Uzun illər Naxçıvan MR Dövlət Gömrük Xidmətində işləmiş gömrük polkovnik-leytenantı Süsənbər Ağamalıyeva redaksiyamıza məktub göndərib. Məktubunda 2021-ci ildə Naxçıvan MR DGX-nin sabiq rəisi Səhət Həbibbəyli tərəfindən haqsız yerə işdən çıxarıldığını bildirən şikayətçi vurğulayıb ki, keçmiş rəhbərlik bu istəklərinə nail olmaq üçün tibbi komissiya təşkil edib. Komissiya isə onun səhhətinin gömrükdə işləmək üçün yetərsiz olduğuna qərar verib. Bir nov, Süsənbər xanımı ruhi xəstə çıxarıblar.
Süsənbər xanımın iddiasına görə, o, gömrük rəhbərliyinin qeyri-qanuni tələblərini yerinə yetirmədiyi üçün mənəvi və psixoloji repressiyaya məruz qalıb.
Doğrusu, Vasif Talıbov Naxçıvanında ruhi xəstəxanadan cəza müəssisəsi kimi istifadə edildiyi barədə çox iddialarla qarşılaşmışdıq. Amma ilk dəfədir ki, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserindən hər hansı məmurun işdən çıxarılması üçün istifadə olunduğu barədə eşidirik. Ümid edirik ki, əlaqədar qurumlar bu iddianı obyektiv araşdıracaq və faktlar təsdiqini taparsa, dispanserin baş həkimi Rəşadət Nabatov barəsində ölçü götürüləcək.
Naxçıvan DGX-də Gömrük Mühafizə Xidməti İnzibati İdarəetməninin təşkili Bölməsinin rəisi vəzifəsindən uzaqlaşdırılan Süsənbər Ağamalıyevanın Birinci Vitse-prezident Mehriban Əliyevaya ünvanladığı açıq məktubunu təqdim edirik.
Əziz və dəyərli Mehriban xanım!
Sizin fəaliyyətinizi yüksək qiymətləndirir və Cənab prezidentlə birlikdə əldə etdiyiniz uğurlarla fəxr edirik!
Siz, Cənab prezidentlə birlikdə Azərbaycan xalqının haqq səsini bütün dünyada tanıdırsınız. İcazə verin, Sizə və ailənizə ölkəmizin xoş sabahları naminə uğurlar arzulayım. Siz nəcib bir nəslin nümayəndəsisiniz. Bu gün böyük ictimai şəxsiyyətsiniz. Vaxtilə babanız Mir Cəlal Paşayevin kimsəsizlərə, Nəriman Həsənzadə kimi istedadlı insanlara göstərdiyi qayğını, diqqəti, həmçinin Ulu öndərin siyasətini Siz indi öz nəcib fəaliyyətinizlə davam etdirirsiniz. Siz həmişə bizə - qaçqın və məcburi köçkünlərə ümid dolu gələcək üçün stimul olmusunuz!
Əziz və dəyərli Mehriban xanım!
Ailəmiz 1988-ci ildə Qərbi Azərbaycandan, indiki Ermənistan ərazisindən didərgin salınmış və Naxçıvanda məskunlaşmışıq. Mən birinci sinifə Naxçıvanda getmiş, burada orta, ali və aspirantura təhsili almışam. "Ernest Heminquey və Şərq" mövzusunda müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. İki dəfə Ulu öndərin qarşısında çıxış edib, 1996-cı ildə Naxçıvanda, 1998-ci ildə Bakıda Ona öz hörmət və ehtiramımı bildirmişəm. Bütün canımla, qanımla həmişə Ulu Öndər Əliyevin siyasətini dəstəkləmiş, Onunla fəxr etmişəm. 1997-ci ildə Ulu öndərin tapşırığı ilə mənzillə təmin edilmişəm. Bütün bunları sadalamaqda məqsədim odur ki, yəni dövlətimə qəlbdən bağlı olmuş, Onun siyasətindən qayğı görmüşəm. Həmişə fəxr etmişəm ki, azərbaycanlıyam. Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsərindəki tərbiyəvi cəhətləri yüksək qiymətləndirib, özümə ideal seçmişəm. Görkəmli şərqşünas Aida xanım İmanquliyevin əsərlərini, Şərq və Qərb kontekstində elmi təhlillərini maraqla mütaliə etmiş və elmi işimdə bu haqda bəhs etmişəm. Hörmətli alimlərimiz Arif Paşayevi və Hafiz Paşayevi örnək şəxsiyyətlər hesab edirəm və onların fəaliyyətini Azərbaycan elminin xoş gələcəyi üçün böyük potensial hesab edirəm.
Əziz və dəyərli Mehriban xanım!
Sizi narahat etməkdə məqsədim odur ki, ziyalı və ideallarına inandığım bir nəslin nümayəndəsi kimi mənə kömək edəsiniz. Mən 12 il 2009-cu ilin iyun ayından 2021-ci ilin avqust ayına kimi Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində işləmişəm. İşlədiyim dövrdə bir sıra mükafatlara layiq görülmüş, təşəkkür və fəxri fırmanla, qüsursuz fəaliyyətimə görə 3-cü dərəcəli döş nişanı ilə təltif edilmişəm. Bütün nailiyyətlərimə Ulu öndər siyasətinin yaratdığı imkanlar hesabına nail olmuşam. Sizə, Muxtar Respublika rəhbərliyinə minnətdar olmuşam. Təəssüf ki, işdə əldə etdiyim nailiyyətlər birmənalı qarşılanmayıb, qısqanclıqla üzləşmişəm. Bunlar mənim kimi saf və təmiz ailədə böyümüş, milli və mənəvi dəyərləri uca tutan bir azərbaycanlı qızına təsirsiz ötüşmədi. Milli və mənəvi dəyərləri hər şeydən üstün tutmuşam.
Əziz və dəyərli Mehriban xanım!
Sizdən son dərəcə xahiş edirəm ki, mənə köməyinizi əsirgəməyin! İşimə bərpa olunmaqda mənə müvafiq köməklik göstərin. Məni haqsiz yerə, tapşırıqla "xəstəlik adı" ilə Gömrük Mühafizə Xidmətindən İnzibati İdarəetməninin təşkili Bölməsinin rəisi vəzifəsindən işdən azad olmuşam.
Sizə və ailənizə dərin hörmətlə,
Süsənbər Ağamalıyeva
Əcəmi məhəlləsi, bina 3, ev 39
Paylaş: