İran prezidenti İbrahim Rəisi İsrailə səfər edən ABŞ-lı həmkarı Co Baydenin Vaşinqton və Təl-Əviv arasında bağlanan Təhlükəsizlik Bəyannaməsini imzalamasından sonra ABŞ və müttəfiqlərini Yaxın Şərqdə sabitliyinə zərər vurmamaq barədə xəbərdarlıq edib.
Ovqat.com-un “Reuters”ə istinadən verdiyi məlumata görə, Rəisi həmkarına dünən (cümə axşamı) Kirmanşah əyalətindən bu mesajı ünvanlayıb.
"Böyük İran xalqı bölgədə heç bir böhran və ya etibarsızlığı qəbul etməyəcək. Vaşinqton və müttəfiqləri bilməlidirlər ki, istənilən səhv onların peşmançılıqlarına səbəb olacaq sərt cavabla qarşılaşacaq”, - Rəisi açıqlamasında bildirib.
Qeyd edək ki, bu, mühafizəkar qanadın təmsilçisi olan İran prezidentinin Co Baydenin regiona səfəri ilə bağlı ikinci bəyanatıdır. Rəisi bir gün əvvəl (çərşənbə günü) verdiyi açıqlamada Baydenin səfərinin İsrailin təhlükəsizliyini təmin etməyəcəyini bildirmişdi.
Rəisinin narahatlığına gəlincə, İsrail İranla böyük dövlətlər arasında nüvə sazişinin imzalanması səylərinə şiddətlə qarşı çıxır. Tehran həmçinin, İsraili İrandakı strateji obyektlərə qarşı təxribat aksiyalarında və alimlərin qətlində əli olmaqda ittiham edir. İran Xarici İşlər Nazirliyi bir müddət əvvəlki bəyanatında ABŞ-ı regional müttəfiqlərinə hava hücumundan müdafiə sahəsində əməkdaşlığı gücləndirmək təklifinə sərt reaksiya vermişdi. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani çərşənbə günü həftəlik mətbuat konfransında demişdi ki, ABŞ-ın bölgədə hərbi ittifaqlar yaratması regional təhlükəsizliyi təmin etməyəcək.
“Xüsusilə bölgədən kənardan bir ölkənin nəzarətində hərbi strukturlar və qruplar yaratmaq siyasəti bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasına qətiyyən töhfə verməyəcək. Təhlükəsizlik alınmır və idxal edilmir. İnanırıq ki, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində ancaq bunda həqiqətən maraqlı olan region ölkələrinin birgə əməkdaşlığı ilə nail olmaq mümkündür”, - Kənani sözügedən mətbuat konfransında bildirmişdi.
Xatırladaq ki, Co Bayden İsrailə səfəri zamanı verdiyi zamanı verdiyi açıqlamada “İbrahim müqaviləsi” barədə danışmış və region dövlətlərini bu ideya ətrafında birləşməyə çağırmışdı. “Tövrat”ın 7 prinsipindən biri olan “İbrahim əhdi”ndə əsasən 3 hədəf nəzərdə tutulur:
1- Vəd edilmiş Kənan torpağına qayıdış;
2- İbrahimin nəsli ilə əhd-peymanı saxlamaq;
3- Yer üzündəki bütün millətlərə xeyir-dua vermə.
Göründüyü kimi, “Tövrat” Kənan torpağına qayıdışı əmr etdiyi kimi, İbrahim nəslindən olanlarla da əhd-peyman bağlamağı, mehriban münasibətlər qurmağın vacibliyini vurğulayır. Kənan torpağı Anadolu yarımadasının bir hissəsindən – Dəclə, Fərat çayından başlayaraq həmin çayların keçdiyi İraq və Suriyanın tamamını, İranın qərb bölgəsini əhatə edir. İbrahim oğulları deyiləndə isə yəhudilər və ərəblər nəzərdə tutulur. Çünki dini inanışa görə, ərəblər İbrahim peyğəmbərin Həcərdən olan oğlu İsmayıldan, yəhudilər isə onun Sara adlı xanımından dünyaya gələn İshaqdan törəmişlər.
ABŞ-ın “İbrahim müqaviləsi” prinsipi bu mənada ərəb ölkələri ilə İsraili barışdıraraq İrana qarşı birgə fəaliyyət göstərmələrini hədəfləyir. İran isə istər antisemitist çıxışları ilə, istərsə də şiə ideologiyasını yaymaq və “şiə hilalı” strategiyası ilə hər iki tərəfin yaxınlaşmasına kifayət qədər zəmin hazırlayır.
Ovqat.com
Paylaş: