![](/templates/Wmediat51/images/vetendash.jpg)
“İsveçin NATO-ya üzvlüyünün ləngiməsi PKK və Putini sevindirəcək”.
Ovqat.com xəbər verir ki, bu gün Brüsseldə Türkiyə ilə İsveçin nümayəndə heyətini görüşdürən NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada belə deyib.
Stoltenberqin sözlərinə görə, görüşdə istənilən nətivə əldə edilməyib, amma gələn həftə Vilnusda keçiriləcək sammitə qədər İsveçin NATO-ya qəbulu ilə bağlı müsbət qərara gəlmək hələ də mümkündür.
Yens Stoltenberq açıqlamasında iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO liderləri sammitinin keçiləcəyi və sammit çərçivəsində Türkiyə İsveç liderlərinin növbəti dəfə bir araya gələcəyini deyib.
“Əsas odur ki, gələn həftə müsbət nəticə əldə edək, - deyən NATO-nun baş katibi prosesin ən qısa zamanda tamamlanmasını istədiklərini vurğulayıb: “Biz hamımız razıyıq ki, İsveçin NATO-ya üzvlüyü mümkün qədər tez baş verməlidir. Əlbəttə, əsas məqsədim sammitə qədər razılığa gəlməkdir. Amma buna heç bir zəmanət yoxdur. Biz çox çalışırıq. Əminəm ki, həftə sonu irəliləyiş əldə edəcəyik. Bazar ertəsi prezident Ərdoğan və baş nazir Kristerssonla təkrar görüşəcəyəm. Ümid edirəm ki, İsveçin NATO-ya üzvlüyünün başa çatması ilə bağlı müsbət qərara gələ biləcəyik”.
İsveçin Türkiyənin tələblərini yerinə yetirmək üçün mühüm addımlar atdığına şübhə olmadığını deyən NATO baş katibi Yens Stoltenberq onu da qeyd edib ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentinin bu qərarı təsdiqləməsi bazar ertəsindən əvvəl baş verməyəcək, “lakin bunu təmin etmək üçün mühüm siyasi qərarlar qəbul edilməlidir”.
İsveçin üzvlüyünün alyansa həm Arktika, həm də Baltikyanı regionun müdafiəsini planlaşdırmağa imkan verəcəyinə inanan NATO-nun baş katibinin fikrincə, İsveçdə tez-tez Türkiyə və NATO-nun əleyhinə keçirilən nümayişlər yalnız düşmən dəyirmanına su tökür: “İsveçdə Türkiyə və NATO əleyhinə nümayişlər gördük. Onlar terrorla mübarizə sahəsində əməkdaşlığı pozmaq və ittifaqımızı zəiflətmək üçün İsveçin NATO-ya daxil olmasına mane olmaq istəyirlər. Biz bunu aydın şəkildə görməliyik. Bu təxribatlardan yeganə faydalananlar NATO-nu parçalamaq istəyənlərdir. İsveçin üzvlüyünün gecikməsi PKK və Rusiya prezidenti Putin tərəfindən müsbət qarşılanacaq”.
Məlumata görə, Brüsseldə keçirilən görüşdə İsveçin təhlükəsizlik xidmətinin rəhbəri ilə MİT rəhbəri Kalın iştirak ediblər.
Paylaş: