Xəbər lenti


Ermənistanın tələbi ilə ötən gün toplanan BMT TŞ-nın iclasında hər hansı qərar çıxmadı. Şura üzvləri sadəcə Azərbaycan və Ermənistana “ağsaqqal” məsləhətləri verməklə tərəfləri sülhə çağırdılar. Sözsüz ki, bu, Azərbaycana qarşı beynəlxalq sanksiyalar tətbiq etməyə çalışan rəsmi İrəvanın diplomatik başarısızlığı kimi tarixə düşəcək.

 

Bununla belə, BMT TŞ-nın dünənki toplantısından Azərbaycan diplomatiyasının çıxaracağı çox önəmli dərslər də var. Xüsusilə TŞ-nın Daimi üzvlərinin Azərbaycanın Laçın gömrük-keçid məntəqəsini bağlamasına necə baxdıqları diqqətlə araşdırılmalı, bizdən gözlənilən tədbirlərin əslində humanitar yardım adı altında suverenliyimizə qəsd niyyəti daşıdığı onların diqqətinə daha inandırıcı şəkildə çatdırılmalıdır. Çünki dünyanın idarə olunmasında müstəsna söz sahibi olan bu dövlətlərin mövqeyi bu gün olmasa belə, sabah qarşımıza problem kimi çıxa bilər. Məhz bu səbəbdən Azərbaycan diplomatiyası onların səsləndirdiyi mesajları düzgün oxumalı, milli maraqlarımıza zidd tələblərə əks arqumentlər hazırlamalı, gözlənilən təhülkələrin qarşısını zamanında almalıdır. 

 

Ovqat.com bu zərurəti nəzərə alıb BMT TŞ-nın Daimi üzvlərinin dünənki müzakirələr zamanı səsləndirdikləri fikirləri əlavə şərhə ehtiyac duymadan təqdim edir:

 

ABŞ nümayəndəsi Linda Thomas-Greenfield (ABŞ, Şuranın avqust ayı üzrə sədri): “Ərzaq, dərman və uşaq südü məhsullarına çıxış heç vaxt girov olmamalıdır. Azərbaycan hökumətini kommersiya, humanitar və şəxsi nəqliyyat vasitələrinin Qarabağ əhalisinə çata bilməsi üçün dəhliz vasitəsilə sərbəst hərəkəti bərpa etməyə çağırırıq. Neytral, qərəzsiz və müstəqil humanitar əlçatanlığa və yardıma, o cümlədən tibbi köçürmələrə mane olmamalıdır.

 

Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmalıdır. Bundan əlavə, regional sülh Qarabağda ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsini əhatə etməlidir. Tərəfləri təmkinli olmağa və sülh prosesinə xələl gətirən istənilən fəaliyyətlərin dərhal dayandırılmasına, hər iki tərəfi beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini tam yerinə yetirməyə çağırırıq. Danışıqlar davamlı sülh üçün həyati əhəmiyyət daşıyır, hər iki tərəfi birbaşa danışıqlarda iştiraka təşviq etməyə çalışırıq”.

 

Qen Şuanq (Çin): “Ermənistan və Azərbaycan iki qonşu ölkədir, əməkdaşlıq yolu ilə ümumi təhlükəsizlik və inkişafa nail olmaq hər iki ölkənin marağına uyğundur. Son illərdə Ermənistan, Azərbaycan və Rusiya Federasiyası ardıcıl olaraq dörd birgə bəyanatla çıxış edərək, hərbi əməliyyatların dayandırılması, iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq, sərhəd və digər məsələlərin həllinə nail olublar. Son zamanlar Ermənistan və Azərbaycan müvafiq tərəflərin vasitəçiliyi ilə bir sıra görüşlər və dialoqlar həyata keçiriblər. Bu, məsələlərin diplomatik və sülh yolu ilə həll edilməsi üçün hər iki ölkənin siyasi iradəsini və konkret hərəkətlərini nümayiş etdirir. Biz Ermənistan və Azərbaycanı bir-biri ilə görüşləri davam etdirməyə çağırırıq. Onları mübahisələrini hamı tərəfindən tanınmış beynəlxalq hüquq və beynəlxalq münasibətləri tənzimləyən normalara uyğun olaraq düzgün həll etməyə çağırırıq”.

 

Dmitri A. Polyanski (Rusiya Federasiyası): “Rusiya humanitar fəlakətin qarşısını almaq üçün həm diplomatik kanallar, həm də yerdəki sülhməramlılar vasitəsilə mümkün olan hər şeyi edir. Moskva ekspert yardımı ilə üçtərəfli sazişlərin əsas elementlərinin - Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ardınca demarkasiyası, üçtərəfli işçi qrupu çərçivəsində nəqliyyat kommunikasiyalarının bərpası və Ermənistanla Azərbaycan arasında sülh dialoqunun baş tutmasına çalışır. Bu istiqamətdə müəyyən irəliləyişlər var. Ermənistan-Azərbaycan barışığı etibarlı, aydın təhlükəsizlik təminatları və Azərbaycan qanunları kontekstində beynəlxalq prinsiplərə əsaslanan Qarabağ sakinlərinin hüquqlarına riayət olunmadan təsəvvür edilə bilməz.

 

İyulun 25-də Moskvada Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar zamanı Kreml gərginliyin azaldılması üçün Ağdam və Laçın vasitəsilə dəhlizlərin paralel açılmasını nəzərdə tutan real, kompromis əsaslı həll yolları təklif edib. Qarabağ ətrafında vəziyyətin normallaşdırılmasında və Ermənistan-Azərbaycan barışığında maraqlı olan bütün məsul oyunçuları siyasi mülahizələri bir kənara qoymağa çağırırıq. Bu baxımdan Şura platformasından məsuliyyətlə istifadə etmək, Bakı və Yerevan arasında problemlərin həllinə nail olmaq lazımdır. Çünki kənardan tətbiq edilən sxemlər və ya həll yolları bu dialoqu əvəz etməyəcək”.

 

Ceyms Kariuki (Birləşmiş Krallıq): “Laçın dəhlizi boyunca hər iki istiqamətdə maneəsiz hərəkəti təmin etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinin fevral ayı qərarına əməl edilməlidir. Tərəflər BQXK-nın bütün mövcud marşrutlar üzrə çıxışına icazə verməlidir ki, qurum öz həyati vəzifəsini yerinə yetirə bilsin. Bütün tərəflər mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar yardımın siyasiləşdirilməsindən çəkinməlidir

 

Ötən ay Avropa Şurasının sədri Çarlz Mişelin ev sahibliyi etdiyi tarixi sülh sazişi istiqamətində Ermənistan və Azərbaycan arasında davam edən beynəlxalq vasitəçilik danışıqlarını və ABŞ-ın bununla bağlı səylərini hərarətlə alqışlayırıq. Hər iki tərəfi sülhə yaxınlaşdıran yalnız BMT Nizamnaməsi ruhunda olan diplomatik səylər ola bilər”.

 

Natali Brodhurst (Fransa): Azərbaycanın Laçın dəhlizini bağlaması Dağlıq Qarabağ əhalisini heç bir qanuni əsas olmadan dünyanın qalan hissəsindən təcrid etməsi deməkdir və bu proses hələ də davam edir. Vəziyyəti düzəltmək üçün iyul ayında Ermənistan hakimiyyəti tərəfindən göndərilən humanitar yardım konvoyunun Laçın yolunda bloklanmasını pisləyirik.  

 

Beynəlxalq Məhkəmənin 22 fevral tarixli qərarı məcburi qüvvəyə malik olan tədbirləri ehtiva edir və bu tədbirlərin tələbinə əsasən, Azərbaycan Laçın dəhlizi boyunca insanların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətinə imkan verməlidir.  BQXK-nın bölgədəki hərəkətlərini alqışlayır, Birləşmiş Millətlər Təşkilatının humanitar təşkilat və qurumlarının müvafiq əhaliyə sərbəst və maneəsiz girişinə, habelə Qarabağ əhalisinin hüquq və təminatları da daxil olmaqla bütün həll olunmamış məsələlərin həlli üçün danışıqların bərpasına çağırırıq”.

 

Göründüyü kimi, BMT TŞ-da Azərbaycanın əleyhinə hər hansı qərar çıxmasa da, hər halda Daimi üzvlər arasında mövqeyimiz o qədər də möhkəm deyil. Belə anlaşılır ki, erməni lobbisi bizim diasporadan daha yaxşı işləyib və Daimi üzvləri Azərbaycanın humanitar dəhlizi başlamasına qismən də olsa inandırmağı bacarıb. Bu nazik ipdən asılı vəziyyət sabah bizim əleyhimizə də çevrilə bilər. Azərbaycan səfirlikləri və diaspor təşkilatları dünən keçirilən BMT TŞ-nın iclasını ciddi SOS işarəsi qəbul etməli, daha ciddi çalışmalara başlamalıdır. Əks halda minlərlə şəhidlərimizin qanı hesabına əldə etdiyimiz qələbəni diplomatik masalarda itirə bilərik.

 

Heydər Oğuz,
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 7 209          Tarix: 17-08-2023, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma