Xəbər lenti

YAP-çı deputatdan sensasion açıqlama: “Azərbaycan Prezidenti qalib ölkənin lideridir və Ermənistanın sülhə doğru ciddi addım atmayacağı təqdirdə, onunla predmetsiz görüşü məqbul hesab etməyə də bilər”

 Bu gün, oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin iclası öz içinə başlayır. Toplantıda mühüm qərarların veriləcəyi gözlənilməsə də, bizi daha çox keçiriləcək mühüm görüşlərin nəticələri maraqlandırır.

Görüşlərin biri haqqında artıq qəti məlumat var və bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat yayıb. “Praqada Nikol Paşinyan, İlham Əliyev, Emmanuel Makron və Şarl Mişelin dördtərəfli görüşü nəzərdə tutulub’’. Bu barədə oktyabrın 5-də axşam Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib. O, çıxışı zamanı “Mən sülh gündəliyinə sadiqəm” ifadəsini də işlədib.

“Armenpress”in xəbərinə görə, oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada dördtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Paşinyan "Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Praqaya gedirəm. Orada mənim, Azərbaycan Prezidenti, Fransa Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti arasında dördtərəfli görüşü planlaşdırılır”, söyləyib.

Politoloq Ruben Marqaryan isə hesab edir ki, bugünkü görüşlərdən, eləcə də oktyabrın 14-də Putinlə mümkün görüşdən çox şey asılıdır. O, bildirib: “Bir sıra faktlar sübut edir ki, bu xəmir hələ çox su aparacaq və Paşinyan artıq öz seçimini edib. Ümumiyyətlə, oktyabr ayı müxtəlif məsələlər baxımından Ermənistan üçün həlledici olacaq”. Hesab olunur ki, Praqa səfərindən sonra Ermənistanda baş verəcək hadisələr Paşinyanın taleyində müsbət və ya mənfi mənada xüsusi rol oynayacaq.

Qeyd edək ki, Paşinyan daha əvvəl Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirib. Onun fikrincə, yalnız bu halda regionda sülhün bərqərar olması mümkün olacaq. Xəbər verdiyimiz kimi, Avropa Siyasi Birliyinin liderlərinin ilk görüşü oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada, Aİ liderlərinin sammitindən bir qədər əvvəl keçiriləcək. İclasa Avropa İttifaqının (Aİ) 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub. Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Çexiyanın Baş naziri, Aİ-nin prezidenti Petr Fiala imzalayıblar. Azərbaycandan başqa, dəvət göndərilən ölkələr arasında Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var. Bu ideyanın müəllifinin Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson olduğu məlumdur. Bu ideya Ukraynanın Avropa İttifaqına sürətlə daxil olmasına hesablanmışdı. Daha sonra Avropa İttifaqı Şurasının prezidenti Şarlz Mişel və Makronun yaxın siyasi tərəfdaşı bu ideyanı inkişaf etdirərək, Avropa İttifaqından kənar bir sıra ölkələrin yeni struktura daxil edilməsini təklif etdi. Ukrayna ilə yanaşı siyahıya Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova da daxil edildi. İdeyaya görə, Avropa Siyasi Birliyi Avropa siyasəti, təhlükəsizliyi, iqtisadiyyatı və infrastrukturu ilə bağlı məsləhətləşmələr aparacaq qeyri-rəsmi birlik olacaq. Onun yaradılması Aİ-nin oktyabrın 6-da Praqada keçiriləcək sammiti ilə eyni vaxta planlaşdırılıb.

Qeyd etdiyimiz  kimi, oktyabrın 6-da Praqada keçiriləcək ilk iclasın yekununda hər hansı rəsmi açıqlama və ya rəsmi qərarlar gözlənilmir.Euractıve.com-un məlumatına görə, diplomatik münasibətləri təzəcə bərpa etmiş Türkiyə və İsrailin, habelə aralarında sülh danışıqları dalana dirənmiş Azərbaycan və Ermənistanın daxil olduğu yeni Avropa strukturunun effektivliyi hələ də qeyri-müəyyən olaraq qalır. Bundan əlavə, bir çoxlarının fikrincə, yeni Avropa Birliyi və ya forumu G20, ATƏT və Avropa Şurası kimi təşkilatların fəaliyyətini təkrarlaya bilər. Məlumata görə, bu gün Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Musavat.com Report-a istinadən xəbər verir ki, liderlər Bakı vaxtilə saat 18:00-da Praqa qalasında bir araya gələcəklər. Görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə deyil, Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparılacaq. R.T.Ərdoğan N.Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq. Görüşdə Zəngəzur dəhlizinin açılması da müzakirə olunacaq. Rusiyanın TASS agentliyinin məlumatına görə, rəsmi Ankara tərəflərin ilk görüşünün iki dövlət arasında münasibətlərin normallaşmasına xidmət edəcəyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə başlanacağını istisna etmir. “Praqada həm Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında irəliləyiş əldə oluna bilər”, - məlumatda vurğulanıb. Diplomatik mənbə agentliyə bildirib ki, üzbəüz görüşlər telefon əlaqəsindən daha məhsuldardır.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb. Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olacaq.

Xatırladaq ki, bu gün Praqda Avropa Siyasi Birliyi liderlərinin sammiti keçiriləcək. Toplantıda 27-si Aİ ölkəsi olmaqla ümumilikdə 44 dövlət təmsil olunacaq.

Azərbaycanın bir sıra ekspertlərinin məlumat və proqnozlarına görə, Praqa görüşündə sülh müqaviləsi də imzalana bilər. Doğrusu, münasibətlərin bu qədər gərgin bir zamanında sülh müqaviləsinin imzalanması mümkün görünməsə də, bu proqnozu irəli sürənlərdən birinin- Azərbaycanın Strateji Araşdırmalar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəylinin sosial media paylaşımı maraq doğurur. İnformasiya məkanının məlumatlı fiqurlarından biri hesab olunan Əziz Əlibəyli yazır: “Sabah (6 oktyabr) Praqada sülh müqaviləsi imzalana bilər. Ən əsası sabahdan (6 oktyabrdan-red.) sonra bir də lənətəgəlmiş “Artsak” sözünü eşitməyəcəyik. Əliyev Makrona Ağdamdan dediyini Praqda da “tet-a-tet” deyəcək...’’ Bütün bunları və son günlər Praqa sammiti barədə irəli sürülən iddiaları yoxlamaq üçünsə çox gözləməyə gərək qalmayacaq. Gözlənilən o gün məhz bu gündür – 6 oktyabr... Amma bu da var ki, hələlik rəsmi Bakı Praqa görüşü ilə detallı hansısa məlumat yaymayıb. Dövlət başçımız bir neçə dəfə nəticəsi olmayan görüşlərdə iştirakın mənasız olduğunu bəyanlayıb. Fakt budur ki, Ermənistan hətta sülh bəyanatlarının ardınca Kəlbəcər və Tovuz istiqamətində təxribatlara əl atıb növbəti dəfə...

 Deputat Hikmət Babaoğlu Musavat.com-a açıqlamasında bildirdi ki, Praqada Avropa İttifaqı və Avropa İttifaqı Siyasi Birliyi çərçivəsində keçiriləcək görüşlər içərisində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Paşiyanın mükün görüşü ən çox diqqət çəkən görüşlərdən biri ola bilər: “Nəzərə almaq lazımdır ki , bu görüş baş tutarsa, ya da bu görüşdə sülh istiqamətində irəliyə doğru ciddi bir addım atılarsa, bu, bütün dünyaya Aİ Siyasi birliyinin ümumi naliyyəti kimi təqdim ediləcək. Beləliklə, bu siyasi birlik Cənubi Qafqazda nüfuzu daha çox olan bir subyekt kimi görünəcək və Aİ - ni digər geostrateji rəqiblərindən bir addım önə çıxarmış olacaq. Ona görə də Praqada qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla da Paşinyanın görüşünün keçirilməsi nəzərdə tutulub. Çünki Türkiyə əvvəlcədən bəyan edib ki , Ermənistanla danışıqların bütün mərhələləri Azərbaycanla kordinasiyalı şəkildə aparılacaq. Aİ bunu bilir və danışıqlara kompleks olaraq ümumi kontekstdə yanaşır”. H.Babaoğlu bu, mümüm görüşdən konkret nəticələrin çıxıb-çıxmamasını proqnozlaşdırmaq üçün əldə həm pozitiv həm də neqativ nəticələr üçün xeyli əsasların olduğunu vurğuladı: “Pozitiv düşünmək üçün əsas arqument Paşinyanın bir gün öncə, “mən sülh üçün məsuliyyəti öz üzərimə götürürəm və bunun üçün mənim legitim mandatım var”, deməsidir. Ancaq bu fonda xarici işlər naziri Ararat Mirzoyanın yenidən beynəlxalq vasitəçilərin iştirakı ilə Qarabağda yaşayan ermənilərlə rəsmi Bakının dialoq aparmasının vacibliyini vurğulaması olduqca neqativ amildir. Əgər bunun üzərinə az qala hər gün erməni dezinformasiya maşının guya Azərbaycanın sərhəddə vəziyyəti gərginləşdirməsi ilə bağlı yalanları da gəlsək, neqativ proqnozlar verməyə daha çox əsasımız olur. Ona görə ki, bu yalanlar bəzi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən yalan olduğu bilindiyi halda ciddiyə alınır və Azərbaycana qarşı təzyiq vasitəsinə çevirilir. Bu isə planlı təxribat kimi qiymətləndirilməlidir. Ona görə də rəsmi Bakı belə bir görüşün keçirilib-keçirilməyəcəyini hələlik nə təsdiq, nə də təkzib edir. Görünür diplomatik kanallar vasitəsilə Ermənistanın bizim haqlı tələblərimizi qəbul edib etmədiyi dəqiqləşdirilir. Nəticədə Azərbaycan Prezidenti qalib ölkənin lideridir və Ermənistanın sülhə doğru ciddi addım atmayacağı təqdirdə, onunla predmetsiz görüşü məqbul hesab etməyə də bilər”.

E.Paşasoy,




Ana səhifəyə qayıt        Baxış: 3 710          Tarix: 6-10-2022, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma