Qondarma “Artsax respublikası”nın “prezidentliyi” kürsüsünə iddialı Samvel Babayan bu gün şok açıqlama verərək, gündəm yaratmağa çalışıb.
Ovqat.com-un məlumatına görə, Babayanın sözlərindən belə çıxır ki, onun alternativi Samvel Şahramanyan rəsmi Bakının tələbi ilə bugünkü vəzifəsinə seçilib.
Samvel Babayan mediaya verdiyi açıqlamada bildirib ki, guya, Bakıdan ermənilərlə əlaqə saxlayıb onun prezident seçiləcəyi təqdirdə güc tətbiq edəcəkləri ilə hədələyiblər.
“Sizə məlumat verməyi zəruri hesab edirəm ki, dünən axşam saatlarında respublika prezidentinin səlahiyyətlərini icra edənlərin və siyasi qüvvələrin iştirakı ilə müşavirə çağırılıb. Həmin iclasda məndən siyasi hərəkətlərdən çəkinməyi tələb etdilər. Mənə deyildiyinə görə, Bakıdan əlaqə saxlayıb mənim namizədliyimlə seçki keçiriləcəyi təqdirdə, güc tətbiq olunacağı ilə hədələyiblər.
Mənə tam məlumat verildiyinə əmin olmadığım üçün hadisələrin mümkün arzuolunmaz inkişafı Vahid Vətən Partiyasının “macərasına” aid edilməsin deyə aksiya keçirməmək qərarına gəldim.
Daxili və xarici siyasi vəziyyəti hərtərəfli qiymətləndirərək bəyan edirəm ki, “Artsax”ın taleyinin bütün yükünü xarici təsir və maraqları rəhbər tutan iyirmi iki deputat, onların irəli sürdüyü və seçdiyi prezident və bu prosesin xaç ataları daşıyır.
Vahid Ana Vətən Partiyası siyasi qarşıdurma kimi mənim rəhbərliyimlə öz təmsilçi mandatını yerinə yetirməyə davam edəcək. Şəxslərə və hadisələrə zaman obyektiv qiymət verəcək”, - Samvel Babayan açıqlamasında bildirib.
Qeyd edək ki, Samvel Babayan Dağlıq Qarabağ Müdafiə Ordusunun 1994–2000-ci illər arasında baş komandanı olub və əli minlərlə azərbaycanlının qanına batıb. Onun tərcümeyi halında bildirilir ki, 1988–1994-cü illər arasında Ermənistan ilə Azərbaycan arasında baş vermiş olan Birinci Qarabağ müharibəsində bir sıra önəmli rollarda çıxış edib. Xüsusilə Laçın dəhlizinin açılması əməliyyatı ilə Şuşanın ələ keçirilməsi üçün nəzərdə tutulmuş hərəkatda bir sıra önəmli həmlələri ilə tanınıb. Ermənistan Müdafiə Nazirliyinə Serj Sarkisyanın gətirilməsi ilə 1993-cü ildə Dağlıq Qarabağ Müdafiə Ordusunun baş komandanına çevrilib. 2000-ci ildə Dağlıq Qarabağ Respublikasının prezidenti olmuş Arkadi Qukasyana etdiyi sui-qəsd planına görə istintaqa cəlb olunub, 15 il həbsə məhkum edilsə də, cəmi 4 il məhbus həyatı yaşadıqdan sonra azadlığa buraxılıb. Yəni başdan-ayağa qatil birisidir.
Amma onun rəqibinə qarşı verdiyi açıqlama da inandırıcı deyil. Görünür, Babayanın “prezident” seçilməsinə rəsmi Bakının laqeyd qalmayacağını düşünən ermənilər bu cür yalan məlumatlarla onu seçkidən uzaq tutmağa çalışıblar. Çünki Azərbaycan üçün onun adaşının və hər hansı birinin “prezident” seçilməsi və ümumiyyətlə bu seçkinin keçirilməsi məqbul deyildi, XİN-nin bu gün yaydığı bəyanatda da bu məqam xüsusi olaraq vurğulanıb.
Mümkündür ki, Bakıdan Xankəndinə zəng edənlər Azərbaycan dilində danışdıqlarından Qarabağ erməniləri tələblərimizi tam anlaya bilməyiblər, ya da özləri Babayana əməlli-başlı fırıldaq gəliblər.
Paylaş: