Xəbər lenti

Limunət Əmrahlı: “Düşmən obrazı bəziləri üçün hələ də aydın deyil, səbəb isə...”

Son bir ildə Azərbaycanda vətənə xəyanət ittihamı ilə həbs edilənlərin  sayında ciddi artım müşahidə edilir. Hansı ki, bu günlərdə DTX da 6 nəfəri bu ittihamla həbs etdi. 
Maraqlıdır, vətənə xəyanət hallarının çoxalmasının arxasında hansısa psixoloji amilin dayanması mümkündürmü? Bu tendensiyanın psixoloji tərəfi varmı? Bir insanın vətən xaininə çevrilməsi üçün onun psixologiyasında hansısa dəyişikliyin baş verməsi şərtdirmi? 
Moderator.az -a açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı baş verənlərin hamı üçün narahatverici və düşündürücü bir hal olduğunu vurğuladı:
“Bu məsələ, mənə elə gəlir, hər bir vətəndaşı düşündürməlidir. Ağrıdıcı hadisələr olsa da açıq düşüncə ilə yanaşmalıyıq. Düzdür, belə halların yalnız bircə hüquqi qiyməti var - xəyanət! (həqiqətən də sübut edilibsə). Ancaq onun psixoloji və sosioloji tərəflərinə gəldikdə, mənzərə başqadır.
Bilirsinizmi, 90-cı illərdən, Azərbaycan müstəqilik əldə etdikdən sonra insanların şüurunda dəyişmələr gedir. Əvvəl "qardaş" dediyimiz xalq indi bizə düşmən olub. Onlar bizim ailə üzvlərimiz, qonşumuz, iş yoldaşlarımız, dostlarımız, "kirvələr"imiz idilər. İndi də bu əlaqələr müxtəlif formalarda davam edir. Ona görə də "düşmən" obrazı hələ də bizim üçün aydın deyil. Ayrı-ayrı fərdlərdə bu obraz, hələlik qarışıqdır. Bizim kimi- ailəsi şəhid vermiş, taleləri tari-mar olmuş insanlar üçün bu anlayış aydındır. Hamı belə düşünmür axı. 
Digər tərəfdən, ölkənin etnik tərkibi, sosial ədalətsizliklər bu obraza fərqli yanaşmalar formalaşdırır. Mətbuatda tez-tez bu yönümdə yer alan informasiyalar insanların siyasi mövqeyində, sosial maraqlarında və sərvət meyillərində də ziddiyyətli vəziyyətlər yaradır. Bunları qeyd etməkdə mən heç də Vətənə xəyanətə cəhd edənlərə və ya onu həqiqətən də həyata keçirənlərə haqq qazandırmaq fikrində deyiləm. Əksinə, vətəndaşaların düşüncələrində bu kimi psixoloji qarışıqlıqlar yaradanların da cəzalandırılmasını istəyirəm. Əgər ölkənin məmurlarını adları erməni, PKK əsilli insanlarla işbiliyində suçlandırılırsa, onlar niyə cəzalandırılmırlar? Burada, şübhəsiz ki, artıq vicdana yer qalmır. Məsələyə hüquqi don geydirilirsə, o halda düşmən-düşməndir. O, hamımız üçün düşmən olmalıdır. Yalnız cinayət başında yaxalananlar üçün deyil”.



Ana səhifəyə qayıt        Baxış: 945          Tarix: 21-07-2017, 15:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma