Xəbər lenti

 Məşhur Həmrəylik həmkarlar təşkilatının yaradıcısı və postkommunist Polşanın ilk prezidenti Lex Valensa qalmaqallı məhkəmə islahatlarına qarşı keçirilən etiraz aksiyasına qoşulub.

 APA-nın “Alman dalğası” radiosuna istinadən verdiyi məlumata görə, iyulun 22-də Qdanskda keçirilən etiraz aksiyasında çıxış edən L. Valensa 1989-cu ildə demokratik Polşanı qurduqlarını bildirib və polşalıları bütün mümkün vasitələrlə demokratik Polşanı qorumağa çağırıb.

 Polşanın sağ-mərkəz hökumətini ittiham edən L. Valensa deyib ki, onların nəsilləri Polşanı düz yola istiqamətləndirib, hakimiyyətin demokratik bölgüsünə nail olublar: “İndi imkan vermək olmaz ki, hər şey dağıdılsın.

 Qeyd edək ki, dünən Qdansk da daxil olmaqla, bütün Polşada qalmaqallı məhkəmə islahatlarına qarşı etiraz aksiyaları keçirilib. Axşam saatlarında isə Polşa Senatı 55 lehinə, 23 əleyhinə olmaqla və 2 nəfər bitərəf qalmaqla, qalmaqallı məhkəmə islahatlarına dair qanunu qəbul edib. Parlamentin aşağı palatası olan Seym bu qanunu iyulun 20-də qəbul etmişdi.

 Qanunun əleyhdarları bildirirlər ki, bu qanun Ali Məhkəməni faktiki hökumət və parlamentin nəzarəti altına salır, hakimiyyətin bölgüsü prinsipini aradan qaldırır, hüquqi dövlətə qarşı sui-qəsddir. Qanun Polşa prezidenti imzaladıqdan sonra qüvvəyə minə bilər. Prezidentin qanunu imzalaması üçün 21 günü var.

 Avropa İttifaqı da Polşada məhkəmə islahatları ilə bağlı qanununa qarşı çıxır. Avropa İttifaqının vitse-prezidenti Frans Timmermans bəyan edib ki, Avropa İttifaqı Lissabon razılaşmasının 7 maddəsi üzrə proseduru başlada bilər. Bu maddə üzv ölkənin Avropa İttifaqına üzvlükdən məhrum edilməsini də nəzərdə tutur. 




Ana səhifəyə qayıt        Baxış: 1 043          Tarix: 23-07-2017, 12:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma