Ermənistan Xarici İşlər nazirlərinin Cenevrə görüşündə Azərbaycandan sülh sazişi üçün genişləndirilmiş təkliflər paketi alıb.
Ovqat.com-un məlumatına görə, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibəsində bildirib.
“Cenevrədə xarici işlər nazirlərinin görüşü zamanı Ermənistan tərəfi Azərbaycandan təkliflər alıb. Hazırda bu təkliflər üzərində işləyirik. Ümid edirəm ki, biz tezliklə bu təkliflərə cavab verəcəyik və onları müzakirə etmək, görüşmək imkanı olacaq. Onlar əvvəllər irəli sürülən beş təklifin məntiqinə uyğundur. Bir də blokadanın ləğvi məsələsi var ki, Ermənistanın bu məsələdə mövqeyi dəyişməz qalır”, - deyən Qriqoryan blokadanın ləğvinin qarşılıqlı prinsiplər əsasında həyata keçirilməli olduğunu qeyd edib.
Kommunikasiyaların açılmasına gəlincə, Qriqoryan qeyd edib ki, blokadadan çıxmaq Azərbaycanın təklif etdiyi beş bənddən biridir.
O bildirib ki, bu təkliflərdə «Qarabağ məsələsi» qeyd olunmur. Təhlükəsizlik Şurasının katibi onu da qeyd edib ki, ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası prosesinin başa çatdırılması barədə razılaşma var.
“Ümumilikdə Ermənistanla Azərbaycan arasında sərhəd 1929-cu ildə delimitasiya olunub. Ermənistan, Azərbaycan və Gürcüstan bu prosesdən keçib. Birgə razılığa gəlmək qalır ki, biz bunu əsas kimi qəbul edirik: Ermənistanın ərazisi 29,800 kv. km.dir”, – Qriqoryan bildirib.
O, İrəvanın Qarabağ erməniləri ilə Azərbaycan arasında dialoq qurmaq təklifinin erməni müxalifəti tərəfindən Ermənistanın yaxasını kənara çəkmək cəhdi kimi qiymətləndirməsini və bu barədə irəli sürülən ittihamlarını yalan adlandırıb.
“Ermənistan bu istiqamətdə işləyir. Biz bunu Xankəndi ilə dəfələrlə müzakirə etmişik və hesab edirəm ki, bu, həll yollarını tapmaq üçün ən yaxşı ideyadır”, - deyən Qriqoryan bu məsələdə beynəlxalq mexanizmlərə və zəmanətlərə ehtiyac olduğunu bildirib.
Qriqoryanın fikrincə, beynəlxalq qurumların vasitəçiliyi Qarabağ ermənilərinin hüquqlarını təmin etmək üçün “əlavə” təhlükəsizlik təminatdır.
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi prosesi bir şeydir, Qarabağın təhlükəsizliyinə beynəlxalq təminatların yaradılması başqa şey”, - Qriqoryan bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Türkiyə xarici işlər nazirinin Ermənistan və Azərbaycanın 5 bənd üzrə razılığa gəldiyi, problemin rəsmi Bakı ilə bağlanacaq sülh sazişindən asılı olduğu barədə açıqlamasına da münasibət bildirib.
“Razılığa əsasən, əslində Ermənistan-Türkiyə nizamlanması ilkin şərt olmadan həyata keçirilməlidir. Bununla belə, Ermənistan ilkin şərt kimi irəli sürülən 5 bənddə onun üçün qəbuledilməz heç nə olmadığını da bildirib”, - Qriqoryan bildirib.
Xatırladaq ki, bundan əvvəl Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirmişdi. Onun fikrincə, yalnız bu halda regionda sülhün bərqərar olması mümkün olacaq. Oktyabrın 3-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Cenevrədə sülh müqaviləsini və Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsini müzakirə ediblər.
Paylaş: