Türkiyənin başının zəlzələyə qarışmasından istifadə etməyə çalışan SEPAH Azərbaycan-Ermənistan sərhədində ciddi təxribat planlaşdırıb.
Ovqat.com-un məlumatına görə, hətta bu təxribat planında SEPAH İran azərbaycanlılarından da istifadə etmək niyyətindədir.
Təxribat planının SEPAH-ın 30 hərbçisinin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur. Plana görə, xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Zəngəzur (Sunik) rayonunda yerləşdirilib və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə birlikdə hazırlıq işləri aparılır. Əməliyyat qrupuna adı Azərbaycan hökumətinə məlum olan bir SEPAH generalı rəhbərlik edir. Uzun müddət Suriyada xidmət edən general yerli hərbi əməliyyatlar, təxribat və terror planlarının hazırlanması üzrə mütəxəssisləşib.
Məlumatı “Trend” İnformasiya Agentliyinin diplomatik dairələrdən aldığı informasiyalar da təsdiqləyir. İnformasiya Agentliyinin iddiasına görə, SEPAH-ın bu təxribat planı, hətta əməliyyatda iştirak üçün hazırlanan diversiya qrupunun bəzi döyüşçüləri haqqında dəqiq məlumatlar var.
“Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu "düşmənin canlı qüvvəsini məhv etmək" vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək. Azərbaycan ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın Şahid kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi də mümkündür”, - məlimatda deyilir.
Bildirilir ki, döyüşlərə Ermənistandan olan diversantların qoşulması da planlaşdırılır: “Təxribatın əsas məqsədi Azərbaycanın növbəti "təcavüz aktı" və Azərbaycan ordusunun "vəhşilikləri" ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Həmçinin, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.
Bu baxımdan, 2022-ci ilin sentyabrında Azərbaycanı İran-Ermənistan sərhədinə nəzarəti ələ keçirmək niyyətində ittiham edən Ermənistan xarici işlər nazirinin müavininin bəyanatını xatırlatmaq yerinə düşər ki, bu da İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə səbəb olmuşdu”, - “Trend” məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, təxribat hazırlığında olan 30 iranlı ötən ilin ortalarında Laçın yolu ilə Qarabağa gəlib və indi də orada qalması faktlarla sübut olunub. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğu üzə çıxıb.
Paylaş: