevralın 26-da Xocalı qurbanlarının xatirəsi bütün Azərbaycan xalqı tərəfindən hörmətlə anılıb. Bununla da xalq onların unudulmadığını, bu milli yaranın köhnəlmədiyini göstərir. Bununla yanaşı, qətliamın günahkarlarının cəzalandırılması tələbi də səngimir.
Ermənistanla Azərbaycan arasındakı 2020-ci ilin sonunda baş vermis yeni müharibə noyabrın 10-da atəşkəs bəyannaməsinin imzalanması ilə başa çatıb. Nəticədə Ermənistan Azərbaycanın beynəlxalq hüquq tərəfindən də tanınan işağal olunmuş ərazilərini geri qaytarıb. Bundan sonra bölgəyə Rusiya sülhməramlı qüvvələri yerləşdirilib, atəşkəsə nəzarət olunması üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə BMT-nin baş katibi Antonio Quterreşin görüşündən sonra isə Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağda humanitar problemlərin həllində iştirakına qərar verilib.

Beləliklə, iki ölkə arasındakı zərərli qarşıdurmaya birdəfəlik son qoyulub.
Tarixi gerçəkliklərlə maraqlanan tarixçilər Xocalı qətliamı vaxtı hadisə yerində olmuş Qərb jurnalistlərinin və fotoqraflarının, həmçinin qırğından sağ çıxa bilmiş insananların ifadələrinə əsaslana bilərlər.

Ermənistan ilə Azərbaycan arasında münaqişə hərbi mərhələyə Sovet İttifaqının süqutu ilə yaranmış qeyri-sabitlik nəticəsində 1991-ci ilin sonu, 1992-ci əvvəllərində qədəm qoymuşdu. O zaman millətçi qruplar və keçmiş Sovet İttifaqı silahlı qüvvələrinin alayı tərəfindən dəstəklənən Ermənistan Dağlıq Qarabağda döyüş əməliyyatları apararaq, ermənilərlə azərbaycanlıların yanaşı yaşadıqları Azərbaycan bölgəsinə iddia etməyə başlamışdı. Bir müddət sonra Ermənistan silahlı qüvvələri Xocalının ətrafındakı yaşayış məntəqələrini bombalamağa başlamışdı. Məsələ ondadır ki, bölgənin yeganə hava limanı Xocalıda idi və bu üzdən o, ölkədaxili nəqliyyat və kommunikasiya əlaqələri üçün vacib strateji əhəmiyyət daşıyırdı.

Ermənistanı tərk etməyə məcbur olmuş azərbaycanlı qaçqınlar da bu rayonda məskunlaşmışdılar.
1992-ci il fevralın 25-də – qışın şaxtalı vaxtında Xocalının (əhalisi 7 min nəfər) ölkənin digər hissəsi ilə əlaqəsi tam kəsilmişdi. Artıq insanlar oranı dağlar vasitəsilə tərk etməyə çalışırdılar. Lakin fevralın 26-na keçən gecə Xocalıya hücum başlayıb. Bu zaman dağ yolları ilə qaçmağa çalışan dinc sakinlər də güllələnib. Erməni silahlı qüvvələri şəhərdəki evləri mühasirəyə alıb, dağıdıb, canını qurtarmaq istəyən sakinləri qətlə yetirib.

Həmin gecə 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, ümumilikdə 613 mülki şəxs amansızlıqla qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Onlardan 150-nin taleyi hələ də məlum deyil.

Xocalı bir gecədə tamamilə darmadağın edilib. Məhkəmə ekspertizaları, yerində toplanmış çoxsaylı şahid ifadələri cəsədlər üzərində amansız işgəncə izlərinin olduğunu təsdiqləyib. Ermənilərin milli qəhrəmanı Monte Melkonyan sonradan Xocalının onlar üçün strateji hədəf, şəhərdə törədilənlərinsə intiqam aktı olduğunu etiraf edib.

Azərbaycan tərəfinin 2008-ci ilin mayında start verdiyi “Xocalıya ədalət!” kampaniyasının məqsədi törədilmiş bu cinayətlərin cəzasız qalmaması, eyni zamanda, belə dəhşətli hadisələrin bir daha təkrarlanmamasıdır. Bunun üçün isə beynəlxalq ictimaiyyəti bu faciə haqqında məlumatlandırmaq vacibdir.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Xocalıda törədilmiş qətliamın müharibə cinayətləri və insanlıq əleyhinə cinayət olduğunu 2010-cu ildə bəyan edib. 2012-ci ildə isə Avropa Şurası Parlament Assambleyası dünyanı Xocalı soyqırımını qınamağa çağırılıb. Amma nəticə yoxdur. Yəni o vaxtdan uzun zaman keçməsinə baxmayaraq, Fransa və Avropa siyasətçiləri Ermənistan-Azərbaycan münaqişəsinin ən qanlı səhifəsi olan bu faciə ilə bağlı hələ də konkret fikir bildirmirlər. Halbuki, tarixi gerçəkliyi etiraf etmək dərin yaraların sağalmasına, iki ölkənin qanlı keçmişi unudaraq gələcəyə baxmasına imkan yarada bilər.
Etnik şovinizm, milli dözümsüzlük, təcavüz, nifrət və qarşıdurma siyasəti, terror və barbarlıq aktları çoxsaylı beynəlxalq qurumlar tərəfindən pislənilib. Qoy, dinc yaşamaq hüququ, təhlükəsizlik hüququ, xoşbəxtlik hüququ daim qalib gəlsin.
Qoy, bir də Xocalı olmasın...

(Fransız dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: AgoraVox


Ana səhifəyə qayıt        Baxış: 3 594          Tarix: 2-03-2021, 17:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma