"Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyinin (ASB) toplantısında Türkiyə prezidenti Ərdoğan,Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanın görüşündən çıxan nəticə məndə müsbət nəticə oyandırır. Hər halda, Paşinyan da başa düşür ki,Rusiyanın təsiri orbitindən çıxmaq üçün tələb olunan amillərdən biri də Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşmaqdır».
Ovqat.com-a açıqlama verən tanınmış politoloq Kamal Əliyev belə deyib.
Onun fikrincə, görüşdə diqqət çəkən əsas məqamlardan biri Əliyev, Ərdoğan və Paşinyan arasında birlikdə qeyri-formal və qısa olsa da, birlikdə müzakirələrin aparılmasıdır.
«Görünür, Ərdogan Paşinyana başa salır ki, təxribatlardan uzaq ol və gəl, birlikdə aramızda bir format yaradaraq, problemlərimizi həll edək. Hərçənd, Paşinyan bir addım irəli, iki addım geri siyasi həmlələr etsə də, anlayır ki, Bakı və Ankara ilə münasibətlərin normallaşdırılması,kommunikasiya əlaqələrinin qurulması, Zəngəzur koridorunun reallaşdırılması Ermənistanın gələcəyi üçün ən optimal çıxış yoludur. Bu nöqteyi-nəzərdən, Bakının sülh müqaviəsinin imzalanması üçün təqdim etdiyi 5 prinsip Ermənistan üçün də keçərlidir və konfliktin həll olunması baxımından bazis və konseptual variant kimi nəzərdən keçirilə bilər. Necə deyərlər,top indi Ermənistanın sahəsindədir və Paşinyan siyasi qərar verməli, cəsarətli olmalıdır», - politoloq deyib.
Həmsöhbətimizin fikrincə, Nikol Paşinyan bir tərəfdən müsbət siqnallar ötürür, digər tərəfdən isə lüzumsuz, hiyləgərcəsinə deyir ki, Bakı Xankəndidəki separatçı ünsürlərlə kontakta girməlidir: "Əlbəttə, Paşinyan hiyləgərlik edir və bu, şübhəsiz ki, Bakının təqdim etdiyi məlum 5 prinsiplə üst-üstə düşmür. Prezident Əliyev isə deyir ki, Qarabagdakı ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar haqqında özümüz qərar verəcəyik, bu, bizim daxili işimizdir. Məncə, problemin ən vacib punktu da budur. Digər vacib məsələ isə sərhədlərin müəyyən edilməsi və Zəngəzur koridorudur. Diqqətimi çəkən bir məqam da budur ki,Paşinyan hara gedirsə şikayət edir və Qərbin gözündə özünü məzlum göstərir. Halbuki,Paşinyan gözəl başa düşür ki,Ermənistan üçün ən optimal variant Bakı və Ankara ilə münasibətləri qaydasına salmaqdır.Əgər Paşinyan Rusiyanın caynagından qurtulmaq istəyirsə, Azərbaycanın təqdim etdiyi 5 prinsip əsasında sülh müqaviləsinin imzalanmasına çalışmalıdır. Qarabağdakı ermənilərə gəldikdə isə, onlar Azərbaycanın vətəndaşlarıdır və onların hüquqları azərbaycanlılardan nə aşagıdır, nə də yuxarı olmalıdır".
Kamal Əliyev onu da dedi ki, noyabrda Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişelin Əliyev və Paşinyanla keçirəcəyi növbəti üçtərəfli görüşdə mühüm qərarlar verilə bilər: «Mən noyabrda Brüsseldə keçiriləcək görüşdən sülh müqaviləsi mətninin ilkin variantının hazırlanacagına ümid edirəm.Və düşünürəm ki, tərəflər bu istiqamətdə siyasi iradə nümayiş etdirəcəklər.Əhəmiyyətli olan budur ki, Qərb Qarabağ probleminin həllində və Cənubi Qafqazın Rusiyanın təsir trayektoriyasından çıxmasında heç vaxt olmadığı qədər maraqlıdır.Zənnimcə, Əliyev iqtidarı da Azərbaycanı Qərbə inteqrasiya etməsində daha istəkli,daha maraqlı olmalıdır. Bu baxımdan,ölkədə azad seçkilər keçirilməli, Qərbdə olan liberal və iqtisadi inkişaf modeli Azərbaycanda da tətbiq olunmalıdır» - deyə Kamal Əliyev fikirlərini yekunlaşdırıb.
Nicat Əlili
Paylaş: