Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vəzifəsindən ayrılmaq üçün istefa ərizəsi yazdığı bildirilir.
AFN xəbər verir ki, belə bir iddia ilə 10may.az saytı çıxış edib. Saytın yazdığına görə, nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifə ləğv ediləndən sonra, Fövqalədə Hallar Nazirliyində yeni problemlər yaranıb. 10may.az saytına daxil olan məlumata görə, FHN-in səlahiyyətlərinin ARDNŞ-ə və Nazirlər Kabinetinə verilməsi planlaşdırılıb. Kəmaləddin Heydərova gəldikdə isə onun Səudiyyə Ərəbistanına səfir göndəriləcəyi gözlənilir. Nazir Kəmaləddin Heydərovun isə 3 ay öncə istefa ərizəsi yazdığı bildirilir. Elə bu səbəbdən də onun “Gilan” holdinqdən imtina etdiyi də qeyd edilir.
Mənbə: https://afn.az/xeber/60771-kemaleddin-heyderov-istefa-erizesi-yazib.html
Xüsusi olaraq qeyd etməyi vacib hesab bilirik ki, bu məlumat 10may.az-a aiddir. Ovqat.com-un mənbələri isə fövqəlnazirin başı üstündə "qara buludlar"ın dolaşdığını inkar etməsələr də, vəziyyətin bu qədər kritik olmadığını bildirdilər. Kəmaləddin Heydərov iş başındadır və Azərbaycan hakimiyyətinin ən etibarlı şəxslərindən biri kimi tanınır.
Ovqat.com-un aldığı məlumatı FHN-liyi də etiraf edib. Nazirlikdən APA-ya verilən məlumatda deyilir:
"İyulun 18-də bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı heç bir əsası olmayan məlumatlar yer alıb. Bu məlumatlar həqiqətə uyğun deyil, tamamilə əsassızdır".
FHN mətbuat nümayəndələrini diqqətli və məsuliyyətli olmağa, nazirliklə bağlı məlumatları qurumun mətbuat xidməti ilə dəqiqləşdirdikdən sonra yaymağa çağırır.
Paylaş: