Vergi yükünün ağırlaşdırılması həqiqi mənbələrin və ehtiyatların izafi istifadəsi effektini yaradır. Ən böyük klassik iqtisadçılar rentanı izafi dəyərin yeganə mənbəyi hesab etmişlər. Bizim dövrümüzdə bu sahə daşınmaz əmlakın icarəyə verilməsindən icarə haqlarından əldə olunan gəlirin yaranmasını xarakterizə edir.
Qeyd edək ki, sənaye inqilabları dövründə vergi yükünün istehsalçılara (sənayeçilər) münasibətdə yüngülləşdirilməsi əsas məsələ kimi ortaya qoyulmuşdu. Çünki ictimai məhsulun yaranmasında birbaşa iştirak edənlər onlardır. Son günlər Vergilər Nazirliyinin pərakəndə ticarət obyektlərində mal qalığının Vergi Məcəlləsinin 58.8.2. maddəsinin tətbiqi ilə bağlı yoxlamalarına start verməsi müddəanın əlaqəli tələblərinin sadələşdirilmiş vergi ödəyicilərinə münasibətdə tətbiqini anlaşılmaz vəziyyətə gətirir.
Bu müddəanın əlaqəli dispozitiv elementləri, müvafiq hərəkətlərə görə sadələşdirilmiş vergi ödəyicilərinə münasibətdə sanksiyalaşdırılması 2018-ci ilin yanvarından nəzərdə tutulur. Lakin sadələşdirilmiş hesabat formasına 2 saylı əlavənin qoşulması, həmin əlavədə aktiv və öhdəliklərin hərəkəti üzrə dövri hadisələrin kəmiyyətcə ifadəsinin təsviri uçotun qurulması üçün qismən prosedur mənbə yaratmışdır.
Çox təəssüflər olsun ki, vergi orqanı iqtisadiyyatı yalnız bir tərəfli analiz edə bilir. Bu da yalnız vergi yığımları və inzibatçılıqdan ibarətdir.
İqtisadi durğunluğun tüğyan etdiyi bir dövrdə, nağdsız hesablaşmaların ağır və normatanımayan yükü onsuz da iqtisadi subyektlərin vəziyyətini ağırlaşdırmışdır . Sahibkarlar sərəncamçısı olduğu hesablardan pul vəsaitlərinin nağdlaşdırılmasında belə kameral vergi yoxlamaları ilə hədəfə alındığı bir dövrdə mal qalığına görə maliyyə sanksiyalarının tətbiqi çox ciddi problemlər yaradacaq. Mən 31 mart "Şəffaflıq Azərbaycan" (Transparency International – Azerbaijan ) İB –nin təşəbbüsü ilə Vergilər və Maliyyə nazirliklərinin, , Hesablama, Auditorlar və Maliyyə Bazarlarına Nəzarət palatalarının, bir sıra bank, maliyyə institutları və kommersiya təşkilatlarının iştirakı ilə nağdsız hesablaşmalar və Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklə bağlı geniş müzakirə tədbirində də qeyd etmişdim ki, biz sahibkarlığın üzərinə qoyulan yükün ağırlığını nəzərə almasaq, ölkəni tərk edən sahibkarların sayı daha da artacaq. İndi isə yeni vergi həyəcanı dalğası daha ağır nəticələr vəd etdiyini deyirəm. İndiki vəziyyətin sosial partlayışa getdiyi gün kimi aydın görünür.
Əgər mövcud mənzərəni obrazlı şəkildə izah etsək, bu sahibkarın burnunu və ağzını tutaraq bir nəfəs daxilə, iki nəfəs isə xaricə çıxarmasını nizamlamağa bənzəyir. Bir nəfəs içəri çəkən, iki nəfəs çölə buraxan sahibkarın ağ ciyərlərinin hava tutumundakı ölçüsü hər tənəffüs anında iki dəfə kiçilir və tezliklə boğulur. Yəni aktivlik olmadığı üçün subyektin maddi aktivləri, kapital və pul ehtiyyatları tükənərək iflas həddinə düşür.
Real sektor məhv olan kimi , bankların da qalıb-qalmaması sual doğuracaq. Əgər belə davam etsə iqtisadi subyektlərin ( sahibkarların) maksimum davamiyyəti üç ay çəkə biləcək. Sonra isə müvafiq qurumların nə etdiklərini fikirləşməsi çox gec olacaq.
Yox, əgər həqiqətən də şəffaflıq yaratmaq istəyiriksə, bunun mükəmməl yolu var. Heç vaxt şəffaflıq inzibatçılıqla yaradıla bilməz. Bunun üçün şəffaflığın stimullaşdırılması yolu ilə mükəmməl uçot siyasəti tətbiq olunmalıdır. İlk öncə isə vergitutmanın strategiyasına yenidən baxılmalıdır.
Mənə elə gəlir ki, həyəcan təbilinin çalınması üçün çox ciddi əsaslar var. Bunu hakimiyyət orqanları düzgün təhlil etməli və monetarizmin şablon prinsiplərini vergi yükünün sərtləşdirliməsi ilə paralel tətbiqini dayandırmalıdır. Bunun üçün çox fikirləşmək lazım deyil. Sadəcə ABŞ-ın D. Reyqan və Böyük Britaniyanın Tetçer hakimiyyəti dövründə hiperinflyasiyanın qarşısının alınması üçün (Fredmen konsepsiyası) monetarizmin sərtləşdirilməsinin vergilər yolu ilə necə kompensasiya edilməsinə nəzər salmaq kifayətdir. Bu konsepsiya aşağıdakı şərtləri təklif edir.
1. Tədavüldə pulun kəmiyyət dövriyyəsinin tsiklik rədd olunması: Dövlət tərəfindən pul kütləsinin həcminə ciddi nəzarət edilməsi və onun il ərzində 3-5% artımından çox olmaması,
2. Yüksək bank faizinin tətbiq olunması,
3. Əmək haqqı artımının qarşısının alınması: Əmək haqqının aşağı düşməsi halında belə, məşğulluğun yüksək səviyyəsinin saxlanılmasına səy göstərmək,
4. Dövlət büdcəsinin xərclərini azaltmaq.
1-ci tezisin tətbiqi məlumdur. Pulun tədavüldə olan kütləsinin 3-5 faiz illik limit həddə artımının məhdudlaşdırılması aktivliyin dayanmış vəziyyətdə olmasını şərtləndirir. Əl-əlxüsus da bir neçə qrup tərəfindən mənimsənildiyi halda .
2-ci tezis uzun müddətdir ki reallaşdırılır. Bank faizlərinin yüksək həddi real sektorun bank xidmətlərindən yararlanmasına şərait yaratmır.
3- cü tezis son dövrlərdə iş yerlərində peşəkarlıq dərəcələrinin aşağı salınması ilə əməkhaqlarının azaldılması geniş müşahidə olunur. Buna ARDNŞ-ni misal çəkmək olar. İş yerlərinin artırılması isə göründüyü kimi, səy xarakteri daşıyır, ona görə də davamlı deyil və xüsusi nəticə hasil olunmur.
4-cü isə ən çox lazım olan məsələdir. Dövlət büdcəsi xərcləri , sosialyönümlü layihələrin məhdulaşdırılması, xüsusilə tikinti sektoruna ayırmalar 70 faiz azaldılmalıdır.
Lakin bu prinsiplərin həyata keçirilməsi ilə paralel vergi güzəştləri tətbiq olunmalıdır. Yəni aktivlik azalırsa,yığım artırıla bilməz. Bunlar olduqca zidiyyətli məsələlərdir və yuxarıdakı anormal nəfəs effektini yaradır.
İndi isə mal qalığı kimi əsaslandırılan yoxlama üçün əsas yaradan müddəanın məzmununa diqqət yetirək.
Maddə 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – “alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında”;
Məlumdur ki, belə bir qanunun qüvvəyə minməsi, sahibkarların sahibliyində olan malların, məhsulların məhv edilməsi və yenidən sənədlə alınmasını şərtləndirə bilməz.
Ümumiyyətlə, bu maddənin tətbiq mexanizmi çox qaranlıqdır. Belə ki, sahibkarın qanun qüvvəyə minənədək aldığı malları necə sənədləşdirə biləcəyi də məlum deyil. Yəni keçmişdə aldığı mallara necə sənəd ala bilər? Buradan belə nəticə hasil olur ki, vergi orqanı istədiyi vaxt ardıcıl şəkildə sahibkara əvvəlcə aldığı mallara görə 10 faiz, 20 faiz və 40 faiz maliyyə sanksiyaları tətbiq edə bilər. Çünki bu məsələni tənzimləyən heç bir norma yoxdur. Deməli, müddəa natamamdır və müvafiq əlavəyə ehtiyac var.
Digər tərəfdən isə bu müddəanın tələbləri sadələşdirilmiş vergi ödəyicilərinə tətbiq edilməməlidir. Mahiyyəti üzrə tələblər dərc olunmuş şərhdə sadələşdirilmiş vergi ödəyiciləri üçün 01 yanvar 2018 –ci il tarixdən qüvvəyə minir. Hansı ki, buna sahibkarlıq subyektlərində yoxlamalara nəzarət edən qurum kimi Ədliyyə Nazirliyi də diqqət yönəltməlidir. Əgər Ədliyyə Nazirliyi yoxlamanın səbəbini araşdırmırsa, onda nəzarətin və qeydiyyatın aparılmasının faydası nədir ?
Mənim təklifim isə bu günün Azərbaycan reallığı üçün ən mükəmməl yoldur. Sonra çox gec olacaq !
Paylaş: