Xəbər lenti
Dünən, 19:25

Əl-Anbat, İordaniya
06.01.2022


Müəllif: Məhəmməd Corc Şərayihə əl-Xuri ata
Ərəb xalqının, eləcə də iordaniyalıların əksəriyyəti bəlkə də bilmir ki, qardaş Azərbaycan Respublikasında xristianlarla müsəlmanların dini həyatı paralel çiçəklənir.

Azərbaycanda müxtəlif konfessiyalara və millətlərə aid çoxlu sayda yeni, qədim və tarixi kilsə, o cümlədən Alban apostol və erməni, ortodoks, katolik, anqlikan kilsələri var. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin vətəni Azərbaycanda dinlərarası və sivilizasiyalararası dialoq sahəsində başlatdığı və dəstəklədiyi böyük fəaliyyətin nəticəsidir. O, buna vaxtilə Prezident Heydər Əliyev tərəfindən təklif edilmiş tədbirlər, konfranslar çərçivəsində fəaliyyət göstərməklə nail olub. Bütün möminlərin rahatlığı üçün ölkədə belə konfranslar və görüşlər bu gün də davam etdirilir və dəstəklənir.

Qafqazın strateji mərkəzi olan Azərbaycanda xristianlar Milad və Yeni il bayramlarını müxtəlif Şərq və Qərb təqvimlərinə uyğun olaraq qeyd edirlər. Üstəlik, Azərbaycanda onların bu sevincinə müsəlman qardaşları da şərik olurlar. Axı onların hamısı Yerdə və Göydə Tanrının övladlarıdırlar.

Azərbaycanda dövlət kilsələri təmir edir, dini mövzulu ikonaları və başqa dini inciləri xaricə göndərərək təmir elətdirir, lazım gəldikdə bu işə xarici mütəxəssisləri də cəlb edir.

Azərbaycan KİV-i, o cümlədən istər Azərbaycan, istərsə də rus dilində yayımlanan yerli telekanallar belə bayram günlərində hər zaman müxtəlif din xadimlərinin bəyanatlarını yayımlayır, onları müzakirələrə dəvət edir. Belə verilişlərə qatılan qonaqlar Azərbaycanda xristianların vəziyyətindən danışır, dünyanın başqa yerlərində yaşayan xristianları azərbaycanlı qardaşlarının dini bayramlarına və tədbirlərinə şərik olmağa, daha da yaxınlaşmağa və ikitərəfli əlaqələr qurmağa çağırır. Onlar istəyirlər ki, bu əlaqələr xalqların bir-birinə daha da yaxınlaşmasına, bir-birini daha dərindən anlamasına imkan yaratsın, insanlar müharibələrdən və iyrənc münaqişələrdən uzaq olsun, bəşər övladları arasında sülh və əmin-amanlıq, qarşılıqlı anlaşma və harmoniya hökm sürsün.

Mətbuatda dinlərarası dialoqla bağlı vaxtaşırı çıxışlar edən bir din xadimi kimi deyə bilərəm ki, Azərbaycanda hökm sürən tolerantlıq atmosferi, habelə dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının qorunması diqqətimi cəlb edib. Ümidvaram ki, tezliklə bu ölkəyə səfər edərək dinlər arasında etimad və tolerantlığa şəxsən şahid olacağam. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında ölkədəsindəki xristianlar və xristianlıq məbədləri haqqında dedikləri məndə böyük təəssürat yaradıb. “Azərbaycandakı bütün məbədlər bizim tarixi sərvətimizdir. Biz hər il Bakıda Bakı Humanitar Forumu və Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin dini liderlərin və fəalların iştirakı ilə sammitlər keçiririk, eyni zamanda, UNESCO ilə sıx əməkdaşlıq edirik”, - deyə o, bildirib.

İndi Azərbaycanın dövlət başçısı UNESCO-nun nümayəndə heyətini 30 ilə yaxın işğal altında olmuş ərazilərində dağıdılmış kilsələrin bərpası prosesi ilə tanış olması üçün Azərbaycana dəvət edir. Mən dövlət agentliyi AZƏRTAC-ın saytında Roma Papası Zati-müqəddəsləri Fransiskin Bakıya səfəri zamanı Azərbaycanda dini dözümlülük, tolerantlıq və mədəni plüralizm sahəsində qazanılmış nailiyyətlərlə bağlı fikirlərini oxudum. Bundan başqa, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill də Bakıya səfəri zamanı Azərbaycanda kilsələrlə bağlı görülən işləri yüksək qiymətləndirib.

Bütün bu işlər Prezident İlham Əliyevi sövq edir ki, dini liderlərin Azərbaycana səfərini, burada konfranslar keçirilməsini daim diqqətdə saxlasın. Biz də Azərbaycana gedib bu xalqla görüşmək, onun dindarları ilə tanış olmaq istəyirik.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Əl-Anbat


Ana səhifəyə qayıt        Baxış: 4 405          Tarix: 6-01-2022, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma