Xəbər lenti
Dünən, 19:25

 

Vladimir Tulin, 

riafan.ru (Rusiya)

 

Soros başa düşürdü ki, hansı şirkətlərin səhmlərinin bahalaşacağını, hansılarınkının dəyər itirəcəyini proqnozlaşdırmaq üçün qiymətli informasiyalara sahib yüksək ranqlı ABŞ yetkililərinə çıxış imkanı yaratmaq lazımdır. O şəxslər isə özləri ilə təmas qurulmasını qətiyyən istəmirdilər. Soros ABŞ Ticarət Nazirliyinin gizli hesabatından xəbər tutur. Həmin hesabatda ölkələrin kömür, neft və qaz idxalından asılılıq səviyyəsi bəlli olurdu. Bundan sonra Soros kömür, neft və qaz hasilatı üçün avadanlıq istehsal edən şirkətlərin səhmlərini satın alır və qısa bir zamanda böyük qazanc əldə edir.

1973-cü ilin oktyabrında Misir və Suriya İsrailə hücum edəndə “qiyamət günü” savaşı başlayır. Corc Soros öyrənir ki, ABŞ Müdafiə Nazirliyində çox böyük narahatlıq var. Narahatlıq bununla bağlı olur ki, ərəb dövlətlərinin silahlandığı sovet tankları və təyyarələri İsrailin silahlandığı ABŞ tank və təyyarələrindən əhəmiyyətli dərəcədə üstündür.

Soros Pentaqon üçün bu silahları istehsal edən Northrop, United Aircraft, Grumman və Lockheed şirkətlərinin səhmlərini alır. Və qərarında yanılmır. Bu şirkətlər Pentaqondan böyük sifariş alır və səhmlərinin qiymətləri yüksəlir.

1979-cu ildə Soros öz fondunun adını dəyişərək “Quantum” qoyur. Bir il sonra məlum olur ki, fond mövcud olduğu dövrdə fantastik həddə böyüyüb.

“Qiymətli Kağızlar Komissiyası bu cür uğurlu fəaliyyətə inana bilmirdi. Ona görə də məni cəzalandırmaq üçün mənasız axtarışlara baş vurmuşdu”, – Soros deyirdi.

Corc Soros heç vaxt real istehsalla məşğul olmayıb. Gördüyü iş səhm spekulyasiyaları idi. Daha sonra bura valyuta spekulyasiyaları da əlavə olundu.

22 sentyabr 1985-ci ildə Nyu-Yorkdakı “Plaza” otelində ABŞ, Fransa, Almaniya, Yaponiya və Böyük Britaniyanın maliyyə nazirlərinin görüşü keçirilir. Görüşün nəticələri Corc Sorosa məlum olur. O, bütün gecə yapon yeni alır və səhər məlum olur ki, Amerika öz valyutasını yapon yeninə qarşı 4,3% endirmək qərarı verib. Corc Soros bir gecədə 40 milyon dollar qazanır.

“Qara çərşənbə” adı altında tarixə düşən valyuta spekulyasiyası Corc Sorosu bütün dünyada məşhur edir. Almaniya Mərkəzi Bankının rəhbəri Helmut Şlezingerdən qabaqcadan özünə lazım olan məlumatı alan Soros 5 milyard ingilis funtu satın alır və 1982-ci ilin 15 sentyabrında onları 2,82 məzənnəsi ilə alman markına dəyişir. Nəticədə ertəsi gün Britaniya funtu alman markına qarşı dəyərdən düşməyə başlayır və Corc Soros köhnəlmiş ingilis valyutasını 2.548 mark qiymətinə geri alır.

Maliyyə ekspertlərinin fikrincə, Soros həmin vaxt bu yolla 1-1,5 milyard dollar pul qazanmışdı. Eyni zamanda İngiltərə funtu Amerika valyutasına nisbətdə 25% ucuzlaşdı ki, bu da ABŞ-a bir sıra problemlərini həll etmək imkanı yaratdı.

Corc Soros hər kəsə onun olduğu yerdə həmişə uğur və qələbənin olduğunu təlqin edirdi. Məsələn, 1981-ci ilin iyun ayında “Institutional Investor” jurnalına verdiyi müsahibədə bunları demişdi: “Mən özümə baxanda işinin öhdəsindən mükəmməl şəkildə gələn bir maşın görürəm”.

Lakin oliqarxın maliyyə fəaliyyətində xatırlamağı sevmədiyi uğursuzluqlar da olub. Məsələn, 1981-ci ildə onun “Quantum” fondu mənfəətsiz işlədi, investorların üçdə biri kapitalının yarısını alaraq onu tərk etdi. Səhmlərinin qiyməti 22,9% ucuzlaşdı.

Corc Sorosun ictimai fəaliyyətində uğursuzluqları daha çox olub. Biznesdəki uğurları əsasən yüksək vəzifəli dövlət məmurlarından alınan məlumatlara əsaslanırdı. Bunu sübut edən sənədlər də var. Məsələn, 2002-ci ildə Paris məhkəməsi Sorosu “Societe Generale” bankının səhmlərinin alınması və sonradan yenidən satılmasında insayder məlumatlardan istifadədə təqsirli bildi və ona 2.9 milyon dollar cərimə kəsdi.

Halbuki ABŞ hakimiyyət nümayəndələri Corc Sorosa bu məlumatı səbəbsiz yerə verməmişdilər. Bunun müqabilində oliqarx Şərqi Avropada sosializmə qarşı mübarizə aparanlara maddi dəstək verirdi. Əlbəttə ki, Birləşmiş Ştatlar onlara birbaşa və ya gizli pul ödəyə bilərdi. Amma bunun üstü açılsaydı, hamıya aydın olardı ki, azadlıq və demokratiya uğrunda mübarizə aparanlar əslində amerikalı muzdlular və kuklalardır.

Lex Valensa

Bolqarıstan Böyük Millət Məclisinin keçmiş deputatı Rumen Vodeniçarov, “Nova Zarya” nəşrində dərc olunan araşdırmasında iddia edirdi ki, Corc Soros 1979-cu ildən bəri aktivist Lex Valensanın rəhbərlik etdiyi Polşa Həmrəylik İttifaqına hər il 3 milyon dollar ödəyib.

Soros eyni zamanda, Lex Valensanın əsas siyasi düşməni, sosialist Polşasının başçısı general Voytsex Yaruzelski ilə də yaxşı münasibətlər qurub. General da öz növbəsində “Soros”a ölkədə vətəndaş cəmiyyətini dəstəkləyən «Stefan Batoriy» fondunu qurmağa icazə verib.

2017-ci ilin may ayında Polşa hökuməti Sorosu mövcud iqtidarı 2020-ci ilədək uzaqlaşdırmaq üçün Parlament Demokratiyasının Genişləndirilməsi” adı altında 31,7 milyon xərcləməkdə ittiham etdi.

1984-cü ildə Corc Soros Macarıstana səfər edir. Orada Macarıstan Sosialist Fəhlə Partiyasının Siyasi Bürosunun iki üzvünün – beynəlxalq münasibətlərə cavabdeh olan Ferents Bartın və həmyerlisi Derd Açelin dəstəyini almağı bacarır. Onların köməyi ilə Soros Macarıstan elminə dəstək verən fond açır.

Lakin tezliklə məyusedici vəziyyət yaranır. Soros fonda vəd etdiyindən xeyli az sərmayə qoyur və bunu Macarıstan rəhbərliyinin istədiyi kimi, Qərbdən elm sahəsinə aid avadanlıqların alınmasına deyil, orada bacarıqlı macar gənclərin yetişdirilməsinə xərcləyir.

Macar gənclər oradan bazar iqtisadiyyatı və demokratiyanın qatı tərəfdarları olaraq qayıdırdılar. Bundan əlavə, Sorosun fondu istedadlı macar alimləri ABŞ-da işləməyə cəlb etməklə məşğul idi. Fondun bağlanması gündəmə gələn kimi Macarıstanda demokratik dəyişiklik tələb edən nümayişlər başladı. Nümayişlərin əsas iştirakçıları isə fondun keçmiş təqaüdçüləri idi.

Maraqlıdır ki, Macarıstanın canını bu fonddan elə onun keçmiş təqaüdçüsü qurtara bildi. Ölkənin hazırkı baş naziri Viktor Orban 1989-cu ildə Soros Fondunun pulu ilə Oksfordda oxuyub. Məhz o, Corc Sorosun ölkədəki bütün təşkilatlarının fəaliyyətinə xitam verilməsi haqda qərar verdi. Bu qərar Macarıstana qanunsuz miqrasiyanı dəstəkləyən istənilən təşkilatın fəaliyyətini qadağan edən qanuna əsaslanırdı.

Andrey Saxarov

Corc Soros SSRİ-yə ilk dəfə 1987-ci ilin martında gəlib. Həmin vaxt ölkədə demokratiya uğrunda ən mübariz döyüşçü akademik Andrey Saxarov idi. Amerikalı oliqarx yaratdığı “Mədəni Təşəbbüs Fondu”na məhz onu yüksək maaşla sədr qoyur. Sovet hidrogen bombasının yaradıcısının mədəniyyətlə nə əlaqəsinin olduğunu Soros heç kimə izah etmir.

1989-cu ildə Saxarovun ölümündən sonra fond ləğv edildi. Onun işini “Soros” fondu və Açıq Cəmiyyət İnstitutu görməyə başladı. Bu işi mədəniyyət adlandırmaq çətin idi. KİV-lər maliyyələşdirilir, dövlətin nüfuzunu zədələməyə xidmət edən kitab və jurnallar nəşr edilirdi.

Humanitar fənlər üzrə 200-ə yaxın yeni dərslik nəşr olunmuşdu. Məsələn, tarix dərsliklərində II Dünya müharibəsindəki qələbədə SSRİ-nin rolu azaldılmış, Qərb və müttəfiqlərinin rolu isə şişirdilmişdi.

Elm sahəsində reklam məqsədi ilə bir sıra qrantlar paylanırdı. Daha sonra Sorosun nümayəndələri elmi təşkilatlarının işçilərinə mesaj verdilər ki, kim üzərində işlədiyi mövzunu ətraflı təsvir etsə və bu mövzu fondun marağına səbəb olsa, qrant ala bilər.

Elmi təşkilatlar arasında bir çox hərbi təşkilatlar vardı. Beləliklə, Corc Soros Mərkəzi Kəşfiyyat İdarəsinin əvvəllər gizli olaraq gördüyü işləri açıq şəkildə edirdi.

Corc Soros Çikaqo İqtisadiyyat Məktəbinin istedadlı tələbələri adlandırdığı siyasi xadimləri – Yeqor Qaydarı, Boris Nemtsovu və Anatoli Çubaysı açıq şəkildə dəstəkləyirdi. Soros çeçen separatçılarını da unutmamışdı. 2010-cu ilin sentyabrında Əhməd Zakayevə 10 milyon dollar ayrılmışdı.

1993-cü ilin sonlarında amerikalı jurnalist Maykl Luis Sorosdan Şərqi Avropadakı faəliyyətinin nəticələrini soruşdu. Cavab belə oldu: “Sadəcə yazın ki, keçmiş Sovet imperiyasını indi Soros imperiyası adlandırırlar”.

2015-ci ildə Corc Sorosun bütün strukturları Rusiya Baş Prokurorluğu tərəfindən ölkə ərazisində arzuolunmaz təşkilatlar kimi tanındı. Eyni aqibəti 1997-ci ildə Belarusdakı və 2004-cü ildə Özbəkistandakı qeyri-kommersiya təşkilatları da yaşadı.

1986-1989-cu illərdə Corc Soros Çində filiallarını açmağa çalışdı, lakin bütün cəhdlər nəticəsiz qaldı…

Ardı var

Tərcümə Strateq.az-ındır




Ana səhifəyə qayıt        Baxış: 516          Tarix: 18-10-2019, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma