“ABŞ Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatdır. Humanitar yüklərin Laçın və Ağdam marşrutlarının yaxınlığında yerləşdiyini qeyd edirik və Dağlıq Qarabağdakı kişilərə, qadınlara və uşaqlara son dərəcə ehtiyac duyulan humanitar ləvazimatların çatdırılmasını təmin etmək üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırışımızı bir daha bildiririk”.
Ovqat.com-un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin katibi Antoni Blinken bildirib.
Dövlət katibi həmçinin güc tətbiqinin qəbuledilməz olduğunu vurğulayıb.
“Biz həmçinin liderləri gərginliyi artıran və ya bu məqsəddən yayındıran hərəkətlər etməməyə çağırırıq. Mübahisələrin həlli üçün güc tətbiqi qəbuledilməzdir”.
O qeyd edib ki, son vaxtlar Cənubi Qafqazda gərginliyin artması fonunda Birləşmiş Ştatlar ləyaqətli və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanın həll edilməmiş məsələləri birbaşa dialoq yolu ilə çözüm səylərini güclü şəkildə dəstəkləməyə davam edəcək.
“Biz bir daha təsdiq edirik ki, Ermənistan və Azərbaycan arasında bağlanacaq istənilən sülh sazişi Dağlıq Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini qorumalıdır. Biz həmçinin Bakı ilə Dağlıq Qarabağ xalqı arasında dialoqu təşviq edirik. Birləşmiş Ştatlar bir daha təsdiq edir ki, irəliyə doğru yeganə yol sülh, dialoq və Ermənistanla Azərbaycan arasında bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılmasıdır”, - dövlət katibi vurğulayıb.
Qeyd edək ki, Azərbaycan rəsmiləri Laçın sərhəd-keçid məntəqəsinin açılması üçün iki önəmli şərt irəli sürür: ilk əvvəl Ağdam yolu açılmalı, üzərindən 24 saat keçdikdən sonra Laçın sərhəd keçid məntəqəsi də normal iş rejiminə dönə bilər; Laçın sərhəd keçid məntəqəsi açıldıqda da orda Azərbaycanın digər sərhədlərindəki eyni rejim - "gömrük və sərhəd nəzarəti rejimi” tətbiq olunacaq. Həqiqətən də Laçın sərhəd məntəqəsində heç bir rejimin tətbiq olunmaması Azərbaycanın öz torpaqlarında suverenlik haqqının pozulması deməkdir. Bu baxımdan Antoni Blinken də əgər tərəflərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən bəhs edirsə, məntiqlə rəsmi Bakının bu mövqeyini də başa düşməlidir.
Paylaş: