Xəbər lenti


“Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən görüş, konstruktiv keçib və Birləşmiş Ştatlar prosesi dəstəkləməkdə davam edəcək”.

 

Ovqat.com-un məlumatına görə, bunu keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.

 

Patel bildirib ki, Ermənistan hərbçilərinin Dağlıq Qarabağda həlak olması xarici işlər nazirlərinin danışıqlarını dayandırmayıb.

 

Qeyd edək ki,  iyunun 27-də axşam saat 20:05-də erməni separatçıları Ağdamdakı mövqelərimizə atəş açmış, nəticədə hərbi qulluqçusumuz Əli Şükür oğlu Bəkirov yaralanmışdır. Separatçıların bu təxribatına Azərbaycan ordusunun cavabı sərt olmuşdu. Qarabağdakı qeyri-qanuni rejimin iddiasına görə, Ordumuz iyunun 28-nə keçən gecə Ağdərə və Xocavənd ərazisindəki erməni postlarını atəşə tutmuş və 4 erməni hərbçisini məhv etmişdi.

 

Sirr deyil ki, ermənilərin bu təxribatda məqsədi Vaşinqtonda aparılan danışıqlar prosesini pozmaq və nəticədə Qarabağdakı status-kvonu qorumaqdı. Hadisədən sonra qondarma “DQR”-nın “parlamenti” və “prezidenti” adından yayılan bəyanatlar da  bunu təsdiqləyir. Bəyanatlarda İrəvandan danışıqları dayandırmaq tələb olunurdu. Görünür, İrəvan rəhbərliyi artıq erməni bəhanələrinin Vaşinqtonda inandırıcı görünmədiyini, erməni separatizminin Rusiyanın bölgədə qalmasına xidmət etdiyinin anlaşıldığını, bu oyunpozanlığın Azərbaycanı anti-terror əməliyyatı keçirmək məcburiyyətində qoyacağını və rəsmi Bakının bu qərarının beynəlxalq birlik tərəfindən də dəstəklənə biləcəyini başa düşdüyündən danışıqları dayandırmayıb. 

 

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın RİA agentliyinin yaydığı məlumatda da ABŞ rəsmilərinin Qarabağ separatçılarına Azərbaycan vətəndaşlığını qəbul etmələrinin vacibliyini çatdırdığı vurğulanmışdı. Agentliyin Dövlət Departamentindəki yüksəkçinli mənbələrə istinadən yaydığı məlumata əsasən, Vaşinqton separatçılara ya Azərbaycanın Qarabağ üzərindəki suverenlik haqlarına hörmət etmələrini, ya da rəsmi Bakının keçirəcəyi anti-terror əməliyyatlarını gözə almalarını bildirmişdi. Maraqlıdır ki, Dövlət Departamentinə istinadən yayılan bu məlumat idarə tərəfindən nə təkzib, nə də təsdiq olunmuşdu.

 

Ermənistanın hakim ailəyə yaxınlığı ilə tanınan “Hraparak” qəzetinin təxribatın baş verdiyi gün yaydığı bir məlumat da bağlı qapılar arxasında həqiqətən bu cür danışıqların aparıldığını təsdiqləyir. Nəşr iddia edir ki, İrəvan hökuməti Qarabağ separatçılarının lideri Araik Arutyunyan qarşısında iki seçim qoyub: ya Xankəndi-Bakı arasında danışıqlara başlamaq, ya da ermənilərin Qarabağdan çıxarılması ilə razılaşmaq.

 

Baxmayaraq ki, məlum təxribatdan və buna cavab olaraq 4 erməni əsgərinin öldürülməsindən sonra Ermənistan Baş naziri Nikol Paşinyan ictimai rəyi nəzərə alaraq, “tvitter” paylaşımda yenə adəti üzrə səs-küy qaldırmağa çalışmış, amma bu səylərin də heç bir nəticəsi olmamışdı. Paşinyanın və Qarabağ ermənilərinin bəyanatına Rusiyadan qismən müsbət cavab gəlsə də, ABŞ-ın reaksiyası kifayət qədər təmkinliyi ilə seçilirdi. 

 

Biz Qarabağda insan tələfatından dərin narahatıq və həlak olanların ailələrinə başsağlığı veririk. Bu son hadisələr hərbi əməliyyatların dayandırılması və davamlı sülhün bərqərar olmasının zəruriliyini vurğulayır. Birləşmiş Ştatlar bu məqsədə çatmaqda tərəflərə kömək etmək öhdəliyi götürür. Antoni Blinken sülh prosesində birbaşa iştirak edir”, - Dövlət Departamentinin sözçüsü Vedant Patel dünənki brifinqdə jurnalistlərin sualını cavablandırarkən bildirmişdi. Patel onu da qeyd etmişdi ki, birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli nəticə əldə edilməsi üçün açardır.

 

ABŞ diplomatının problemlərin həlli üçün birbaşa dialoq formulunu önə sürməsi əslində Qarabağ ermənilərinə də verilmiş mesajdır. Zira həm Bakı, həm İrəvan, həm də beynəlxalq birlik onlara Azərbaycanla reinteqrasiya danışıqlarına başlamağı təklif edir, separatçılar isə müxtəlif bəhanə və təxribatlarla bundan yayınmağa çalışırlar. 

 

Ermənilərin bu mövqelərində israrı Azərbaycanı yaxın günlərdə anti-terror əməliyyatlarına vadar edə bilər. Əslində ötən gün erməni təxribatına verilmiş sərt reaksiya da bu istiqamətdə verilmiş önəmli siqnal kimi başa düşülməlidir.

 

Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 878          Tarix: 29-06-2023, 06:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma