Xəbər lenti


Tanınmış jurnalist, “TNS” informasiya agentliyinin direktoru Tural Səfərov təhdid olunur.

Jurnalist bununla bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Tural Səfərov Musavat.com-a açıqlamasında bildirib ki, peşə fəaliyyəti ilə əlaqədar son vaxtlar sosial şəbəkələr üzərindən təhdid və təhqir olunur. Onun sözlərinə görə, bu təhdidlərin şəxsinin və ailə üzvlərinin həyatı üçün ciddi təhlükəyə çevrildiyini nəzərə alaraq, Daxili İşlər Nazirliyinə müraciət etməyi qərara alıb.

Juranalist deyib ki, “Facebook” sosial şəbəkəsində “Heyder Oguz” adlı feyk hesabda fotoşəkilləri paylaşılaraq şəxsi və ailə üzvləri təhqir olunur: “Bu səhifədəki paylaşımlarda günün birində evimə gələndə sui-qəsdə məruz qalacağımla bağlı təhdid və hədələr də var”.

Tural Səfərov bildirib ki, bu təhdidlər bir neçə aydır, davam edir.

“Hələ bu ilin əvvəlində Daxili İşlər Nazirliyinin müvafiq qurumuna bununla bağlı müraciət etmişdim. Təəssüf ki, buna ciddi əhəmiyyət verilmədi, nəticədə isə təhqir, təhdid və hədəqorxular daha da çoxaldı. Mənim və ailəmin başına gələcək hər hansısa hadisə ilə bağlı əvvəlcədən xəbərdarlıq edərək bundan sonra olacaqlar üçün məsuliyyət daşımadığımı bildirmək istəyirəm. Açıq bəyan edirəm ki, məni öldürə bilərlər. Əgər məni və ailə üzvlərimdən birini öldürsələr, bunun məsuliyyətini bu ölkənin hüquq-mühafizə orqanları daşıyır”, - jurnalist əlavə edib.

O, şəxsini və ailə üzvlərimi təhqir və təhdid edən, həyatları üçün ciddi təhlükə hesab etdiyi şəxslərin tapılaraq Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə cəzalandırılması üçün qanunamüvafiq tədbir görülməsini hüquq-mühafizə orqanlarından xahiş edib.

Jurnalist kimdən şübhələndiyi ilə bağlı qəti fikir söyləməyib.

Qeyd edək ki, Tural Səfərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qatı tənqidçilərindən biridir. O, bu gün də Vasif Talıbovu və onun keçmiş komanda üzvlərini sərt tənqid edir. Son vaxtlar isə rəhbərlik etdiyi informasiya agentliyində Naxçıvan Ali Məclisinin Aparat rəhbəri ilə bağlı kəskin tənqidi yazılar dərc olunub.

 

Ovqat.com-un əlavəsi 

 

Qeyd etmək istəyirik ki, saytımızın baş redaktorunun adı ilə yaradılmış bu profilin Heydər Oğuza heç bir aidiyyəti yoxdur. Vasif Talıbov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra yaradılan həmin saxta profillə Heydər Oğuz və onun yaxın dostlar hədəfə alınır. Məqsəd, təbii ki, Vasif Talıbov istibdadına qarşı çıxan qələm adamlarını nüfuzdan salmaq və dolayısıyla “xan” rejiminin qisasını almaqdır.

 

Nəzərinizə çatdırırıq ki, Heydər Oğuz bu faktla bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi vermiş, 3 aydan sonra Suraxanı rayon Polis İdarəsindən aldığı cavab məktubunda həmin saxta profilin fəaliyyətində heç bir cinayət tərkibinin müəyyənləşdirilmədiyi bildirilmişdi. Maraqlıdır ki, alınan bu məktub Heydər Oğuz tərəfindən ictimailəşdirildikdən sonra saxta profildən təhqirlərin sayı və aşağılayıcı mahiyyəti daha da artmışdır. Görünür, bu məktubdan sonra cəzasız qalacağına inanan saxta profil sahiblərinin özbaşınalıqlarını artırmaq üçün münbit zəmin yarandığına inanmışlar.

 

Heydər Əliyevin 100 illik yubileyinə hazırlaşdığı indiki zamanda dövlət orqanlarımızın bu cinayətkar əmələ barmaqarası baxması insanda təəssüf yaradır və mərhum prezidentin məşhur sözlərini yada salır: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Ümidvarıq ki, dövlət qurumlarımız Heydər Əliyevin vəsiyyət mahiyyətindəki bu sözlərinin dərinliyinə analiz edəcək və görkəmli bir şəxsiyyətə hörmətin təkcə onun məzarı üzərinə gül qoymaq olmadığını anlayacaqlar. Anlayacaqlar ki, Heydər Əliyevin ruhuna ən böyük sayqı onun tövsiyə və vəsiyyətlərini həyata keçirməkdir.

 




Ana səhifəyə qayıt        Baxış: 5 852          Tarix: 22-05-2023, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma