Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə ölkədə Aİ-92 markalı benzinin qiymətinin artırılması ilə bağlı məsələyə münasibət bildirib və bu faktı yeni inflyasiya dalğasının başlanğıcı kimi dəyərləndirib. Qeyd edilib ki, dünyada neftin qiymətinin aşağı düşməsi fonunda yanacağın ölkədəki satış qiymətinin artırılmasının heç bir məntiqi əsası yoxdur, bu bahalaşmanın arxasında ARDNŞ-nin şübhəli xarici investisiyaları, israfçılıq, korrupsiya, lazımsız və qeyri şəffaf xərclərləmələr durur və bu addım Dövlət Neft Şirkətinin pis idarə edilməsindən meydana çıxan iqtisadi ziyanı xalqın hesabına kompensasiya etmək cəhdindən başqa bir şey deyil. İH-də həmçinin təəssüflə qeyd edilib ki, hakimiyyətin mövcud siyasəti ölkəni sürətlə sosial-iqtisadi çöküşə doğru aparmaqdadır.
İdarə Heyəti Ermənistanla Rusiya arasında yeni birləşmiş qoşun növlərinin yaradılması ilə bağlı Rusiya Dövlət Dumasında müzakirənin aparılması məsələsinə münasibət bildirib və təcavüzkar Ermənistanın hərbi cəhətdən gücləndirlməsinə xidmət edəcək bu faktın xalqımızın əleyhinə yönəldiyini, Azərbaycanla Rusiya arasında əməkdaşlığa, bu ölkənin Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü barış missiyasına zidd olduğunu diqqətə çatdırıb. ADP İdarə Heyətində qeyd edilib ki, Azərbaycan Rusiyanın bu addımına cavab olaraq, təcavüzdən qorunmaq üçün Türkiyə və Pakistanla müvafiq hərbi əməkdaşlığın həyata keçirilməsi istiqamətində təcili addımlar atmalıdır.
İdarə Heyəti son vaxtlar Azərbaycana məxsus “Silkvvay” hava yolları şirkətinin terrorçu qruplara silah daşıması ilə bağlı yayılan məlumatlardan ciddi şəkildə narahat olduğunu, bu cür dezinformasiyaların ölkəmizi blokadaya sala, təhdid altına düşürə biləcəyini diqqətə çatdırıb, buna görə də müvafiq dövlət qurumlarını bu məsələyə dərhal rəsmi münasibət bildirməyə çağırıb.
Toplantıda ötən həftə VHP qərargahında bir sıra müxalifət partiyası rəhbərlərinin görüşünə də münasibət bildirilib. Qeyd edilib ki, bu cür görüşlər təqdirə layiqdir və ölkənin köklü problemlərinə dair siyasi partiyaların birgə müzakirələr aparması, xalqın baş verən siyasi hadisələr barəsində məlumatlandırılması və mümkün əməkdaşlıq modelinin tapılması istiqamətindəki təşəbbüslər ADP tərəfindən bundan sonra da dəstəklənəcəkdir.
Paylaş: