Xəbər lenti



Sanksiya tətbiq edilən məhsulların Türkiyə üzərindən Rusiyaya gətirilməsi dayandırılıb.

 

Ovqat.com-un məlumatına görə, “Kommersant FM” radiosu bu xəbəri yayıb.

 

 Rusiya logistika şirkətlərinə istinad edilən xəbərində Türkiyə gömrük orqanlarının qəfil qərarla Rusiyaya gedən məhsulların daşınmasını dayandırdığı bildirilib.

 

Transasia kommersiya direktoru Valeriya Savenkova mövzu ilə bağlı verdiyi açıqlamada, "Hər hansı bir rəsmi təlimat və ya qərar gözləmirik. Çünki bu, Türkiyənin keçmişdə Rusiyaya sanksiyaya məruz qalan məhsulların daşınması ilə əlaqəli olduğunu etiraf etməsi deməkdir. Bu gündən etibarən Türkiyənin Rusiya qarşısında heç bir öhdəliyi yoxdur. Tranzit və ixrac daşımalarını ehtiva edən sistem işləmir".

 

Başqa bir logistika şirkəti “Optimalogun baş meneceri Georgiy Vlastopulo, əvvəllər müəyyən edilmiş daşıma əməliyyatlarının çərşənbə günündən etibarən dayandırıldığını bildirərək, dünən axşamdan etibarən Türkiyə gömrükündən qeyri-türk mallarının buraxılmayacağına dair bildirişlər aldıqlarını söyləyib.

 

Xəbərdə xatırladılıb ki, Rusiya prezidenti Vladimir Putin keçən iyun ayında paralel idxal icazəsi verdikdən sonra Türkiyə Rusiyaya gedən məhsullar üçün əsas mərkəzə çevrilmişdi.

 

Ötən ilin avqust ayında Türkiyənin Rusiyaya 738 milyon dollarlıq ixracatı bütün zamanların rekordu olaraq qeydə alınmışdı. Bundan əlavə, 2022-ci ildə Türkiyə Rusiyaya ixracını 62 faiz artaraq 5,7 milyard dollardan 9,3 milyard dollara yüksəltmişdi.

 

 

Paralel idxal siyahısında bir çox marka var

 

Paralel idxal, bəzi məhsulların marka sahibinin icazəsi olmadan xarici bazarlara ixracı asanlaşdıran ticarət sisteminə verilən addır. Sanksiyaların təsirlərini yumşaltmaq və ölkədə beynəlxalq mallara olan tələbatı ödəmək üçün Moskva administrasiyası bəzi məhsulların paralel idxalını leqallaşdırmışdı.

 

Rusiya Sənaye və Ticarət Nazirliyinin nəşr etdiyi sənədlərdə paralel idxalına icazə verilən məhsullar arasında Apple, Mercedes-Benz, Samsung, Microsoft, Siemens, Intel, Sony və Mitsubishi kimi beynəlxalq markaların məhsulları var.

 

Paralel idxal tənzimləməsindən əvvəl bu məhsulların Rusiyada marka sahibinin razılığı olmadan satışı qanunsuz idi.

 

Siyasət dəyişikliyinin arxasında ABŞ təzyiqimi dayanır?

 

“Kommersant”ın mənbələrinə görə, Türkiyənin qəfil siyasət dəyişikliyinin arxasında ABŞ-ın təzyiqinin olması ehtimalı yüksəkdir.

 

Məlum olduğu kimi, son aylar Rusiya sanksiyaları ilə bağlı ABŞ-ın Türkiyəyə təzyiqləri artıb.

 

Avqust ayında TÜSİAD-a məktub göndərən ABŞ Maliyyə Nazirliyi rəsmiləri bir neçə ay sonra Türkiyə Odalar və Birjalar Birliyi (TOBB) və Xarici İqtisadi Əlaqələr Şurasına (DEİK) müraciət sanksiyaya məruz qalan ruslarla ticari əlaqələr qurmamaq ricasında bulunmuşdular. 

 

Ötən ay Xəzinədarlıq Departamentinin müşaviri Brayan Nelson Türkiyəyə gələrək Rusiya və İrana qarşı sanksiyalarla bağlı bir sıra danışıqlar aparmışdı. Vaşinqtondan gələn xəbərdarlıqlarda bildirilmişdi ki, sanksiya siyahısında olan Rusiyanın fiziki və hüquqi şəxsləri ilə ticarət əlaqələri Amerika bazarına girişi əngəlləyə bilər.

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 188          Tarix: 10-03-2023, 16:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma