Xəbər lenti


İran BMT vasitəsilə İsrailə özəl mesaj göndərib ki, Qəzzada hərbi kampaniyasını dayandırmasa, prosesə müdaxilə edə bilər.

 

Ovqat.com-un məlumatına görə, xəbəri İsrailin “Jerusalem Post” nəşri yayıb.

 

Məlumatda bildirilir ki, xəbərdarlıq İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan tərəfindən Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland  vasitəsilə İsrailə göndərilib.

 

Dünən Livanın paytaxtı Beyrutda görüşən ikili Yaxın Şərqdə baş verənləri müzakirə ediblər. Diplomatlar İsrail-HƏMAS müharibəsinin Hizbullah və İranı da əhatə edə biləcəyi perspektivini masaya yatırıblar. Tehran İsrailin Qəzzanı bombalaması dayandırılmasa, “uzunmüddətli nəticələr” barədə qarşı tərəfə açıq xəbərdarlıq göndərib.

 

“Abdullahyan sonra Qətərdə HƏMAS lideri İsmayıl Haniyə ilə görüşüb. Görüşdə tərəflər HƏMAS-ın İsrailə “ölümcül hücumunu” müzakirə ediblər və təşkilatın məqsədlərinə çatması üçün əməkdaşlığı davam etdirmələri barədə razılığa gəliblər”, - HƏMAS-ın bəyanatında deyilir.

 

Bəyanatda o da vurğulanır ki, Abdullahyan həmin görüşdə HƏMASən İsrailə hücumunu Fələstin ərazisinin işğalına son qoymuş “tarixi qələbə” kimi qiymətləndirib.

 

İranın BMT-dəki nümayəndəliyi də özünün “X” hesabında İsrailə xəbərdarlıq mesajı yayımlayıb: “İsrail aparteidi hərbi cinayətləri [və] soyqırımı dərhal dayandırmasa, vəziyyət nəzarətdən çıxa, BMT və Təhlükəsizlik Şurasını çıxılmaz vəziyyətə salan böyük nəticələrə səbəb ola bilər”.

 

Qeyd edək ki, Abdullahyanla Beyrutda görüşən BMT nümayəndəsi Vennesland Qəzzada humanitar fəlakətin qarşısını almaq, girovların azad edilməsini təmin etmək və İsrailə qarşı regional müharibənin dayandırmağa çalışan bir sıra diplomatlardan biri olub. Onun Abdullahyanla görüşməsi və İran Xarici İşlər nazirindən təhdid dolu mesajlar gətirməsi Tel-əviv qəzəbləndirib. İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan Venneslandın Abdullahyanla görüşünə kəskin etiraz edib və bunu HƏMAS-ın “yəhudi uşaqlarının qanına batan əlini” sıxmaq kimi qiymətləndirib.

 

"Bu əl sıxmasından sonra İsrail körpələrinin qanına batan əllərinizi yumağı unutmayın", - Erdan, “X” hesabında Venneslanda ünvanladığı paylaşımında bildirib.

 

“Bu gün (!!!), BMT-nin yüksək rütbəli rəsmisi Tor Vennesland nəinki İran rejiminin xarici işlər naziri ilə görüşdü, hətta İsrailli qadın və uşaqların qətliamındakı roluna görə İranı qınamaqdan belə çəkindi. Heç kimə sirr deyil ki, HƏMAS terrorçuları İranı onları maliyyələşdirdiyinə, silahlandırdığına və təlim keçdiyinə görə açıq şəkildə tərifləyir”, - yazan Erdan xatırladıb ki, “İran lideri Ayətullah Xamenei açıq şəkildə müsəlman dünyasını İsrailə hücumu genişləndirməyə çağırıb”.

 

Erdanın fikrincə, BMT nümayəndəsinin bu təşəbbüsü sözügedən nüfuzlu beynəlxalq təşkilatın “soyqırım terrorçularına dəstəyi və onu qanuniləşdirilməsi”dir ki bu da “sivilizasiya üçün təhlükədir!”.

 

İsrailin bu iradlarına BMT Baş Katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarrik cavab verib: “Xüsusi koordinatorun bütün görüşləri girovların azad və humanitar yardımın təmin edilməsi, münaqişənin daha geniş regiona yayılmasının qarşısını almaq üçün diplomatik səylərin müzakirəsindən ibarət olub. Bura onun Livandakı son görüşləri də daxildir”.

 

İsrailin fikrincə, oktyabrın 7-də ABŞ və Səudiyyə Ərəbistanı Krallığının İran hücumundan qorumaq üçün təhlükəsizlik paktını müzakirə edərkən baş verən hücumda Tehranın barmağı var. Tel-əvivin iddiasına görə, bu hücum Tehranın İsrailə qarşı vəkil müharibəsinin bir hissəsidir. 

 

ABŞ prezidenti Co Bayden də İrana “ehtiyatlı ol” mesajı göndərərək, işə qarışmaması barədə xəbərdarlıq etmişdi.




Ana səhifəyə qayıt        Baxış: 5 471          Tarix: 15-10-2023, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma