Azərbaycan və Ermənistan liderləri Brüsseldə keçirilən danışıqlarda gündəmdəki bütün məsələləri müzakirə ediblər.
Ovqat.com-un məlumatına görə, bunu Aİ Şurasının prezidenti Şarl Mişel görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Mişelin sözlərinə görə, danışıqlar zamanı liderlər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını tam şəkildə təsdiqləyiblər. Liderlərin sərhədlərin delimitasiyası üçün siyasi çərçivəyə dair 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bildirdiklərini deyən Mişel vurğulayıb ki, onlar delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyaların işini aktivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər.
O qeyd edib ki, son iki ayda tərəflər kommunikasiyaların açılması ilə bağlı danışıqlarda aydın irəliləyiş əldə ediblər. Mişelin sözlərinə görə, tərəflər suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmətlə yanaşacaq gələcək nəqliyyat sazişlərinin şərtlərini də müzakirə ediblər.
Maraqlıdır ki, liderlərin Brüssel görüşü sürdüyü bir zamanda ilk reaksiya Moskvadan gəlib. Rusiya XİN-nin yaydığı bəyanatdan aydın görünür ki, Kreml artıq onun Qarabağdakı vasitəçilik missiyasının bitdiyinə inanır və bu məsələdə Azərbaycan tərəfi ilə Brüssel formatında görüşməyə razı olduğu üçün Paşinyanı günahlandırır.
“2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə Ermənistan (Dağlıq) Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının imzalanmasının əsas şərtlərini, eləcə də bölgədə yerləşdirilən Rusiya sülhməramlı kontingentinin mövqeyini kökündən dəyişir”, - Rusiya XİN-in bəyanatında deyilir.
Rusiya XİN hesab edir ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır: “Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə İrəvan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır.
Biz ondan çıxış edirik ki, bu sazişdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin etibarlı və aydın təminatları, habelə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin bütün kompleksinin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə başlanması da öz əksini tapmalıdır.
Qeyd olunanları nəzərə alaraq, Rusiya tərəfi Dağlıq Qarabağın normal həyatını bərpa etmək üçün beynəlxalq ictimaiyyətin səylərinə fəal töhfə vermək niyyətini təsdiqləyir. Sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq, ardınca da Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammiti keçirilsini və həmin sənədi imzalamağı təklif edirik.
Bu gün Dağlıq Qarabağ ətrafında vəziyyətin neqativ ssenari üzrə inkişaf etməsi narahatlıq doğurur. Bölgədə humanitar böhran getdikcə dərinləşir. Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur. Bu, Qarabağ erməniləri - bölgənin sadə sakinləri üçün ən dramatik nəticələrə səbəb ola bilər”.
Rusiya XİN həmçinin “Azərbaycan rəhbərliyini Laçın dəhlizinin blokununun dərhal açmağa, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin bu dəhlizlə hər iki istiqamətdə maneəsiz hərəkətinin bərpasına, eləcə də regionun enerji təchizatı üçün təcili və qəti tədbirlər görməyə” çağırıb.
Paylaş: