Xəbər lenti

 

Fələstin lideri Mahmud Abbas İsraildə baş verən savaşı dayandırmaq üçün Rusiyaya səfər edib Kremllə danışıqlar aparmaq istəyir.

 

Ovqat.com-un məlumtına görə, Fələstinin Rusiyadakı nümayəndəsi Əbdül-Hafiz Nofəl bu barədə bildirib.

 

 

O qeyd edib ki, Mahmud Abbasın bu məqsədlə Moskvaya səfəri barədə razılıq əldə olunub və indi Fələstin tərəfi Kremldən dəvət gözləyir.

 

Məsələ burasındadır ki, Mahmud Abbasın İsrail-Fələstin savaşını dayandırmaq üçün çarəni Moskvada axtarması faydalı olacağı az inandırıcı görünür. Əvvəla ona görə ki, Moskva əvvəlki Moskva deyil. O, Ukrayna savaşında öz əriştəsini belə kəsə bilmir və getdikcə dünya siyasətinin formalaşmasında təsir gücünü itirir. İkincisi ona görə ki, Mahmud Abbasın da savaşın tərəflərindən biri olan HƏMAS adından danışmağa haqqı yoxdur. Belə ki, Abbas HƏMAS ilə rəqabət aparan Fələstin Milli Azadlıq Hərəkatına (Fəth) rəhbərlik edir. Fələstindəki ərəb əraziləri iki hissəyə bölünür: Qəzza zolağı HƏMAS-ın, İordan çayının qərb sahili isə Fəthin nəzarətindədir. Odur ki, Abbasın aparmaq istədiyi danışıqlarda onun sözünə nə dərəcədə etibar ediləcəyi də müəmmalıdır.

 

Əslində Fələstinin Moskvadakı səfiri Nofəl də bunu inkar etmir. O, açıqlamasında bildirib ki, indiki mərhələdə Moskvada Fələstin-İsrail nizamlanması üzrə danışıqların aparılması imkanı yoxdur. “Bir neçə il əvvəl prezident Vladimir Putin Abbasla İsrailin baş naziri Benyamin Netanyahu arasında danışıqların Rusiyanın paytaxtında aparılmasını təklif edib və Fələstin tərəfi buna dərhal razılaşıb”, - deyə səfir xatırladıb:

 

“Abbas dərhal Moskvaya iyirminci dəfədən çox səfər etdi, lakin heç bir nəticə vermədi. İndi Ukraynada və dünyada baş verən hadisələri nəzərə alsaq, vəziyyət mürəkkəbdir. Əgər ciddi nəsə varsa, o zaman bu haqda danışmağa hazırıq”. 

 

Səfir vurğulayıb ki, indi ən vacib olan məsələ gərginliyi azaltmaqdır, “daha sonra danışıqlar üçün pəncərə açıla bilər”.

 

Hazırda Qəzzada dəhşətli dağıntıların yaşandığını bildirən diplomat iddia edib ki, son savaşda indiyədək 800-dən çox insan həlak olub, 3 mindən çox insan yaralanıb.

 

Girov götürülənlərlə bağlı vəziyyətdən danışan səfir qeyd edib ki, HƏMAS-da neçə nəfərin saxlandığı barədə məlumatı yoxdur. “Hətta İsrail tərəfi neçə nəfərin həbsdə olduğunu rəsmən açıqlamır. Nə qədər rus, nə qədər avropalı, nə qədər amerikalı. Nə İsrail tərəfdən, nə də HƏMAS-dan nə qədər məhbusun olması ilə bağlı rəsmi açıqlama verilməyib”, - Nofəl aydınlaşdırıb. Onun fikrincə, nə İsraildən, nə də Həmasdan məlumat olmadığı üçün gözləmək lazımdır.

 

Oktyabrın 9-da Misir də İsrail və HƏMAS-a müvəqqəti atəşkəs təklifi göndərib. Qahirə İsraildəki fələstinli məhbusları HƏMAS-ın İsrailin cənubunda "Əqsa tufanı" hərbi əməliyyatı zamanı girov götürdüyü mülki İsrail vətəndaşları ilə dəyişməyi təklif edib.

 

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan isə yaraqlılarla heç bir danışıqların olmayacağını bildirib. “Bu vəhşilərlə müzakirələr dövrü bitdi. İndi HƏMAS-ın terror infrastrukturunu məhv etməyin vaxtıdır”, - deyə Erdan vurğulayıb.

 

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur qeyd edib ki, İsrail tərəfindən Qəzza zolağına “blokada və təkrar hücumlar” artıq regionda təhlükəsizliyin təmin edilməsinə və HƏMAS-ın hərbi potensialının məhvinə yönəlib, lakin nəticə verməyib. O, İsraili “kursunu dəyişməyə” çağırıb.

 

Oktyabrın 9-da HƏMAS-ın sözçüsü Musa Əbu Mərzuk bildirib ki, hərəkat “bütün məqsədlərinə nail olub” çünki İsraillə potensial atəşkəsi müzakirə etməyə hazırdır. İsrail Xarici İşlər Nazirliyi HƏMAS ilə danışıqları təkzib etdi. Vazirliyin sözçüsü Lior Hayat deyib ki, onun dövləti “müharibə vəziyyətindədir” və hazırda hər hansı danışıq “qeyri-mümkündür”.





Ana səhifəyə qayıt        Baxış: 5 519          Tarix: 10-10-2023, 08:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma