Xəbər lenti


Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi və hüquqları ilə bağlı bütün məsələlər Xankəndi-Bakı dialoqu çərçivəsində qaldırılmalıdır.

 

Ovqat.com-un məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bunu Ermənistanın 2022-ci il büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı bildirib.

 

Onun fikrincə, Ermənistan “Dağlıq Qarabağ”ın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil, çünki onun belə bir mandatı da yoxdur.

 

“Bəli, biz “Dağlıq Qarabağ xalqı”ndan onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Və statusun müəyyən edilməsi məsələsində bizim heç bir iddiamız yoxdur və buna cəhd də etmirik”, - Mirzoyan bildirib.

 

Nazir əlavə edib ki, İrəvan Ermənistan-Azərbaycan nizamlanması prosesində yalnız “Dağlıq Qarabağ xalqı” ilə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir, bunsuz tamhüquqlu və uzunmüddətli ola bilməz.

 

“Dünyada heç kim təkzib edə bilməz ki, Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı çoxlu açıq məsələlər var - blokada, Laçın dəhlizinin qanunsuz bağlanması, qaz və elektrik enerjisinin dayandırılması... Bütün bu məsələləri biz deyil, Dağlıq Qarabağın xalqı, seçilmişləri və hakimiyyət orqanları qaldırmalıdır”, - Mirzoyan qeyd edib.

 

Onun sözlərinə görə, Ermənistan bu dialoqun başlanması üçün mexanizmin, platformanın yaradılmasını təmin etməlidir.

 

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadrat km-lik ərazi bütövlüyünü tanıdığını bəyan edib və bura həm Qarabağ, həm də Sovet Azərbaycanının anklavları daxildir.

 

Qeyd edək ki, Mirzoyanın Qarabağın taleyi ilə bağlı müzakirə aparmaq mandatlarının olmamasını bildirməsi ilk baxışdan yaxşı haldır. Amma onun Azərbaycanın ərazi bütövlüyünə daxil ərazi barədə “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi, onun hakimiyyət orqanlarından bəhs etməsi və erməni sakinlərin hüquqlarının beynəlxalq müzakirələrə çıxarmaq cəhdləri də qəbulolunacaq tezislər deyil, yəqin ki, rəsmi Bakı bunu da İrəvana başa salacaq.






Ana səhifəyə qayıt        Baxış: 5 498          Tarix: 5-06-2023, 15:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma