Xəbər lenti


 

Tanınmış pedaqoq-publisist, dəyərli ziyalımız Nazim Əkbərovun Ovqat.com-a müsahibəsini təqdim edirik.

 

-Nazim müəllim, Facebookda tez-tez sizin dilimizin qorunması, korlanmaması üçün çağırışlarınıza rast gəlirəm. Sizcə belə bir çağırış doğrudanmı gərəklidir?

 

-Mən buna çağırış deməzdim, haray deyərdim. Çünki çağırış dövrü çoxdan keçib gedib. Biz bu gün yeni bir diltəmizləmə kampaniyası ilə üz-üzəyik. 

Bəri başdan deyək ki, bu tariximizdə yeni, nadir bir hadisə deyildir. Təqribən iki əsrdir – millət məfhumunun dini ayrı-seçkilikdən dil ayrı-seçkiliyinə keçdiyi o dövrdən indiyədək ara-sıra xalqlar bu kampaniyaya qoşulur, dillərində olan bəzi sözləri dəyişdirirlər. Başqa xalqları bilmirəm, amma biz bu aksiyaya çox böyük həvəslə qoşuluruq. Qoşuluruq və nəyi itirib nəyi qazandığımızı düşünmürük, düşünmək istəmirik.

Azərbaycan tarixində ilk böyuk aksiya (?) erməni əsilli Mirzə Melkum xan adında bir missionerin təlqini ilə Mirzə Fətəli Axundov tərəfindən ortaya atılmışdır - ərəb əlifbasından imtina etmək aksiyası! Bəli, bəli. Ərəb əlifbasını dəyişmək ideyası Mirzə Fətəliyə aid deyildir. Bu fikrin müəllifi Mirzə Melküm xandır və Mirzə Fətəlidən əvvəl İranda, o zamankı Persiyada bu təşəbbüslə çıxış etmişdi. Lakin sərt cavabla rastlaşdığı üçün bu məsələni Şimali Azərbaycana köçürmüşdür.

Mirzə Fətəli milli əlifba ideyasından elə xoşlanmışdı ki, bütün şüurlu həyatının çoxunu buna həsr etdi. Lakin belə bir inqilabi dəyişikliyə sağlığında nail ola bilmədi. Buna bolşeviklər nail oldu. XX əsrin 20-30-cu illərində min ildən çox tarixi olan ərəb əlifbası əvvəlcə latın, sonra kiril əlifbası ilə əvəz edildi.

-Haqlısınız, qonşularımız əlifbalarını dəyişmədilər, amma itirdikləri bir şey də yoxdur. Avropa, Amerika latın əlifbasına “Köhnəlmisən, inkişafımıza, tərəqqimizə mane olursan, səni dəyişmək lazımdır,” demədi. Nə iş gəldi, bizim başımıza gəldi.

-Tarix inqilabi dəyişikliklərlə doludur. Lakin hər bir dəyişikliyin öz dəyəri var. Hər bir dəyişiklik xalqa, millətə, dövlətə az və ya çox bir şeylər qazandırır. Ermənilər 1640-cı ildən, yəni dörd əsrə yaxın bir dövrdə Böyük Ermənistan xülyası ilə yaşayır, fəaliyyət göstərirlər. Geridə qalan 400 il ərzində də bu xülyalarını gələcək nəsillərinə ötürə bilmək üçün keçmişləri ilə öz bağlarını kəsməmişlər. Bu gün qarşımıza çıxarılan saxta, doğru, nə olursa olsun, erməni mətnlərini müasir erməni oxuya bilir, mübahisələrdə istinadgah kimi istifadə edir, tərcümə edib dünyaya yayırlar. Eyni sözləri dünyanın bir çox xalqları üçün də demək olar.

Bəs biz ərəb əlifbasını tarixin bir küncünə atıb yerinə latın, sonra kiril əlifbasını qəbul etməklə nə itirdik, nə qazandıq?

Bizi inandırmağa çalışırdılar və hətta inandırmağa nail oldular ki, əlifba islahatı Azərbaycan xalqının elmə, mədəniyyətə yiyələnməsinə xidmət etmişdir. Bu dəyişiklik olmasaydı, biz indiyədək orta əsrlərin bataqlığında qalıb məhv olacaqdıq.

Doğru deyirlər? Bir az düşünək.

Yəni biz latın hərfləri ilə yazmağa, oxumağa başlayandan sonra alman, fransız, ingilis, ispan, italyan dillərində sərbəst oxumağa, yazmağa, danışmağamı başladıq? Avropalılar da bizim dilimiz, elmimiz, mədəniyyətimizlə birbaşa, vasitəçisiz, əlifba sayəsində tanış oldular? 

Bu sualın cavabı birmənalıdır – yox!

Kiril əlifbasına keçdik. Qazancımız nə oldu? Rus ədəbiyyatını – Puşkini, Lermontovu, Çexovu, Turgenevi, Dostoyevskini ana dilimizi oxuyurmuş kimi oxumağamı başladıq?

Bu sualın da cavabı birmənalıdır – yox! Əksinə, sadaladığımız yazıçı və şairləri tərcümə etmək üçün dağlar qədər pul xərcləməli olduq. Çünki tərcüməsiz heç nə anlamaq mümkün deyil axı! O zaman bizim qazancımız nə oldu? 

Gələk itirdiklərimizə, keçmişimizlə rabitəmiz kəsildi. Min illik yazılı mətnləri oxuyub anlamaqdan məhrum olduq. 

Təkcə keçmişimizləmi? 

Bu əlifbadan istifadə edən nəhəng İslam aləmi ilə, kitabxanalarımızla, mütəfəkkirlərlə... hətta dünyanın az qala üçdə biri qədər əraziyə yayılmış türk qövmləri ilə, 50-dən çox müsəlman dövlətləri ilə əlaqəmiz kəsildi, hətta düşmənçilik etməyə başladıq. Məsələn, XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalı ərəb əlifbası ilə çap ediləndə Misirdən Rusiyanın şimalına, Anadoldudan Çin səddinədək hər yerə gedirdi, oxunurdu. Çünki eyni əlifbanı, eyni dili danışırdıq. Latına, kirilə keçdik, özümüz yazdıq, özümüz oxuduq. Bu da bizim qazancımız.

İndi əlinizi vicdanınızın üstünə qoyun, bir az düşünün və bu suala cavab verin: Əlifba islahatı bizi irəlimi apardı, gerimi?

Nə isə, mən heç kəsi ərəb əlifbasını bərpa etmək uğrunda mübarizəyə səsləmirəm, bunu düşünmə vasitəsi olaraq ortaya atdım. 

 

-Nazim müəllim, bunlar həqiqətən də üzərində düşünüləsi, fikir mübadiləsi aparılacaq məsələlərdir. İndi birbaşa mətləbə gəlmənizi istəyirəm. Sizin bu yeni sözlərlə alıb-verə bilmədiyiniz nə var, niyə durmadan bunlara etiraz edirsiniz?

-Doğru deyirsiniz, haqlısınız, indi də gələk diltəmizləmə islahatına. “Filan söz ərəbcədən keçmədir,” “Bu söz farscadan keçmədir. Bunları dəyişmək lazımdır.” 

Dəyişdik. Nə ilə? Daha çox Avropa və rus dilindən, müasir türk dilindən aldığımız sözlərlə. Dili təmizləmək sözü qulağa xoş gəlir, amma bununla özümüzü necə qətl etdiyimizi heç düşünmürük. Elə bilirik ki, milli olmaq, millətini sevmək, millətə xidmət etmək üçün dilimizdəki ərəb-fars sözlərini çıxarmaq, yerinə rus-Avropa sözləri, ya da Akop Dilaçarın Anadolu türkcəsinə miras qoyub getdiyi sözləri gətirməliyik. Qarşımızdakı mənzərə isə başqa şey deyir.

Keçən əsrin 30-cu illərində bu axına qoşulub bir də ayıldıq ki, nəinki Füzulini, Nəsimini, heç bizdən on-iyirmi il əvvəl yazılan ədəbiyyatı belə ağıllı-başlı oxuyub anlaya bilmirik. Məsələn, keçən əsrin 40-50-ci illləri üçün az qala müasir olan Sabirin şeirlərini götürək:

“Dil о gündən ki, düçar oldu sənə,
 Bir yazıq aşiqi-zar oldu sənə,
 Uydu, bisəbrü qərar oldu sənə,
 Var-yoxum ta ki, nisar oldu sənə,
 Bir də baxmaq mənə ar oldu sənə,
 Başqa bir cəzbəli yar oldu sənə,
 Gözəlim, şimdi nədir fərmanın?
 Canı qurban sənə bu nalanın
!"

Şeirindən alınma bu sətirləri belə lüğətsiz anlaya bilmirik. Məsələn, o illərin oxucusu “dil,” “bisəbrü-qərar,” “nisar,” “şimdi” sözlərini anlamaq üçün lüğətə baxmaq məcburiyyəti ilə qarşılaşdı. Belə olan halda Füzulinin çox məşhur:

“Dust bipərva, fələk birəhm, dövran bisükun,
 Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.
 

Sayeyi-ümmid zail, afitabi-şövq gərm,
 Rütbeyi-idbar ali, payeyi-tədbir dun”

beytlərini hardan anlasın biçarə vətəndaş, yazıq şagird?

Arada bir sakitlik dövrü yaşadıq. Bu dövrdə dilimizə bol-bol rus, ara-sıra da Avropa mənşəli sözlər qatdıq. Qatdıq, qatdıqca da keçmişimizdən əlimiz, ayağımız üzüldü.

Ağıllandıqmı?

Müstəqillik dövrü özü ilə yeni bir dalğa gətirdi. Yenə düşdük ərəb-fars mənşəli sözlərin üstünə. Əvəzinə içiboş, qulağı yara edən, ruhu korlayan sözlər gətirməyə. Bəzən elə cümləyə rast gəlirsən ki, adam bunu ali təhsilli bir ziyalının işlətdiyinə heyrət edir. Misal istəyirsiniz?

“Buna rəgmən, mövcud bipolar (təkqütblü) dünya sistemi multipolar (çoxqütblü) mərhələyə qədəm qoyur.”

Sual vermək istəyirsən: Qardaş, indi ki “təkqütblü,” “çoxqütblü” sözləri dilimzdə var, daha “bipolar,” “multipolar” niyə yazırsan və yazarkən də öz sözlərimizi mötərizəyə alıb bizi aşağılayırsan? Demə anlamadıq, özünü savadlı, “intiligent” kimi qələmə vermək naminə dilimizə bunları soxuşdurursan.

Hələ gərəksiz, gərəksiz olduğu qədər də mənasız nə qədər söz oyunu ilə rastlaşırıq. Məsələn: 

“Keçirilib” yerinə, baş tutub;

“Möhkəm, dözümlü” yerinə, “dayanıqlı"; 

“Ardıcıl” yerinə “davamlı”;

“Müşahidə etmək” yerinə, “gözləmləmək”;

“Qalmaqallı” yerinə, “sensasion”;

“Həyat” yerinə, “yaşam”;

“İctimai” yerinə, “sosial”;

“Əvvəl” yerinə” ilk “öncə”;

“Qəribə” yerinə, “ilginc”; 

“Müvafiq” yerinə, “adekvat”;

“Bədbin” yerinə “pasifist”, 

Bir sözlə, təqribi hesablamalarıma görə, son otuz il ərzində heç bir lüzum olmadan 200-dək söz dəyişdirilərək işlədilir.

Nəticədə nə baş verir, bilrisinizmi? Bu günkü məktəbli Səməd Vurğunu, Məmməd Rahimi, Süleyman Rəhimovu, Mehdi Hüseyni, ki bunlar da bizim müasirlərimizdir, lüğətsiz oxuya bilmir, çünki sözlərin az qala yarısını başa düşmür.

Beləliklə, keçmişlə əlaqəmizi qıra-qıra gedirik məchul bir gələcəyə. Mən hələ öz ana dilini bəyənməyib övladlarını ruslaşdıran vətəndaşlarımızı (mən onlara vətən+daş demirəm, vətən+kəsək deyirəm) demirəm.

Nə olur, bilirsinizmi? Bizim böyüməkdə olan nəsil düşünmək yoxsulluğu keçirir. 

İnsan nə ilə düşünür? Sözlə.

Yapon məktəblisi 12 illik təhsil dövründə 11000 sözlə düşünməyi, danışmağı öyrənir. Avropa məktəblisi orta hesabla 8000 sözlə düşünür.

Bəs bizim məktəbli? Bizim məktəblinin söz ehtiyatı 1000-ə çatmır. Sonra şikayətlənir, heyrətlənirik ki, yaponlar filan, avropalılar filan, amma biz...

Qardaş, yapon uşağını 11000 sözlə düşündürdüyü üçün onun düşüncəsi ilə səninki arasında dağlar qədər fərq əmələ gəlib. Sən öz əllərinlə oturduğun budağı kəsirsən, sonra oradan kəllə-mayallaq yerə dəyib şil-küt olursan, günahı özündə yox, ağacı əkəndə, becərəndə, hətta ağacın özündə görürsən.

Bir adam bir gün ərzində orta hesabla 400 sözlə kifayətlənir. Yəni 400 söz bilsə, ünsiyyət qura biləcək, danışacaq, fikrini izah edə biləcək, anlayacaq.

İndi biz bu 400 sözün 200-ü son 25-30 ildə dəyişmişiksə, əsrlərlə şüuraltımıza yerləşmiş sözləri arxivə verib yerini içiboş anlayışlarla doldururuqsa, necə düşünəcəyik? Düşüncəmizin səmərəsi nə olacaq? Bu düşüncə ilə nə qədər ağıllı, savadlı, dünyagörüşlü olacağıq?

Bilmirsən, kimə dərdini deyəsən? Dərdini oturub bu qədər daşa desəydin, daş çoxdan çatlayıb qum yığınına çevrilərdi. Hərdən öz-özümə bu beyti deyir, deyir, özümə təskinlik verirəm:

“Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale' zəbun”.

Amma yorulmuram. Mirzə Cəlil bir hədisdən aldığı bu cümləni yazmışdı: “Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar”. Mən də mənə qulaq asmayanlara deyirəm. Buna görə də məni nə zənn edirlər, haqqımda nə deyirlər, bilmirəm. Amma mən nə dediyimdən əminəm. Sözümü o kəslərə deyəcəyəm ki, mənə qulaq asmırlar.

 




Ana səhifəyə qayıt        Baxış: 7 424          Tarix: 10-08-2022, 13:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma