Rusiya Birləşmiş Millətlər Təşkilatının İkinci Komitəsinin Nyu-Yorkda bazar ertəsi keçirilən iclasında çıxış edərkən İsrailin fələstinlilərə qarşı “qeyri-mütənasib və özbaşına” qüvvələrini Qərb Sahilində davam edən zorakılıqda günahlandırıb.
Ovqat.com xəbər verir ki, «Yerusalem Post» nəşri bu məlumatı yayıb.
Nəşrin iddiasına görə, Rusiyanın BMT-dəki missiyasının baş məsləhətçisi Yevgeni Varqanov toplantıda çıxış edərkən İsrailə qarşı çox sərt danışıb. “Biz siyasi məsələləri iqtisadi sülhlə əvəz etmək və Fələstin problemini çözmədən ərəb-İsrail münasibətlərinin normallaşmasına çalışmaq, xüsusən də Qərb dövlətlərinin bu səylərini əks-məhsuldar hesab edirik”, - Varqanov belə deyib.
O, həmçinin qeyd edib ki, “sabit və yüksək səviyyədə zorakılıq təkcə Qəzza zolağının yaxınlığında deyil, həm də İordan çayının qərb sahilində də davam edir... Çünki İsrail hərbi əməliyyatlarında özbaşına və qeyri-mütənasib güc tətbiq edir”.
«Yerusalem Post» xatırladır ki, rus diplomat Qüdslə Moskva arasında gərginliyin artması fonunda, İsrailin Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməsindən bir həftə sonra BMT-də bu fikirləri səsləndirib. Maraqlıdır ki, İsrail bu toplantıya qatılmayıb. Nəşr bunu İsrailin başının Şimini Atzeret bayramına qarışması ilə izah edib.
Ovqat.com-un mülahizələri
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri İsrail bu məsələdə tərəfsiz qalmağa səy göstərmiş, fəqət başda ABŞ olmaqla öz strateji tərəfdaşlarının təzyiqi ilə üzləşmək məcburiyyətində qalmışdı. Müharibənin ilk günlərində BMT Baş Assambleyasında Rusiyanı qınayan bəyanata imza atsa da, bundan artıq irəli gedə bilməyəcəyini açıq şəkildə bildirən İsrailin baş naziri Yair Lapid Vaşinqton administrasiyasından onu başa düşməsini istəmişdi. Lapid İsrailin Rusiya məsələsində həssaslığını iki başlıca səbəblə açıqlamışdı «Birincisi, bizim Rusiya ilə təhlükəsizlik sərhədimiz var. Rusiya Suriyada ən mühüm hərbi qüvvədir və əməkdaşlıq mexanizmimiz İranın şimal sərhədimizdə genişlənməsinə qarşı mübarizəmizdə bizə çox kömək edir».
İkincisi, müharibə səbəbiylə 4 minə yaxın İsrail vətəndaşının Ukraynanı tərk etdiyinə diqqət çəkən Lapid minlərlə İsrail vətəndaşının hələ də Ukraynada olduğunu və 18 minə yaxın yəhudinin də İsrailə köçmək hüququna malik olduğunu bildirmişdi. Sərhəd-keçid məntəqələrinin sıx olduğuna, kommunikasiya xətlərinin çökdüyünə, yalan məlumatların yayıldığına, israillilərin və yəhudilərin Ukraynadan ayrılan yüz minlərlə sığınacaq axtaran şəxs arasında ilişib qaldığına diqqət çəkən Lapid demişdi: “Bizim fəaliyyət prinsipimiz bəllidir, biz israillilərlə iş görürük. Yəhudilərin ürəkləri Ukrayna vətəndaşlarının yanındadır”.
Lakın bu tərəfsizliyi tərəfdaşları tərəfindən birmənalı qarşılanmayan Tel-əviv zaman-zaman Rusiyanın əleyhinə mövqe sərgiləmək zorunda da qalmışdı. Sonuncu belə sərt mövqe yenə İsrail Baş naziri Lapid tərəfindən 8 gün əvvəl dilə gətirilmişdi. Lapid sosial media hesabında yazmışdı: "Rusiyanın Kiyev və Ukraynanın digər şəhərlərində dinc əhaliyə qarşı raket hücumlarını şiddətlə qınayıram. Həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına başsağlığı verirəm". Rusiya diplomatı Yevgeni Varqanovun dünən BMT-də İsrail əleyhinə çıxış etməsi də əslində Lapidin bu fikirlərinə verilmiş cavabdır.
Tel-əvivin bu tərəddüdlü mövqeyini şərh edən mütəxəssislərin fikrincə, Ukrayna müharibəsi nəticəsində Rusiya ilə Qərb arasında yaranan yeni qütbləşmə İsraili çətin vəziyyətdə qoyub. Rusiyanın Ukraynaya hücumundan sonra İsrail hökuməti ilkin olaraq Rusiyanı birbaşa hədəfə alan bəyanatlardan yayınır, “atəşkəs, sülh” çağırışlarını təkrarlayır və Ukraynaya yalnız humanitar yardım göndərdiyini vurğulayırdı.
Lakin Rusiyaya qarşı loyal mövqeyi səbəbindən ABŞ və Qərb ölkələrinin təzyiqi ilə qarşılaşan İsrail bu il aprelin sonundan etibarən Ukraynanın yanında açıq-aşkar yer almağa başlamışdı. İlk konkret addımı da məhz həmin dövrdə atan İsrail Kiyev administrasiyasına polad jiletlər və hərbi dəbilqələr göndərmək qərarına gəlmişdi. Ardınca da yenə aprelin son günlərində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Ukraynaya qarşı müharibəyə səbəbindən Rusiyanın Cenevrə İnsan Haqları Şurasından çıxarılması üçün keçirilən səsvermədə Moskvanın əleyhinə səs vermişdi. Bununla da ara qarışmış, dəftər itmişdi. Səsvermədən sonra Rusiya Xarici İşlər Nazirliyi İsrailin “Ukraynadakı vəziyyətdən istifadə edərək beynəlxalq ictimaiyyətin diqqətini Fələstin məsələsinə yönəltməyə” çalışdığını vurğulamışdı.
Əsl cavab isə mayın əvvəlində gəlmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Adolf Hitlerin yəhudi əsilli olması ilə bağlı açıqlamalar vermiş və bu iddia Rusiyada ən yüksək səviyyədə qınanmışdı. Hətta Rusiyanın Təl-Əvivdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb sərt şəkildə xəbərdarlıq edilmişdi. Lavrovun bu açıqlamasının yaratdığı gərginlikdən sonra İsrail hökuməti bəyanat yayaraq, Rusiya prezidenti Vladimir Putinin İsrail Baş nazirindən üzr istədiyi bildirilmişdi. Kreml isə Putinin üzr istəməsini təsdiqlənişdi.
Bir müddətdən sonra Rusiya Xarici İşlər Nazirliyinin ikinci sərt reaksiyası gəlmişdi. Nazirliyin yaydığı bəyanatda İsrail muzdlularının Ukrayna sıralarında rus qoşunlarına qarşı döyüşdüyünü iddia edilmişdi.
İsraildəni koalisiya hökumətinin vəzifə dəyişikliyi nəticəsində Yair Lapid iyul ayında baş nazir olduqdan az sonra vəziyyət daha da gərginləşmişdi. Belə ki, Rusiya Ədliyyə Nazirliyi həmin vaxt İsrailin qurulmasında da mühüm rol oynayan İsrail Yəhudi Agentliyinin Rusiya nümayəndəliyinin bağlanması üçün məhkəməyə müraciət etmişdi. Amma Rusiya məhkəmə sistemi məsələ ilə bağlı dinləmələri bir neçə dəfə təxirə salıb və hələ də qərarını açıqlamayıb.
Rusiyanın dünən BMT-də İsrail əleyhinə çıxış etməsi iki dövlət arasında ziddiyyətləri daha da gərginləşdirə bilər. Rus ordusunun xüsusilə İrandan dronlar alması və onların Ukraynada «sınaqdan çıxarılması»na İsrailin laqeyd qalmayacağı düşünülür. Hətta o da mümkündür ki, İsrail Ukrayna ordusuna öz müasir silahlarını, o cümlədən kamikadze dronlarını satsın. Bu ehtimal özünü doğrultsa, Ukraynada rus ordusunun itkiləri daha da arta bilər.
Paylaş: