Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan gələn ayın 7-8-də Almaniyada keçiriləcək G-20 sammitində cangündənsiz təmsil oluna bilər.
Ovqat.com alman mətbuatına istinadən xəbər verir ki, bunun səbəbi Almaniya hökumətinin Ərdoğanın qorumalarını bu ölkəyə gətirməsinə izn verməməsidir.
"Die Welt” qəzetinin bildirdiyinə görə, rəsmi Berlin bu qərarı həmin qorumaların 16 apreldə Vaşinqtondakı Türkiyə səfirliyi önündə baş verən davaya qoşulduqlarını əsas gətirərək qəbul edib. Ölkənin Xarici İşlər Nazirliyi də məlumatı təsdiqləyib.
Bildirilir ki, R. C. Ərdoğan sammitdə cangüdənləriylə birlikdə təmsil olunmaq istəyiylə Almaniyaya müraciət edib. Müraciət Federal Məclisin Daxili İşlər Komissiyasının gizli iclasında xeyli müzakirə olunsa da, Ankaraya rədd cavabı verilib.
Almaniyanın Federal Kriminal Dairəsi (BKA) qorumaların ABD-də olduğu kimi, hər hansı davaya qoşulmasına icazə verilməyəcəyi vurğulayaraq, diplomatik missiya daşıyan cangüdənlərin vəzifəsini xatırladıb. Qurumun adı açıqlanmayan bir yetkilisinin fikrincə, xarici qorumaların yalnız özlərinə hücum olacağı təqdirdə, qovğalara qarışmaq hüququ var. Asayişin qorunması isə birbaşa polisin səlahiyyətlərinə daxildir.
G-20-nin növbəti sammitinin keçiriləcəyi Hamburqun polis təşkilatının sözçüsü Ulf Wundrack da bir gün əvvəl məsələylə bağlı açıqlamasında eyni arqumentlə çıxış edərək deyib:
“Vaşinqtondakı kimi Türkiyə prezidentinin qorumalarının nümayişçilərə müdaxilə etmə səhnələri Hamburqda yaşana bilməz. Belə bir şey olarsa, polislər dövrəyə girər”.
Hamburq Təhlükəsizlik idarəsinin müdiri Ralf Martin də xarici heyətlərin təhlükəsizlik qüvvələrinin qətiyyən polis səlahiyyətlərə sahib olmadığını xatırladıb:
'Yalnız təcili yardım vəziyyətlərində təhlükəsizlik işçiləri dövrəyə girə bilərlər”.
Paylaş: