Xəbər lenti


 

“Çoxbilmiş qarğa dimdiyindən tora düşər”. BMT TŞ-na Azərbaycanı şikayət edən ermənilər də deyəsən, “çoxbilmiş qarğa” üzləşə bilərlər. Hər halda bunu özləri də etiraf edirlər.

 

Ovqat.com-un məlumatına görə, “Ermənistanın səsi” qəzeti bu gün BMT TŞ-da keçiriləcək müzakirələr barədə yazır:

 

“Ekspertlərin “ümumi rəy ondan ibarətdir ki, nəticə çox güman ki, qeyri-müəyyən olacaq və BMT Təhlükəsizlik Şurasının dəhlizin açılması tələbi Qarabağ erməniləri üçün tamamilə arzuolunmaz olan şərtlər və konsensuslarla müşayiət oluna bilər. Ermənistan Respublikasının de-fakto hakimiyyətinin geosiyasi uyğunlaşmasını, ən əsası isə Türkiyəyönümlü mövqeyini nəzərə alsaq, bu şübhələr tam haqlıdır”.

 

Qəzet xatırladır ki, 44 günlük müharibə dövründə də bu qurumun hərbi əməliyyatların dayandırılması məsələsinin müzakirəsində çıxardığı qərarı Azərbaycanın xeyrinə oldu: “(Ermənistan) Xarici işlər nazirinin o zamankı müavini Şavarş Köçəryanın daha sonra bildirdiyi kimi, sənədin qəbuluna BMT TŞ-nın daimi üzvlərindən biri mane olub. Yekdil rəyə görə, söhbət Böyük Britaniyadan gedir və Böyük Britaniya Xarici Kəşfiyyat Xidməti Mİ6-nın  ozamankı rəhbəri “məşhur türk lobbiçisi və Ərdoğanın dostu” Riçard Mur idi.

 

Mur hələ də bu struktura rəhbərlik edir, lakin görünür, ingilislər bu dəfə sənədin qəbuluna mane olmayacaqlar. O, başqa məsələdir ki, qərarvericilər bəlkə də ABŞ və Rusiya ilə birlikdə bunu mümkün qədər yumşaq və Bakı üçün daha faydalı etməyə çalışacaqlar. Məsələn, Laçın dəhlizi ilə yanaşı, Ağdam – Xankəndi yolunun açılması qeydini də mətnə daxil etməyə çalışacaqlar.

 

 Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan hesab edir ki, dəhlizin açılması müqabilində Azərbaycan Qarabağın öz tərkibinə daxil olmasını tələb edə bilər. Təbii ki, İrəvan bununla razılaşarsa, Ermənistanın çağırdığı fövqəladə iclas Azərbaycanın uğuru ilə nəticələnəcək”, - “Ermənistanın səsi” bildirir.

 

Nəşrin iddiasına görə, bu qərardan sonra Laçın dəhlizi açılsa belə, bu, heç nəyi dəyişdirməyəcək: “Paşinyan Əliyevin “Artsax”a yolunu geniş açacaq, öz xəyanətini hüquqi cəhətdən möhkəmləndirəcək və Qarabağı, sonra isə Ermənistanı təslim etmək və türkləşdirmək kimi cinayətkar missiyanı başa çatdıracaq. Və eyni zamanda, o, millətin xeyirxahı kimi görünəcək: hökumətyönlü təbliğat gurultulu şəkildə deyəcək ki, əsas məsələ “Artsax” xalqını aclıqdan xilas etmək idi və Paşinyan bu missiyanın öhdəsindən gələ bildi”...

 

Erməni müəllifin fikrincə, BMT Təhlükəsizlik Şurası heç bir şərt qoyulmadan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını yerinə yetirmək və Laçın dəhlizinin açılması üçün “çağırış” və ya hətta tələb qəbul edərsə belə, İlham Əliyev bunu həyata keçirməyəcək: “Azərbaycan Ermənistanla yol açmayacaq, əksinə daha da intensiv şəkildə “Artsax”ı alternativ yoldan istifadə etməməkdən boyub qaçırmaqda günahlandırmağa başlayacaq”...

 

Nəşrin proqnozuna görə, Azərbaycan BMT TŞ-nin gözlənilən qərarından sonra Laçın yolunu aça da bilər, amma bunu Qarabağ erməniləri üçün yox, İrəvanın bağlanması gözlənilən sülh sazişinə imza atması üçün edəcək. Sülh sazişi bağlandıqdan sonra istədiyi an müxtəlif bəhanələr tapıb yolu yenidən bağlayacaq, ta ki, 2025-ci ilə qədər bu zikzaklı proseslər davam edəcək: “2025-ci ilin yazında rus sülhməramlılarının məcburi şəkildə bölgədən çıxmasından sonra isə Qarabağın Naxçıvanlaşdırılması prosesi aktiv fazaya keçəcək”.




Ana səhifəyə qayıt        Baxış: 6 078          Tarix: 16-08-2023, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma