Xəbər lenti


 

ABŞ-ın dövlət katibi Antoni Blinkenin adından yayılmış bəyanatda deyilir ki, səfir Filip Riker ATƏT-in Minsk Qrupunun bu həssas dönəmdə amerikalı həmsədri kimi fəaliyyət göstərəcək. Bundan əlavə, Filip Riker Gürcüstandakı problemlərdə daxil olmaqla Beynəlxalq Cenevrə Müzakirələrində ABŞ-ın nümayəndə heyətinin əsas təmsilçisi vəzifəsini daşıyacaq.

 

Yeri gəlmişkən, 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan prezidenti bəyan etmişdi ki, Qarabağ problemi həll olunub, “status gorbagor olub”. Ancaq indi görürük ki, ABŞ növbəti dəfə Minsk Qrupuna həmsədr təyin edib və problemin uzunmüddətli çözümü üçün fəaliyyət göstərəcək. 

 

Mövzu ilə əlaqədar politoloq Kamal Əliyev Ovqat.com-a açıqlamasında xatırlatdı ki, yeni təyin olunan səfir keçən ilin iyun ayında Azərbaycanda səfərdə olub və daha sonra 15 erməni hərbi diversant ölkəsinə qaytarılıb: "Bilirsiniz ki, Filip Riker ötən il Bakıya gəlmişdi və bu ziyarətdən sonra 15 erməni hərbçi vətəninə geri qaytarıldı. Onu da qeyd edim ki, dövlət katibi Antoni Blinkenin adından yayılan bəyanatı oxudum. Orda deyilir ki, ABŞ bundan  sonra Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun keçirilməsinə və bu istiqamətdə Avropa İttifaqındakı həmfikir tərəfdaşlarla işləyəcək. Amma burda maraqlı məqam budur ki, ABŞ faktiki olaraq Qarabağ probleminin hələ də həll olunmadığını, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ehtiyac olduğunu açıq bəyan edir. Halbuki, İlham Əliyev və iqtidara yaxın media 2 ildir onu təbliğ  edir ki, status gorbagor olub, etnik ermənilərə hər hansı muxtariyyətin verilməsindən söhbət gedə bilməz. Görünür, ABŞ hələ də Qarabağ probleminin birdəfəlik həllinə inanmır və bu baxımdan, Minsk Qrupuna yeni həmsədr təyin edir".

 

Kamal Əliyev onu da vurğladı ki, hazırda Qərb Qarabağda növbəti müharibənin olmasında maraqlı deyil və əsas hədəf uzunmüddətli çözümə nail olmaqdır: "Məni bir məqam da maraqlandırır ki, bu gün faktiki Ukraynada Qərb və Rusiya arasında konflikt var. Yəni ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ABŞ, Rusiya və Fransa bir-biri ilə nəinki müzakirə aparır, heç salamlaşmırlar da. Rusiya da ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılmasında maraqlı deyil. Üstəlik, Moskvanın əsas prioriteti Zəngəzur yolunun açılmasıdır. Mən hesab etmirəm ki, Rusiya yaxın dövrdə Minsk Qrupunun fəaliyyətinə yaşıl işıq yandıracaq. Ruslara görə, 44 günlük müharibədən sonra əsas təşəbbüs onların tərəfindədir. Həmçinin, Fransa da Minsk Qrupunun fəaliyyətində ən az ABŞ qədər maraqlıdır. Məncə, Azərbaycan-Ermənistan danışıqlarında, kommunikasiya xəttlərinin açılmasında, yekun sülh müqaviləsinin imzalanmasında ən normal format Avropa İttifaqıdır. ATƏT-in Minsk Qrupu 30 il ərzində ciddi irəliləyişə nail olmadı. Bundan sonra da Minsk Qrupunun uğur qazanacağını güman etmirəm", - deyə Kamal Əliyev sözlərini tamamladı.

 




Ana səhifəyə qayıt        Baxış: 5 608          Tarix: 25-08-2022, 19:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma