Xəbər lenti

  

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev sabah ölkəmizə dövlət səfərinə gələcək.

 

Ovqat.com-un məlumatına görə, səfər 2 gün davam edəcək.

 

Səfər proqramı iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.

 

Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

 

Danışıqların yekunu olaraq ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, Özbəkistan prezidentinin Azərbaycana dövlət səfərinə dəvət olunması rəsmi Bakının bu görüşə verdiyi əhəmiyyətin dərəcəsini göstərir. Çünki diplomatik münasibətlərdə ən ali səfərin dövlət səfəri olduğu bildirilir. Hər halda bunu biz yox, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev media açıqlamalarının birində vurğulayıb.

 

Azərbaycanın ən savadlı diplomatlarından olan Hikmət Hacıyev dövlət səfərinin əhəmiyyətinə belə aydınlıq gətirib: “Ölkələr arasında həyata keçirilən səfərləri təsnif etsək, burada birinci növbədə ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Ondan sonra rəsmi səfərlər, rəsmi işgüzar səfərlər, işgüzar səfərlər, qonaq səfərləri və şəxsi səfərlər gəlir”.

 

Dövlət səfərləri məhz xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada ümumi xarakter daşıyan məramlarla bərabər, hər bir ölkənin özünün adət-ənənələrindən, qaydalarından çıxış edərək xüsusi mərasimlər təşkil olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirməkdir”.

 

Mirziyoyevin bu səfərinin Türk liderlərinin Budapeşt görüşündən dərhal sonra reallaşması tərəflərin Macarıstanda çox ciddi razılığa gəldiklərindən xəbər verir. Təbii ki, belə razılaşmalar gizli saxlanıldığından bu cür səfərlərin əsl mahiyyətinin nədən ibarət olduğu geniş ictimaiyyət tərəfindən bilinmir.





Ana səhifəyə qayıt        Baxış: 5 557          Tarix: 21-08-2023, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma