“ABŞ Rəcəb Tayyib Ərdoğan hakimiyyətini Kürdüstan planını həyata keçirsin, deyə Türkiyənin başına gətirdi. Amma 2014-cü ildən etibarən Tayyib Ərdoğan və onun komandası ABŞ-ın idarəsindən çıxdı”.
Ovqat.com xəbər verir ki, bu maraqlı iddianı Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek irəli sürüb.
Dənizlidə keçirilən “'Bərzaninin Separatçı referendumu: Türkiyə və bölgə ölkələri” mövzulu konfransda iştirak edən Perinçek tədbirdə dilə gətirdiyi iddialarını ABŞ-ın 1991-ci ildən bəri Yaxın Şərqdə yürütdüyü siyasətə nəzərən əsaslandıraraq deyib: "Birinci Körfəz müharibəsində ABŞ İraqa hücum etdi. İndi açıq-aşkar ortaya çıxdı ki, məqsəd ikinci bir İsrail dövlətini qurmaq idi. Amerika həmin müharibə zamanı İraqa “30-cu paralelin yuxarısına keçə bilməzsən” dedi və orada faktiki olaraq avtonom bir kürd dövləti quruldu. Vətənsevərlər və Səddam İraqdan təmizləndikdən sonra İran, Suriya və Türkiyəni təhdid edən ikinci addım atıldı”.
Perinçekin fikrincə, bu ikinci addım faktiki qurulmuş olan Kürdüstan projesini rəsmiləşdirməkdir və Bərzaninin keçirməyə çalışdığı müstəqillik referendumu da buna xidmət edir.
Bununla belə, partiya sədri, Ərdoğan və komandasının 2014-cü ildən etibarən ABŞ-ın iradəsindən kənarlaşdığını və Türkiyənin milli maraqları dairəsinə daxil olduğunu da gizlətməyib. Onun fikrincə, ABŞ yolundan öz cızığından çıxan Türkiyə prezidentini buna görə cəzalandırmağa, hakimiyyətdən salmağa çalır və ötən ilin 15 iyulunda baş verən çevriliş cəhdinin başlıca səbəbi də bu idi:
"15 İyul - yalnız əliyalın camaata qarşı döyüş deyildi, Türkiyə və Amerika arasında tanklarla, vertolyotlarla, silahlarla aparılan bir müharibə idi. Türkiyə həmin müharibədə 249 şəhid verdi, 2 min 148 adam isə yaralandı...
Bu çevriliş cəhdi də ABŞ-ın Kürdüstan planına daxil idi. ABŞ Ərdoğan iqtidarını Kürdüstan planını həyata keçirsin deyə, hakimiyyətə gətirmişdi. 2014-cü ildən etibarən isə bu iqtidar ABŞ-ın idarəsindən çıxmış, Türkiyənin idarəsinə girmişdi. Artıq Ərdoğan Türkiyəni deyil, Türkiyə Ərdoğanı idarə edir».
Paylaş: