Xəbər lenti

 

 Sizlə mənim başlıca fərqim bilirsinizmi nədir? -

Siz bir əsr əvvəlin hadisələrinə

əsaslanıb nəticə çıxarırsınız, mən bir əsr sonra nələr baş  

verəcəyini əsas götürərək, nəticəyə gəlirəm.

 

 

Hörmətli Aləm bəy!

 Açıq məktubunuzdakı suallara daha dolğun cavab vermək üçün əvvəlcə əsas suala cavab verməyimiz lazımdı. Nə üçün eyni idealogiyaya, milli dünyagörüşünə, məqsədə malik olmağımıza baxmayaraq, ölkənin inkişafı, dil-təhsil problemlərinin həlli yollarında tamamilə fikirlərimiz əks mövqelərə keçdi? Bu səbəb və bizim yanaşma üsullarımız mübahisələrə xeyli aydınlıq gətirəcək.

Mənə elə gəlir ki, əsas səbəb də bizim yanaşma üsullarımızdadı. Mən hər hansı bir tədbir planlaşdırarkən, intiqam hisslərindən uzaq, emosiyalarımı tam cilovlayaraq, soyuq ağılla yalnız əldə oluna biləcək son nəticəyə uyğun hərəkət edirəm. Siz və bütün opponentlərim, hətta milli ideologoyanın formalaşmasında ən böyük rolu olan dahi şəxsiyyətlərimiz, daha gerçək maddiliyi, real nəticəni kənara atıb ilk növbədə qəlb rahatlığı, emosional hissiyyatın sakitləşməsi nöqteyi-nəzərindən hərəkət edirsiniz. İndi gəlin, görək bizim müxtəlif yanaşma üsulları nəticə etibarı ilə bu xalqı hara aparacaq?

Mənim təklifim: türk dilinin rəsmi dövlət dili kimi qalması və onun ictimai həyatda rolunun qanunvericiliklə möhkəmləndurilməsi. Yəni bütün dairələrdə, xüsusilə dövlət strukturlarında istifadəsinin və öyrənilməsinin məcburiyyəti, başlıca dünya dilləri üçün onlayn tədris proqramlarının dövlət vəsaiti hesabına təşkili, xüsusi proqramlar - türk dialektləri və dünya azərbaycanlıları üçün ( 80%-i bədii ana dilini bilmir) dünya informasiya bazasına dilimizdə çıxışın müəyyən olunması, yəni başlıca dünya onlayn informasiya resurslarının dilimizə tərcüməsi, əsasən türk dialektləri hesabına lügət resurslarının bir neçə qat artırılması, tədricən ortaq türk dilinin formalaşmas və s.

Bununla bərabər, həm də ana dilinin inkişafı üçün ingilis və rus dillərinin qanuni ünsiyyət dili kimi qəbul olunması, bütün dövət məmurlarının qəbulu zamanı üç dilin mükəmməl öyrənilməsi şərtinin qoyulması, bütün təhsil ocaqlarında   məcburi tədrisin üç dildə aparılması (humanitar dərslərin mütləq türkcədə, texniki və riyazi dərslərin isə ingilis və rus dilində aparılması, yəni hər hansı təhsil ocağını bitirmiş şəxs üç dilin üçünü də mükəmməl bilməli və istifadə etməyi bacarmalıdı).  

Bu, bizə nə verəcək?

Birinci növbədə, mənim ana dilimi geniş surətdə yayılmasını, həm də dilin daşıyıcılarının dünya informasiya bazasına, ucsuz-bucaqsız  elm-təhsil məkanına  çıxışını təmin edəcək, qısa zaman içərisində intellektual potensialı, insanların potensial məcmu gücünü dəfələrlə artıracaq, iqtisadiyyatı gücləndirəcək, ölkənin hərbi qüdrətini yüksəldəcək (hərbiçilərin rus və ingilis dili ilə yalnız dünya hərbi texnalogiya bazarına çıxış hüququ olduqca böyük problemləri həll edə biləcək). Bu gün ana dilində olduqca kasad və bayağı, qeyri-obyektiv, şəxsiyyətə pərəstij, yaltaqlıq, riyakarlıq elementləri ilə dolu olan  resurslarla yalnız zəif düşüncəli, elm və təhsildən çox uzaq müsəlman qulu yetişdirə bilərsiniz. İnkar etməkdə məqsədiniz budursa, o zaman 20-ci əsrin şeyxnəsrüllahlarının müasirləri kimi düşündüyünüzü hiss edirsinizmi? 

 İkinci, qardaş türk xalqları ilə ünsiyyəti təmin edəcək. Oponentlərimə və sizə (hamınız  da türk milliyətçilərisiniz) soruşmaq istəyirəm:  rus dilini çıxdaş etməklə, 25-26 türk qrupları, bu qədər böyük Rusiya elmi, sənayesi, bazarı  ilə hansı dildə ünsiyyət quracaqsınız?

Hələ bu gün Azərbaycan əhalisinin bəlkə də yarısının bu əlaqələrə ciddi ehtiyacı var. Bu xalqlar keçmiş Sovet ittifaqının və indiki Rusiyanaın ən zəngin torpaqlarına, böyük ərazilərinə sahibdir. Qazağıstanın  resurslarla zəngin ərazilərinin sahəsi 2,7 milyon kv km, Yakut-Saxanın ərazisi 3,1 milyon kv km. Rus əhalisi, hər ildə 1 milyon azalır, əsrlər boyu türk xalqları ruslarla bərabər yaşamışlar, hər nə olsa belə, ən azı iki-üç əsr yenə də  belə davam edəcək. Rusiya ərazisində yerləşən Türk xalqlarının, həmçinin Sovet məkanından çıxmış  türk dövlətləri ilə yaxınlaşmanın yeganə real yolu bu dil vasitəsi ilə olacaq. Ortaq türk dilinin yaradılması, real yanaşmaq lazımdı, yaxın onilliklərdə baş tutan şey deyil. Əgər sizin dediyiniz yolla gedəsi olsaq, qardaş xalqlardan tədric olacağıq, ayrılıq məsafəsi getdikcə artacaq, Azərbaycan xalqını bu qədər zəngin resurslardan yararlanmaq imkanından mərhum edəcəksiniz.

Üçüncüsü, dil ünsiyyət, münasibət qurmaq vasitəsidi. Öz təcrübəmdən deyirəm, tərcüməçi ilə heç vaxt şəxsi münasibət qurmaq mümkün deyil, həm də çox bahalıdı, əməktutumludu, kapital tutumludu. İllah da ki, bir xalqın öz dili ilə ona müraciət edirsənsə, hər kəs bunu müsbət emosiya ilə qarşılayır, istər dost olsun, istər düşmən. Amma nə rusları, nə də Rusiyada yaşayan xalqları Azərbaycana düşmən saymıram, daha çox dostluq izləri görürəm, nəinki, düşmənçilik, əgər belələri varsa da, yenə onlara öz dillərində müraciət etməklə, dillərini mükəmməl bilməklə problemləri daha tez və daha  az zərərlə  həll etmək olar.

Bu istiqamətdə iki nümunə gətirmək istəyirəm; biri Qazağıstan nümunəsi: emosyyalarını cilovlayaraq rus dilini rəsmi dil kimi qəbul etməklə hətta aqressiv düşünən rusları zərərsizləşdirdilər, qansız, qadasız, tanksız, topsuz, inkişaf edən, böyük hərbi və elm potensialı olan ən güclü dövlət qurdular. Hətta Rusiya kimi dövlətin böyük dağıdıcı qüvvəsini yalnız zərərsizləşdirmək deyil, hətta onu faydalı enerjiyə çevirib Qazax xalqının mənafeyinə istifadə edə bildilər. Elm qarşısında duran ən mühüm vəzifə təkcə təbiətin dağıdıcı qüvvəsini deyil, həm də dağıdıcı siyasi gücün faydalı enerjiyə çevirməsindən ibarətdi. Bəli, dağıdıcı siyasi gücün faydalı enerjiyə çevrilməsinin gözəl nümunəsini Qazaxıstan həyata keçirə bildi.  

İkinci nümunə Ukraynadı; başlanığıcdan rus dilini ciddi sıxışdırmaqla, nəticəni düşünmədən, emosional sürətlə sovetlərin ən güclü dövlətini sarsıtdılar, iki qardaş xalqı barışmaz düşmənçiliyə sürüklədilər. 21 əsrdə ən qəddar üsullarla ölkələrini müharibəyə soxdular, bütöv şəhərləri, kəndləri viran qoydular, 10-minlərlə insanın həyatına son qoydular. Amma Rusiyanın dağıdıcı gücünün faydalı enerjiyə çevirmək imkanları Qazaxıstana nisbətən, Ukraynada  bir neçə dəfə çox idi.

İngilis və rus dillərinin Azərbaycanda ictimai dövriyyəyə cəlb etmənin üstünlüklərini və nəticə etibarı ilə faydalarını saymaqla bitən deyil, mən sizin fikrinizlə bunun mənfi cəhətlərini inkar etməklə mübahisələrə son vermək istərdim. Sizin və digər oponentlərin şübhələri daha çox iki amil üstündə durur.

Birinci amil: Ana dilimiz çıxdaş olacaq, ümumiyyətlə bu dildə danışan olmayacaq, hər kəs rus və ingiliscə danışacaq. Biz türk dilinin eyni dialektində danışan iki xalqdan ibarət idik, Cənubi Azərbaycan və biz. Bu gün Cənubi Azərbaycan türkcəsi kimi  bir elmi-qrammatik dil deyə bir şey yoxdu, amma Türk dialektləri  içərisində elmi cəhətdən  ən mükəmməl işlənilmiş Şimali Azərbaycan türk dialekti var və bu  Azərbaycanın Rusiyanın tərkibində olduğu vaxtda formalaşmışdı, Stalin hakimiyyətinin ən güclü vaxtında Türk dilçilərinin I Ümumdünya Qurultayı da (1926-cı il) Bakı şəhərində keçirilmışdır. Mükəmməl universitetlər, məktəblər, dilçilik elmi tədqiqat institutları da o vaxt yaradılmışdır. Hər kəsin haqqı düzgün qiymətləndirilməlidir. Həmin Sovetin tərkibində rus dilinin hegemon olduğu şəraitdə ana dilimiz bu qədər inkişaf etdirilmişdirsə, mükəmməl dil formalaşmışdırsa, rus dili ana dilimizi çıxdaş etməyibsə, müstəqillik illərində, hər qərar qəbulu özümüzün əlində olduğu halda, özümüzün rus dilini cəlb etdiyimiz halda rus dili və ya ingilis dili ana dilimizi necə sıxışdıra bilər? Şübhələri ifadə edəndə opponentlər bu iddianın gerçəkləşməsi mexanizmi haqqında düşündülərmi heç? Bu millət, çox saylı ziyalı şəbəkəsi nə qədər manqurt, tarixindən, elindən-obasından, dostlarından-qohumlarından bezmiş-nifrətli biri  olmalıdır ki, öz ana dilindən  imtina etsin.   Hətta abstrakt olaraq  opponentlərin düşünülməsi  absurd olan şübhələrini qəbul etsək belə, yenə də ana dilinin birinci növbədə məcburiyyəti və dövlət dili kimi tək dil olması şəraitində mümkün deyil. Əksinə dövlət dili-ana dili ilə bərabər iki başqa dilin işlək vəziyyətə gətirilməsi ən azından ana dili haqqında elm sahiblərinin beynəlxalq dilçilik elminə sərbəst çıxış əldə etmələri ilə ana dilini xeyli zənginləşdirəcək.

Digər tərəfdən, kənarda yaşayan 40 milyon soydaşlarımızın elmi ana dilini öyrənməsinə, bununla elmi ana dilinin daşıyıcılarının sayını 7-8 dəfə artırmağa,  bununla da dilin zənginləşməsinə kömək edəcək. Mənim üçün ən böyük qəbahət öz doğmalarımla, xüsusilə Cənublu qardaşlarımızla, elmi müzakirələri və bəzən də sadə danışıqları ana dilimizdə apara bilməməyimizdi. Yaxın günlərdə çox hörmət etdiyim alimlərimizdən biri  xəmiri qanlı kommunist sərsəmləri  ilə yoğrulmuş birinin sitatını (İki azərbaycanlının öz aralarında rusca danışması simasızlığı) təsdiq edərək göstərirdi ki, gərək ana dilindən istifadə edək. Mənim fikrimcə əsil simasızlar bu 50 milyonluq əhalini bu hala gətirib çıxaranlardı. 40 milyon əhaliyə biz öyrənmək üçün heç bir şərait yaratmırıqsa, bəzi hallarda hətta bu millətə öz dilində danışmaq qadağan edilirsə, necə danışmalıdır bu insanlar?  Ümumiyyətlə, iki insanın öz aralarında hansı dildə danışmağının simasızlıqla nə əlaqəsi var, bu nəyi dəyişə bilər ki? Yoxsa, hər qərarımı bu psixologiyaya  (populizm, emosiyya) uyğun qəbul edirik?  

İkinci amil:Rus dilinin rəsmi dil elan olması Rusiya siyasətinə münbit şərait yarada bilər” xofu.

 Bu tədbir belə bir rol  oynaya bilməz, tam əksinə rusların dilini bilmək bu ölkənin bütün içinə-biçinə bələd olmaq və buna uyğun faydalı qərarlar qəbul etmək deməkdir. Bir ölkə haqqında nə qədər çox informasiyaya malik olsan, bir o qədər düzgün qərarlar qəbul edə bilərsən. Həm də alternativ mənbələr əldə etmək (yalnız ana dilində kasad və adətən qeyri obyektiv məlumatların ümidinə qalmaq milli inkişaf üçün  böyük təhlükədi) imkanı verir. Əgər Rusiya siyasəti ana dilində yazılandan daha mütərəqqidirsə, onu öyrənmək və tətbiq etmək hüququnu  millətin əlindən heç kim ala bilməz. Vaxtı ilə Malaziyadan ayrılıb müstəqilliyini qazanan Sinqapur çoxdillilliliyi,  o cümlədən malay dilini qəbul edərək, qısa zaman içərisində kiçicik ərazidə nəhəng Malaziyadan 1,4 dəfə çox məhsul istehsal edir. Vaxt gələr, Sinqapurdan 125 dəfə böyük ərazisi  olan Azərbaycan da Rusiyadan daha çox məhsul istehsal edə bilər. 

 

Yeri gəlmişkən, Aləm bəy, sizin bir neçə  ayrıca iradınızla əlaqədar bəzi fikirlərimi bildirmək istərdim. Deyirsiniz ki, Sinqaurun inkişafı çoxdilliliklə əlaqədar deyil. Bu iddianı təsdiq etməklə siz təhsilin rolunu inkar etmiş olursunuz. Çoxdillik və təhsilin ingilis dilinə keçirilməsi, elmin sürətlə inkişafı Sinqapuru ayağa qaldıran amillər içərisində ən azı 50%, məhkəmə islahatları və antikorrupsiya tədbirləri 30% paya sahibdir, bunu bütün dünya alimləri təsdiq edir və mənim də sizə qoşulub bunu inkar etməyə heç bir əsasım yoxdur. Sinqapur iqtisadiyyatı mənim 30 illik tədqiqat obyektimdi (orjinaldan, şaiələr əsasında deyil), burada bir az sizə biliklərinizi dərinləşdirmək lazımdır.

İkinci iddianız: “Kim istəyirsə, hansı xarici dili istəyirsə öyrənsin, buna hər cür şərait var”. Çox sadəlövh düşüncədir, belə bir yüksək şüurlu cəmiyyətə malik olsaydıq, lazım olan dilləri hər kəs özü öyrənsəydi, bizim bu ibtidai müzakirələrimizə, məktublaşmağa nə ehtiyac var idi? Təəssüf edirəm ki, bu gün sizinlə, hansı planetə yiyələnmək, fəzanı necə fəth etmək, robotları necə dilləndirək, istifadə edək məsələlərini deyil, hansı dildə danışmamızı, hansı informasiyaya çıxmamızı, Quranı hansı dildə oxumamızı, mərsiyyəni hansı dildə deməmizi müzakirə edirik. 200 milyonluq ərəb, o cümlədən minlərlə İŞİD-çılar Quranı, duaları, Yasini, azanı  öz başa düşdüyü dildə oxuyur. Qahirə universitetinin 100 minlərlə tələbəsi Quranı əzbər bilir, bir fayda görürlərmi? Və ya Atatürk bir vaxt Türkiyədə Quranı, azanı türkcə oxutdururdu, nə qazandı? Müsəlmanlar Quranın mahiyyətini daha yaxşı anladılar və dünyavi rejimi faktiki olaraq devirdilər və şəriəti, diktaturanı hakimiyyətə döndərdilər.

Ölkənin inkişafı yüksək təhsildən, elmdən, yüksək təhsilin yolu elm-təhsil dillərindən, elm-təhsil dillərinin mənimsənilməsi isə qanuni məcburiyyətdən keçir. Bu deyilənlərə qarşı durmaq isə şeyxnəsrullahların, 19-20-ci əsrin mollalarının ideyalarının müasirləşdirilməsidir. Əmin edirəm, vaxt gələcək indi o vaxtın mollalarını necə qınayırıqsa,  yeni nəsil eləcə də sizləri qınayacaq. Sizlə mənim başlıca fərqim bilirsinizmi nədir? Siz bir əsr əvvəlin hadisələrinə əsaslanıb nəticə çıxarırsınız, mən bir əsr sonra nələr baş verəcəyini əsas götürərək nəticəyə gəlirəm.

Üçüncü iddianız: “Qazaxıstan haqqında bilgilərim düz deyil”. Qazağıstan türk dövlətlərinin  ən geridə qalmışı olduğu halda bu gün inkişaf üçün ən vacib məsələ olan təhsil indeksinə görə İspaniya, Portuqaliya, Avstriya ilə  yanaşı 37 –ci yerə yüksəlmişdi, 57 müsəlman ölkəsinin isə birincisidir,  müqayisə üçün Azərbaycan 68-ci yerdədi. Buradan çıxan nəticə: digər bütün göstəricilər üzrə Türk dövlətlərinin, MDB ölkələrinin  birincisidi, inşallah belə davam etsə, dünya birinciliyinə gəlib çıxacaq.

Sizdən fərqli olaraq görkəmli Qazax alimləri bu müvəffəqiyyəti rus və ingilis dillərinin tətbiqi, əksər təhsil ocaqlarının ingilis dlinə keçirilməsi, yeni nəhəng Nazarbayev universitetlərinin, məktəblərinin (Heydər Əliyev məscidləri deyil) açılması ilə əlaqələndirirlər. İngilis dili də demək olar ki, rəsmi dil statusu qazanmaq üzrədir. Bunların sayəsində ana dilinin inkişafında elə bir müvəffəqiyyət əldə olunmuşdur ki, bütün tarix boyu qazax dili belə genişlənmə görməmişdir. Bütün universitetlərdə, məktəblərdə  humanitar  fənlər qazax dilində keçirilir, əhalinin 80%-i artıq bu dildə danışır, bütün ölkəni demək olar ki, “Bolaşak- Bolacaq-gələcək” proqramının məzunları olan qazax dilindən test imtahanları verən mütəxəssislər idarə edir. Təcrübədən yararlanmaq lazımdı.

Paytaxtın Astanaya köçürülməsi taktiki gediş idi, rus dilli əhalinin Almaatadan çıxarılması məqsəd deyildi. Bununla böyük strateq bir tərəfdən qeyri-qazaxlarla məskunlaşmış şimal rayonlarında balans yaradılması, məhsuldar qüvvələrinin düzgün yerləşdirilməsi problemini həll etdi və  tarixdə gözəl memarlıq əsərinin yaradılması vəzifəsini yerinə yetirdi. Başqa türk dövlətlərində və post-sovet məkanında uzun müddətdir ki, yeni bir şəhər salınmamışdı, tarix birinci növbədə memari əsərlərlə yaddaşlarda qalır.

HÖRMƏTLƏ, prof.dr. Saleh Məmmədov

21.07.2016




Ana səhifəyə qayıt        Baxış: 1 632          Tarix: 21-07-2017, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma