Macarıstanın baş naziri Viktor Orban həftəsonu çıxışında Qərbi Avropa ölkələrini Avropa və qeyri-Avropa əhalisini “qarışdırmaqda” ittiham edib.
Ovqat.com xəbər verir ki, macar lider bu sözləri Rumıniyanın Tusvanyos Yay Universitetində çıxışı zamanı söyləyib.
"Qərbin ikiyə bölündüyünü" iddia edən Viktor Orban avropalılarla qeyri-avropalıların qarışdığı ölkələrin artıq "millət olmaq” xüsusiyyətini itirdiyini bildirib.
"Biz [Macarlar] qarışıq irq deyilik və qarışıq irq olmaq istəmirik", - Orban belə deyib.
Orban Avropanın “metisləşdirilməsi”ndə macar əsilli ABŞ milyarderi Corc Sorosu günahlandırıb. Onun fikrincə, Corc Soros və Qərbi Avropa ölkələr “immiqrantları Mərkəzi Avropaya köçməyə məcbur etmək”lə qlobal metisləşdirmə siyasətini həyata keçirirlər.
Macar baş nazir çıxışının davamında Qərbin Ukraynaya hərbi dəstəyini də tənqid edib və Aİ-nin Rusiyaya qarşı sanksiyalarının nəticə vermədiyini bildirib.
“Müharibədən, immiqrasiyadan, gender dəliliyindən, qlobal minimum vergilərdən və iqtisadi durğunluqdan uzaq dursaq, Macarıstan uğurunu davam etdirə biləcək”, - Orban vurğulayıb.
Macarıstan Baş nazirinə cavab Rumıniyalı parlamentari Alin Mitutadan gəlib. "İrq və ya etnik mənsubiyyət haqqında danışmaq tamamilə uydurma və təhlükəlidir, xüsusən də Mərkəzi və Şərqi Avropa kimi qarışıq regionda. Orban da belələrindəndir", - Mituta bildirib.
Paylaş: