Xəbər lenti


 

Sentyabrın 29-da Ermənistan parlamentinin sədri Alen Simonyan İrlandiyanın paytaxtı Dublində estoniyalı həmkarı Lauri Hussar ilə görüşüb.

 

Ovqat.com Ermənistan parlamentinin mətbuat xidmətinə istinadən bildirir ki, erməni spiker həmkarı ilə söhbətində iki dövlət arasındakı münasibətlərdən danışarkən, birdən-birə Qarabağ mövzusuna keçib.

 

"Təbii ki, mən Dağlıq Qarabağdan soydaşlarımızın deportasiyası probleminə toxunmaya bilmərəm. Azərbaycanın genişmiqyaslı hücumu nəticəsində yüzlərlə qurban və yaralananımız var. Bakı bu bölgədə dağıdıcı ermənisizləşdirmə siyasət həyata keçirir” - , A.Simonyan vurğulayıb. Aldığı cavab isə xeyli düşündürücü olub.

 

Estoniya parlamentinin spikeri Lauri Hussar cavabında bildirib ki, beynəlxalq ictimaiyyətin adekvat reaksiyası vacibdir və “Ermənistanın ərazi bütövlüyünün onlar üçün prioritet məsələdir”.

 

Bununla sanki Lauri Hussar həmkarına “siz ən yaxşısı, Qarabağı unudun və diqqətiniz Ermənistanın ərazi bütövlüyü məsələsinə ayırın” demək istəyib.

 

Xatırladaq ki, sentyabrın 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində Parlament Spikerlərinin Avropa Konfransı keçirilirdi. Konfransda iştirak edən erməni spiker Azərbaycan əleyhinə kampaniya aparırdı və ona ilk tutarlı cavabı Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova öz çıxışında vermişdi.

 

Sahibə xanım Alen Simonyanın iddialarını uydurma adlandıraraq bildirmişdi ki, Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri əsrlər boyu heç bir ayrı-seçkilik olmadan ləyaqət, sülh və dostluq şəraitində birgə yaşayır və bu gün onlar ictimai həyatın bütün sahələrində, o cümlədən parlamentdə fəal təmsil olunurlar.

 

Sahibə Qafarova demişdi ki, sülh və təhlükəsizlik vəziyyətinin qanunun aliliyi, demokratiya və inklüziv inkişaf üçün vacib olduğu danılmazdır. Onun təməlində isə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət durur. O, xatırlatmışdı ki, bu konfransda suverenlik və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyəti vurğulanıb. 

Milli Məclisin sədri onu da qeyd etmişdi ki, Azərbaycan 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması və suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Üç ildir ki, Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün bütün vasitələrdən, o cümlədən hərbi-siyasi təxribatlar, ərazilərin minalanması, Azərbaycan ərazilərində separatizmin davam etdirilməsi kimi vasitələrdən istifadə edib. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvəsi və qanunsuz marionet rejiminin mövcudluğu regionda sülhün və sabitliyin əldə olunmasına əsas maneələr olub.




Ana səhifəyə qayıt        Baxış: 4 730          Tarix: 2-10-2023, 10:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma