“Məsum Zəhra balamızın qətliylə bağlı ailəsinin dərdini bölüşür və Azərbaycan iqtidarını dünya güclərinin təhdidindən qorxmamağa, ATƏT-in Minsk qrupunun vasitəçiliyinindən imtina etməyə çağırırıq”.
Ovqat.com xəbər verir ki, bunu Ədalət partiyasının sədr müavini Etimad İsmayılov əməkdaşımızla söhbətində bildirib.
Bir neçə gün öncə Füzuli rayonunun Alxanlı kəndində erməni təxribatına qurban gedən ikiyaşlı Quliyeva Zəhra Elnur qızının faciəvi ölümünü şərh edən partiya yetkilisinin fikrincə, Azərbaycan hakimiyyəti BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrini əsas götürərək, bütün cəbhə boyu hərbi əməliyyatlara başlamalıdır. “Bunun üçün isə 1000 nəfərdən ibarət snayperçi savaşına əmr verilməlidir”.
Etimad İsmayılovun fikrincə, uzun illərdən bəri onsuz da Azərbaycan xalqının milli maraqlarına barmaqarası baxan və qərarları tövsiyyə xarakteri daşıyan ATƏT və buna bənzər beynəlxalq qurumlara üz tutub şikayətlənmək ölkəmizin nə hərbi qüdrətinə, nə tarixi keçmişinə, nə də suveren hüquqlarının pozulmasına yaraşır: “Döyüş hədəflərində uşaq-qadın tanımayan, məsum körpələrimizi öldürməkdən və Allahdan qorxmayan erməni qəsbkarları layiqli cavablarını almalıdırlar. Ötən ilin aprel ayındakı hərbi əməliyyatlar zamanı xalqımızın göstərdiyi dəyanət də artıq bunun bir sosial sifariş olduğunu təsdiqləyir. Ölkə rəhbərliyi açıq şəkildə xalq tərəfindən ortaya qoyulan mesajları düşgün oxumalı, öz xalqının əzminə güvənərək, beynəlxalq hüquqa görə haqqımız olan torpaqlarımızın işğaldan azad edilməsi prinsipini əldə rəhbər tutmalı və lazımi addımlar atmalıdır. Biz Ədalət partiyası kimi, xalqımızın şərəf və ləyaqət məsələsi olan bu qərarın həyata keçirilməsində hər zaman torpaq bütünlüyümüz uğrunda mübarizə aparan istənilən tərəfi dəstəkləməyə hazırıq”.
Paylaş: