Sovet İttifaqı dağılanda Moskvanın da təşviqi ilə Gürcüstanın tərkibindən ayrılıb «özgürlüyə» qovuşan, daha sonra öz təhlükəsizliklərini möhkəmləndirmək üçün referendum keçirib Rusiyanın tərkibinə qatılan Cənubi Osetiya və rus himayəsi altında «müstəqilliyin» dadını çıxaran Abxaziya indi gözləmədikləri sürprizlərlə qarşılaşıblar. Rusiya prezidenti Vladimir Putin qismi səfərbərlik elan edib və Ukraynada ət maşınından keçirmək üçün qeyri-rus axtarır. Abxazların və osetinlərin isə geriyə yolu yoxdur. Çünki onların böyük əksəriyyəti əvəzsiz məziyyət hesab edib Rusiyanın vətəndaşlığını qəbul ediblər. Deməli məcburən də çağırışçılar ordusuna qatılacaqlar.
Abxazlar osetinlərlə müqayisədə guya müstəqil sayılsalar da 2014-cü ildə Moskva və Suxumi arasında qarşılıqlı müdafiə bəndini özündə əks etdirən “Müttəfiqlik və Strateji Tərəfdaşlıq Müqaviləsi” imzalanıb. Müqavilənin 6-cı maddəsinə görə, hər iki tərəf başqa dövlətin hücumu zamanı bir-birini müdafiə etməyə məcburdur.
Abxaziyanın de-fakto parlamentinin keçmiş üzvü Natali Smir sentyabrın 21-də Azadlıq Radiosuna deyib: “Bu müqaviləyə əsasən, qismən səfərbərlik zamanı qeydiyyata alınmaq barədə bizim öhdəliklərimiz var. Bu, müqavilənin əsas şərtlərdən biridir”.
Gürcüstanın, sakinlərinin əksəriyyəti Rusiya vətəndaşı olan digər separatçı ərazisi Cənubi Osetiya isə Moskvanın gətirdiyi bəlalara öyrəşmiş kimidir. “Burada sakitlikdir, heç kim əhaliyə heç bir şərh vermir”, - Cənubi Osetiyadan olan jurnalist İrina Kelexsayeva bildirib: “Ya yerli hakimiyyət səfərbərlik fərmanını yerinə yetirməyə özlərini borclu hesab etmirlər, ya da Rusiya tərəfi ilə razılaşdırılmış hazır mətn almayıblar”.
«Bu susqunluq həm də yerli hakimiyyət orqanlarının insanları təşvişə və panikaya salmaq istəməməsindən də qaynaqlana bilər”, - deyə Kelexsayeva bildirib.
Bildirildiyinə görə, Abxaziyadan fərqli olaraq Cənubi Osetiya bu zamana qədər Ukraynadakı döyüşlərdə fəal iştirak edib və çox sayda gənc oğullarını itirib. Osetinlərdəki bu səssizlik artıq belə sürprizlərə hazır olmalarından da qaynaqlana bilər.
Bütün bunlara baxmayaraq, həm Abxaziya, həm də Cənubi Osetiya gəncləri səfərbərliyə alınaraq, Ukraynada ABŞ HİMARS-larına yem olacaqlarından çəkinirlər. Rusiyanın digər vilayətlərindən fərqli olaraq, onlar uzun illər boyu xəyanət etdikləri Gürcüstana da pənah apara bilmirlər.
Ovqat.com
Paylaş: