Xəbər lenti


Özünü “Artsax milisi”nin komandiri kimi təqdim edən Karen Matevosyan Facebook-da videomüraciət yayımlayıb. O, Qarabağın erməni sakinlərini və siyasi qüvvələrini birləşməyə çağırıb, əks halda rəhbərlik etdiyi yaraqlıların hökuməti və parlamenti buraxacaqlarını bildirib.

 

Ovqat.com-un məlumatına görə, Karen Matevosyan rəhbərlik etdiyi qurum barədə də danışıb. 

 

Bildirib ki, 44 günlük müharibədən sonra “yaranmış bütün təhlükələri nəzərə alan” bir qrup şəxs tərəfindən yaradılan “Artsax milisləri” Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Aratunyunyanın istefa xəbərini eşidib hərəkətə keçiblər. Məqsədləri siyasi xadimləri birləşdirib Qarabağın gələcəyi üçün məsuliyyəti öz üzərinə götürmək olub. “Qərara gəldik ki, meydana toplaşaq, prezidentdən, parlamentin sədrindən və deputatlardan xahiş edək ki, mövcud vəziyyəti və qarışıqlığa yol açan səbəblər barədə bizə izahat versinlər. Bizim bunu tələb etmək hüququmuz var, amma tələb yox, xahiş etdik”, - Matevosyan bildirib. 

 

Onun sözlərinə görə, bu barədə prezident Arayik Arutyunyan və parlamentin sədri David İşxanyana məlumat verilib: “Amma parlament sədrinin cavabı mənfi, qeyri-adekvat oldu. Yəqin ki, bu, onun ulduz xəstəliyi və ya spesifik xarakterindən qaynaqlanır. Parlamentin sədrinə xalqın tələbini dinləməyə və “Artsax” xalqının iradəsini yerinə yetirməyə borclu olduğunu başa salmaq, daha doğrusu xalqımızın niyə belə bir vəziyyətə düşdüyünü izah etmək üçün bu hərəkətlərə əl atmalı olduq. Öyrənmək istəmişdik ki, bunun məsuliyyəti kimin üzərinə düşür, hökumət və dövlət xalqımızı bu uçurumdan çıxarmaq üçün hansı qərara gəlib. Əgər Artsax prezidenti parlamentin binasına gəlib dayanmağımızı istəməsəydi, biz tələblərimizin yerinə yetirilməsinə nail olardıq”. 

 

Milis komandiri təsvir edilən hadisənin nə vaxt baş verdiyini açıqlamayıb. Amma erməni mənbələri hadisənin ötən şənbə günü yaşandığını bildirirlər. 

 

Matevosyan video-müraciətində vurğulayıb ki, onlar etdikləri işdən peşman deyillər. “Biz söz veririk ki, növbəti dəfə Artsax xalqının taleyinə cavabdeh olan və öz fəaliyyətləri ilə onları ölümcül təhlükəyə sürükləyən bütün siyasi xadimlər cəza qılıncımız olan xalq məhkəməsi qarşısında tam şəkildə cavab verəcəklər”, -deyən üsyançı Qarabağdakı erməni hökumət nümayəndələrini açıq şəkildə təhdid edib.

 

Karen Matevosyan bildirib ki, yaxın gələcəkdə “Artsax” prezidenti bütün ictimai və siyasi xadimləri vəziyyəti müzakirə etməyə və "bütün qüvvələri birləşdirib erməni sakinlərinin taleyini həll etməyə" çağıracaq. O, “övladlarının taleyinə biganə olmayanların ilk çağırışında meydana çıxmağa və buna görə məsuliyyət daşıyan bütün şəxslərdən, yəni keçmiş prezidentlərdən, generallardan, ictimaiyyətdən və digər şəxslərdən izahat tələb etməyə” səsləyib . Xüsusilə qeyd edib ki, bütün ictimai-siyasi qüvvələrin birləşməsi mümkün olmayacağı təqdirdə, milislər məsuliyyəti öz üzərinə götürəcəklər: “Lazım gəlsə, hökuməti, parlamenti buraxacağıq, bütün iştirakçıları təcrid edəcəyik, böhran komitəsi seçəcəyik və sonrakı yolu seçməklə bağlı qərar qəbul edəcəyik”.

 

O, həmçinin vurğulayıb ki, Qarabağda yaşanan indiki çətin vəziyyətin ən böyük günahkarı “Artsax”ın keçmiş prezidentləri Bako Saakyan, Arkadi Qukasyandır və mövcud vəziyyətə görə məsuliyyətin “aslan payını” onlar daşıyırlar. 

 

Üsyankar “milis komandiri” Ruben Vardanyana da müraciət edərək deyib: "Bizi qərəzsizlik və qanunsuzluqda günahlandırmadan əvvəl heç olmasa, bir dəfə bizə zəng edə bilərdiniz."

 

O, Arayikdən gözlədikləri addımı atmayacağı təqdirdə özlərinin hərəkətə keçəcəklərini və bəzi “dövlət orqanlarını” devirəcəklərini də gizlətməyib: "Təkrar edirəm. Əgər siyasi, ictimai-siyasi qərar qəbul edən bütün qüvvələrin birliyi olmasa, yaxın iki gündə biz tədbirlər görməyə məcbur olacağıq: parlamenti buraxacaq, böhran Komitəsi seçəcək və əhalini bu böhrandan çıxarmaq barədə qərar qəbul edəcəyik”.

 

Qeyd edək ki, açıq-aşkar Arayik Aratunyunyanı dəstəkləyən və onun hakimiyyətdəki rəqiblərini “dövlət çevrilişi” ilə hədələyən bu bəyanat həm Ermənistanda, həm də Qarabağda ciddi təşviş yaradıb. Arayik Arutyunyanın mətbuat xidməti “Artsax” liderinin avqustun 18-də həqiqətən də “xalq milisləri” ilə görüşdüyünü açıqlayıb. Mətbuat xidmətinin məlumatına görə, Arayik onlarla “humanitar fəlakətin aradan qaldırılması istiqamətində görülən tədbirlərdən” danışıb, “təhlükəsizliyin təmin edilməsi və soyqırımın qarşısının alınması” istiqamətində atılan addımları barədə müzakirə aparıb. Bununla da Arayik asilərin arxasında özünün dayandığı mesajını verib.

 

Erməni milislərinin hərəkətə keçib “parlament” binasını basmasından bir gün sonra, avqustun 19-da “Artsax”ın keçmiş dövlət naziri Ruben Vardanyan mediayaya açıqlama verərək Arayik Arutyunyanı sərt tənqid edib. O bildirib ki, Arayik prezidentlikdən istefa verəcəyini vəd etdiyi halda indiyədək bu addımı atmayıb. 

 

Vardanyana cavab da özünü çox gözlətməyib.  Avqustun 21-də Qondarma “Artsax Parlamenti”nin hakim fraksiyası “Azad Vətən-OGA” Vardanyanın bəyanatlarının hədəfinin prezident və prezidentlik institutu olduğunu vurğulayaraq bildirib ki, “indiki məqamda dar qrup maraqlarının təşviq edilməsi “Artsax”ın maraqlarından irəli gəlmir”.

 

Ermənistan ictimaiyyəti də Qarabağda baş verənlərə laqeyd qalmayıblar. 

 

NEWS.am saytının bildirdiyinə görə, Qarabağda “humanitar fəlakətə” paralel olaraq daxili siyasi vəziyyət də kəskinləşdi. Buna səbəb Araik Arutyunyanın prezident vəzifəsindən istefa vermək niyyəti olub, bunu keçmiş dövlət naziri Ruben Vardanyan deyib. Lakin avqustun 21-də məlum olub ki, Araik Arutyunyan istefa vermək niyyətində deyil. Bunu Arayikin istefa verəcəyi halda “dövlətçiliyin” təhlükə altında olacağı barədə bəyanatı da sübut edir.

 

“Artsaxdakı vəziyyət o qədər pisləşdi ki, hərbi geyimli insanlar bu günlərdə Artsax Milli Məclisinə girdilər”, - deyə sayt əlavə edib.

 

NEWS.am-ın əməkdaşı ilə söhbətində qondarma “respublikanın Milli Məclisinin "ədalət" fraksiyasının deputatı Metakse Hakopyan hadisə barədə məlumatı təsdiqləyib.

 

“Belə çıxır ki, “Artsax milisi”nin komandiri Karen Matevosyan silahdaşları ilə birlikdə Qarabağ “parlamenti”nə daxil olub və yeni seçilmiş spiker David İşxanyandan Arayik Arutyunyanı təhqir etdiyinə görə hesabat tələb ediblər”, - erməni saytı vurğulayıb.

 

Saytın iddiasına görə, bir gün əvvəl sosial platformalarda narahatlıqlarını dilə gətirən Qarabağ ermənilərinin fəallarına zənglər edilib və onlar təhdid olunublar. Karen Matevosyan da dünən Facebook-dakı müraciətində hər kəsə xəbərdarlıq edib: təhdidlər dayanmayacaq.

 

Qarabağdakı siyasi vəziyyətlə bağlı digər diqqətçəkən bir məlumatı "Faktinfo" yayıb. Saytın mənbəyi bildirib ki, əslində Qarabağda baş verənlər bölgənin iki seçim qarşısında qalmaqdan qaynaqlanır: “ya Arayik təcili istefa verməli, ya da Qarabağa Ağdam vasitəsilə ərzaq tədarükünə başlanılmalıdır”.   

 

Mənbə əlavə edib ki, Arutyunyanın istefa vermək fikri yoxdur, ona görə də hazırda hakimiyyətin gündəliyində Ağdam vasitəsilə Qarabağa ərzaq məhsullarının idxalı məsələsi var. "Faktinfo" nun məlumatına görə, Qarabağda yaxın günlərdə Azərbaycan tərəfi ilə görüşə göndəriləcək komanda artıq yaradılıb. Çox güman ki, görüş Bərdə şəhərində keçiriləcək. Arayik də görünür, məhz bu səbəbdən Azərbaycanla reinteqrasiya prosesini arzulamayan qrup tərəfindən hədəf seçilib.

 




Ana səhifəyə qayıt        Baxış: 6 444          Tarix: 22-08-2023, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma