Məlum oldugu kimi, Türkiyə və İsrail arasında uzun müddətdən sonra diplomatik münasibətlər bərpa olunur. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Çavuşoğlunun bildirdiyinə görə, qısa müddət ərzində hər iki dövlət qarşılıqlı olaraq səfirlərini və konsullarını təyin edəcəklər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan və İsrailin baş naziri Yair Lapid arasında dünən baş tutan telefon danışığında da tərəflər yaxın tarixdə səfirlərin təyinatı, hava nəqliyyatı sahəsində münasibətləri yaxşılaşdırmağı və iqtisadi komissiyanın iclaslarının keçirilməsi barədə razılığa gəliblər.
Mövzu Azərbaycan üçün də maraqlıdır. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail isə dost ölkədir. Bəs Ankara və Təl-Əviv münasibətlərinin normallaşması Azərbaycan üçün nə qədər faydalıdır?
Mövzu ilə əlaqədar politoloq Kamal Əliyevin fikirlərini öyrəndik.
Politoloq hesab edir ki, Türkiyə və İsrail arasında diplomatik münasibətlərin bərpası Azərbaycanın maraqlarına cavab verir: "ilk öncə onu diqqətinizə çatdırım ki, Ankara və Təl-Əviv arasında bir müddətdir diplomatik əlaqələr olmasa da, iqtisadi münasibətlər həmişə olub. Statistik rəqəmlərə əsasən, İsrail və Türkiyə arasında ticarət dövrüyyəsi 7 milyard dollardan artıqdır. İsrailin idxalına baxarkan görürük ki, Türkiyə dördüncü yerdədir. İki ölkə arasında turizm sahəsində əlaqələr həmişə yüksək olub. Ancaq Fələstin məsələsi Türkiyə üçün olduqca həssasdır və münasibətlərin diplomatik səviyyədə kəsilməsinin əsas səbəbi məhz Fələstin mövzusu ilə əlaqədardı", - deyə Kamal Əliyev deyib.
Müsahibimiz onu da qeyd etdi ki, gələcəkdə Azərbaycan, Türkiyə və İsrail arasında üçtərəfli format da yaradıla bilər. Kamal Əliyev düşünür ki, üçtərəfli formata İran qəzəblənəcək, ancaq bu, önəmli deyil və suveren dövlətlər öz aralarında qərar vermək, ittifaqlar yaratmaq hüququna malikdirlər: "Məncə, üçtərəfli format hər üç dövlətin də geosiyasi maraqları ilə örtüşür. Eyni zamanda, Azərbaycan da İsraildə səfirlik açmalıdır. Mən hətta deyərdim ki, biz bir az gecikmişik. Düzdür, Azərbaycanın Təl-Əvivdə İqtisadi Nümayəndiliyi mövcuddur. Ancaq fərz edirəm ki, bu, yaxın zamanlarda diplomatik korpusla əvəzlənməlidir. İranın nə dediyi, hansı reaksiya göstərəcəyi rəsmi Bakını bu işdən geri çəkməməlidir. Biz suveren dövlətik, İranla da normal qonşuluq münasibətlərinə sahibik. Digər tərəfdən, İran qədər bizim də geopolitik çıxarlarımız və strateji hədəflırimiz var. Bu nöqteyi-nəzərdən İsraillə münasibətləri dərinləşdirməli, öz geosiyasi və geostrateji mənfəətlərimizi reallaşdırmalıyıq", - deyə Kamal Əliyev fikirlərini tamamlayıb.
Paylaş: