Prof. Ramazan SİRACOĞLU
Son günlərdə İran ilə İsrailin onsuz da gərgin olan münasibəti yenidən dünya mediasının gündəmindən düşmür. Azərbaycan Respublikası üçün çox önəmli bu iki dövlətin münasibətlərinin normallaşmasına mane olan çox siyasi güclər mövcuddur. Həmin siyasi güclər mövcud durumdan maksimum dərəcədə yararlanmağa çalışırlar. Bu yazıda imkanımız daxilində İran-İsrail münasibətlərini fərqli zaman kəsimlərindən açıqlamağa çalışacağıq.
İran ilə İsrail münasibətlərini İslam inqilabından öncə və sonrakı mərhələlərdə nəzərdən keçirsək aydın şəkildə görərik ki, İsrail dövlətinin yarandığı gündən başlayaraq bu münasibətlər ziqzalı olmuşdur. 1947-ci ilin 29 noyabrında Fələstinin bölünməsi haqqında BMT-nin qətnaməsinin müzakirəsi zamanı İran qətiyyətlə onun əleyhinə çıxmışdı, 11 may 1949-cu ildə İsrailin BMT-yə üzv olunmasına da İran öz etirazını bildirmişdi. Bəziləri hesab edir ki, yəhudilik etnik mənsubiyyət deyil, dini konfessiya olduğundan İsrailə müstəqil dövlət statusunun verilməsi hüquqi baxımdan qeyri-qanuni hadisədir. Fələstin ərazisinin yəhudilərin əzəli torpaqları olması da, bir sıra iranlı politoloqlara görə, mübahisəyə açıq məsələdir, başqa sözlə, dünyanın siyasi xəritəsində İsrail adlı dövlətin yaranması Qərbin müsəlman Şərqinə qarşı davam etdirdiyi səlib yürüşünün davam etdirilməsinin nəticəsidir. Dünya dövlətləri bir-birinin ardınca İsraili rəsmən tanımağa başlayanda İran da 1950-ci ilin mart ayının 6-da İsraili de-fakto tanmışdı. ( Bax: Israel: relations with Iran. Encyclopædia Iranica ) Bəzi qaynaqlar bu işdə sionist lobbisinin o zamankı yüksək məqamlara verdiyi böyük miqdarda rüşvətin və hədiyyələrin önəmli rol oynadığını vurğulayır. ( Bax: Mansour Farhang. The Iran-Israel connection . Arab Studies Quarterly, 1989, v. 11, № 1, p. 86)
Bu da bir gerçəkdir ki, İran müsəlman ölkəsi olduğu üçün həmişə ruhən ərəblərin tərəfində olmuş, ərəb koalisiyası ilə İsrail hərbi konfliktində birbaşa iştirak etməsə də ərəblərə imkanı daxilində maddi dəstək vermişdir. 1952-ci ilin 23 iyulunda Misirdə monarxiya rejiminin hərbi yolla devrilməsi və Cəmal Əbdülnasir Hüseynin hakimiyyətə gəlməsi, onun Sovət hökuməti ilə dostluq etməsi İranı istər-istəməz antisovet koalisiyasına yönləndirməyə, İsraillə bir düşərgəyə keçməyə sövq etmişdi, nəticədə İran Böyük Britaniya və ABŞ-ın təşəbbüsü ilə 1955-1979-cu illərdə mövcud olmuş Bağdad paktı iştirakçısına çevrilmişdi. Bağdad paktının strateji məqsədi kommunizmin Yaxın və Orta Şərq ölkələrinə yayılmasının qarşısını almaq idi. 1950-ci illərin ikinci yarısından başlayaraq İran və İsrail arasında münasibətlərdə normallaşma görünməyə başlamış, hətta 1960- 1970-ci illərdə İran-İsrail münasibətləri yüksələn xətlə inkişaf etmişdi. Məsələn, 1970-ci illərdə İsrail Xark adasında İran Hərbi Dəniz Qüvvələri üçün 12 minlik hərbi kontingentin normal fəaliyyət göstərməsi və yaşaması üçün bütün infrastrukturu əhatə edən hərbi kompləks inşa etmiş, Bəndər Abbas və Buşəhr limanlarını abadlaşdırmışdı. Süveyş kanalı ilə neft tankerləri hərəkət edə bilmədiyi dönəmdə,1970-1975-ci illərdə, Eylat-Aşkelon Transisrail neft kəmərinin çəkilişində İranın ciddi rolu olmuşdu. 5-10 iyun 1967-ci ildə ərəblərlə İsrail arasında baş vərmiş 6 günlük müharibədən sonra İran birmənalı şəkildə İsrailin tərəfini tutmuş, ərəblərin etirazına baxmayaraq ona neft və neft məhsulları ixracını dayandırmamışdır. Hətta 1973-cü ilin 6-24 oktyabr tarixlərində baş vermiş İsrail- Misir və Suriya müharibəsində İran yenə də İsrailin tərəfini tutmuş, ona 25 ədəd “Fantom” ( F-4) qırıcı təyyarəsi də vermişdi. ( Bax: В. И. Месамед. Ирано-израильские отношения: от партнерства к конфронтации. Институт Ближнего Востока, 2007) Pəhləvi rejiminin süqutuna qədər İranla İsrail arasında hərbi-iqtisadi əməkdaşlıq daim genişlənmişdir. Məsələn, 1977-ci ildə İsrailin İrana ixracatının həcmi 103,2 milyard dollara çatmışdı ki, bu da 1970-ci ildəki rəqəmdən 80,9 milyard çox idi. Müqayisə üçün qeyd edək ki, bu rəqəm həmin dövrdə İsrail -Türkiyə, İsrail -Yaponiya iqtisadi əməkdaşlığından əldə edilən nəticədən daha yüksəkdi. İraqda Səddam Hüseynin siyasi rəhbər olduğu “Bəəs” partiyasına qarşı mübarizə aparan kürd separatçılarını 1965-1975-ci illərdə həm İran, həm də İsrail aktiv şəkildə dəstəkləmiş, hər iki ölkənin mütəxəssisləri kürdlərin 1968-ci ildə yaradılmış “Parastin” gizli xüsusi xidmət orqanının təşkilində köməklik göstərmişlər. ( Bax: The Kurdish Security Forces- https://www.hrw.org/reports/2007 )
1970-ci illərin əvvəllərində İsrail İrana SSRİ-nin “Termit”-P-17 qurğularından müdafiə olunmaq üçün “Gabriel” qanadlı raketləri vermək haqqında razılığa gəlmişdi. O zamanlarda İsrailə gedib-gələn İranlı diplomatlar ərəblər bu əlaqədən xəbərsiz qalsın deyə oranı şərti olaraq “Bern -2” adlandırırdılar. Qaynaqlarda İran-İsrail münasibətlərinin bu şəkildə vüsət tapmasının başlıca səbəbi hər iki tərəfin İran körfəzində Səddam Hüseyn və Cəmal Əbdülnasirin yeritdiyi panərəbist siyasətinin qarşısını almağa yönəlik hərəkətlərlə açıqlanır. 1970-ci illərdə İran İsrail ilə müxtəlif sahələrdə əməkdaşlıq etsə də əsas mübadilə mövzusu hərbi avadanlıq və təchizat idi. İsrail də ABŞ kimi, İrana verdiyi silah-sursat əvəzinə neft alırdı:
مناسبات ایران و اسرائیل در زمینههای مختلف گسترش مییافت؛ ولی عمده تبادلات صورت گرفته بین ایران و اسرائیل مربوط به معامله سلاح و تجهیزات نظامی بودهاست. همانند آمریکا، اسرائیل نیز اساس معاملات خود با ایران را به فروش سلاح به ایران در ازای دریافت نفت از این کشور نهاده بود.
İran və İsrail münasibətlərində ciddi soyuqluq 1973-cü ilin 6-24 oktyabrında, İsraillə ərəb dövlətlərinin sayca 4-cü, 18 günlük müharibəsindən sonra başlamışdı. Xatırladaq ki, yəhudilərin “yom kippur” adlandırdıqları bayramda (günahların bağışlanılması günü ) ərəblərin hücuma keçməsi ilə başlayan müharibədən sonra OPEK neftin qiymətini kəskin şəkildə qaldırmış, Qərbi Avropa ölkələrinə və İsrailə yanacaq satmağı yasaqlamış, dünyada yanacaq böhranı başlamış, 28 Afrika ölkəsi İsraillə diplomatik əlaqəni kəsmişdi. Vəziyyətin ciddiliyini görən ABŞ prezidenti R. Nikson öz dövlət katibi H. Kissinceri 20.10.1973-cü ildə təcili olaraq Moskvaya, L. Brejnevin huzuruna göndərmişdi, SSRİ və ABŞ-ın iştirakı ilə BMT-nin qətnaməsi hazırlanmış və muharibə dayandırılmışdı. Vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışan İran şahı M.R. Pəhləvi bacardıqca İsrail ilə ABŞ-ın arasında inciklik və inamsızlıq yaratmağa, öz nüfuzunu artırmağa, eyni zamanda, ABŞ-la ərəb ölkələri arasında barışdırıcı missiyanı icra edə biləcəyi təsəvvürü yaratmağa başladı. Digər tərəfdən, İran şahı gələcəkdə İran torpaqlarını baş verə biləcək sovet və ya ərəb işğalından qorumaq üçün BMT-nin 22.11. 1967-ci ildə qəbul olunmuş 242 saylı qətnaməsinin icrasının tətbiq edilməsinin tərəfdarı idi. Həmin qətnaməyə görə, “hərbi müdaxilə nəticəsində ələ keçirilmiş ərazilər işğal olunmuş bölgə statusundadır və o yerləri zəbt etmiş dövlət oranı əsla özünün qanuni torpağı saya bilməz.” Məhz bu səbəbdən İran nümayəndələri 10. 11. 1975-ci ildə BMT-nin “İrqi diskriminasiyanın bütün formalarının ləğvi” haqqında 3379 saylı qətnaməsinin lehinə səs vermişdi. Həmin qətnamədə “sionizm irqçilik və irqi ayrı-seçkilik formasıdır” şəklində açıqlanmışdır: “Zionism is a form of racism and racial discrimination." ( Bax: Lewis Paul. "U.N. Repeals Its '75 Resolution Equating Zionism With Racism", 17. 12. 1991) İranın antiisrail mövqe tutması yəhudi lobbisinin hiddətinə səbəb olmuşdu. Sovet işğalının nə olduğunu yaxşı bilən İran şahı ( SSRİ və Böyük Britaniya 1941- 1946-cı illərdə İranı işğal etmişdi ) eyni hadisəni təkrar yaşamamaq üçün İsraillə barışmağa, ona güzəştə getməyə məcbur olmuşdu.
İranda baş vermiş islam inqilabından sonra İsraillə münasibət kökündən dəyişdi. 20 fevral 1979-cu ildə İran inqilabi hökumətinin qərarı ilə İsrailin “Elal” aviasiya şirkətinə mənsub 32 nəfər israilli mütəxəssis ölkədən çıxarıldı və İran-İsrail əlaqələri kəsildi:
در تاریخ ۳۰ بهمن ۱۳۵۷، دولت انقلابی ایران در اولین موضعگیری رسمی خود، طی اطلاعیهای، دستور اخراج ۳۲ کارمند اسرائیلی شعبه هواپیمایی ال عال از ایران را صادر کرد و خواستار قطع کامل روابط ایران و اسرائیل شد.
Fələstinlilərə dəstək və həmrəylik kimi İslam inqilabından sonra hər il orucluq ayının son cüməsi İranda “Qüds günü” kimi qeyd olunmağa başladı. ( Bax: رفسنجانی خواستار حضور مردم در راهپیمایی روز قدس, بیبیسی فارسی (
1980-ci ildə İranda yəhudi icmasının nümayəndəsinin parlamentdə təmsil olunmasına imkan verən qanun maddəsi ləğv edildi, 1981-1983-cü illərdə İranda yəhudi əsilli bir neçə şəxs casusluqda ittiham olnaraq cəzalandırıldı. 1979-1984-cü illərdə İranda yaşayan yəhudilərin əksəriyyəti ölkədən köçüb getsə də bir müddət İranla İsrail arasında mötədil münasibətlər yaranmışdı. İran ilə İraq arasında baş vermiş 8 illik müharibədə ( 1980-1988 ) İrana silah satışında mühüm rol oynayan İsrail, həm də mümkün qədər bu müharibənin uzun müddətli olmasınıi hər iki tərəfin bütün potensialını sərf etməsini və müharibədən möhtac durumda çıxmasında maraqlı idi. Belə olduğu təqdirdə İsrail uzun müddət rahat nəfəs ala bilərdi. İran İslam Cümhuriyyətinin banisi Ayətullah imam Xomeyninin vəfatından təqribən 5 ay sonra, 1989-cu ilin noyabr ayında İsrail Xarici İşlər Nazirliyi ABŞ Dövlət departamentinə İranla neft ticarətini bərpa edilməsinə dair məlumat verdi. 1990-cı ildə isə İsrailin hərbi naziri Moşe Şaha knessetdə bildirmişdi ki, onun ölkəsi neft və neft məhsullarına görə İrana 2,5 milyon dollar həcmində pul ödəmişdir. ( Bax: In oil deal with Iran. BBC, Feb 22, 1990 ) Əlbəttə ki, İran bu fikirləri təkzib ətmişdir.
1991-ci ildə “Səhrada tufan” hərbi əməliyyatından sonra İraqın çökməsi və SSRİ-nin dağılması Yaxın və Orta Şərqdə geopolitik vəziyyəti kökündən dəyişdirdi.
İsrail mətbuatında tədricən İran terrorçuların hamisi olaraq təqdim edilməyə başladı, xüsusən, Livanda İsrailə və onun tərəfdarlarına qarşı silahlı fəaliyyət göstərən “Hizbullah- حزب الله “ ) partiyasını ciddi cəhdlə İranla bağlı olduğuna dair yazıların gündəmə gətirilməsi soyuq olan münasibətləri daha da gərginləşdirirdi. 18 mart 1992-ci ildə Argentinanın paytaxtı Buenos Ayresdə, İsrail səfirliyi qarşısında baş vərmiş partlayışda 29 nəfər şəxs həlak olmuş,100 nəfər yaralanmışdı, həyatını itərənlər və yaralanlar arasında səfirlik işçiləri də vardı. 2 il sonra, 18 iyul 1994-cü ildə yənə də Buenos Ayresdə yəhudi mərkəzində partlayış oldu, nəticədə 85 şəxs öldü, 300-dən çox insan yaralandı. Bu partlayışların “Hizbullah”çılar tərəfindən törədildiyi barədə KİV-lərdəki yazılarda bu aktın arxasında İran xüsusi xidmət orqanlarının əli olduğuna dair iddialar yayınlansa da sübutedici dəlillər aşkar edilə bilmədi. ( Bax: Alexei Barrionuevo. Inquiry on 1994, Blast at Argentina Jewish Center, The New York Times, 17.07.2009)
İsraili, əslində, qorxudan başlıca səbəb İranın israrla nüvə proqramını davam etdirməsidir. Xatırladaq ki, İran hələ keçən əsrdən bu sahədə ciddi şəkildə fəaliyyət göstərmişdir. Məsələn, 5 mart 1957-ci ildə İran və ABŞ atomdan dinç məqsədlərlə istifadə haqqında əməkdaşlıq müqaviləsi imzalamış, 1958-ci ildə İAEA-nın (Beynəlxalq Atom Enerjisi Agentliyi) üzvü olmuş, bu sahədə qabaqcıl dövlətlərlə əlaqə yaratmışdır. ( Bax: Haidar, J.I., "Sanctions and Exports Deflection: Evidence from Iran," Paris School of Economics, University of Paris, 1 Pantheon Sorbonne, Mimeo, 2015 ) Eyni zamanda, İran nüvə silahlarının atmosferdə, kosmosda və su altında sınaqdan çıxarılmasının qadağan edilməsi haqqında 1963-cü il müqaviləsini də imzalamışdır. İran ilə Rusiya 1992 və 1995-ci illərdə atom enerjisindən dinc məqsədlərlə istifadə etmək barədə razılığa gəlmişdir. Rusiya əldə olunmuş razılıq əsasında İranın Buşəhr və Xuzistan ərazilərində AES inşa edir. 2003-cü ildən başlayaraq ABŞ və İsrail ciddi şəkildə İranı özünə nüvə silahı yaratmağa çalışmaqda ittiham edir. 2004-cü ilin yayında İAEA-nın səlahiyyətli mütəxəssisləri ABŞ və İsrailin israrı ilə İranda yoxlamalar apardılar, amma təhlükəli heç bir şey tapmadılar. Buna baxmayaraq, ABŞ və İsrailin şübhəsi bitmədi. Onlar əmindirlər ki, İran bir neçə nüvə bombası yaratmağa yetəcək qədər zənginləşdirilmiş urana sahibdir. İsrail yetkililəri İranın inadla AMAD layihəsini (پروژه آماد ) gerçəkləşməkdə olduğunu bildirir. Məsələn, 30 aprel 2018-ci ildə İsrail rəsmiləri ələ keçirdikləri 100 min səhifəlik kağız və sayısal ( digital ) yazıların buna əsas verdiyini bəyan etsələr də, İran XİN müavini Abbas Əraqçı bu iddiaları yalanlamışdı. ( Bax: РИА Новости, 5 мая 2018)
1996-cı ildə İsraildə baş nazir səçilən Binyamin Netanyahu və 1997-ci ildə İran İslam Cümhuriyyətində iqtidara gələn Mohamməd Xatəmi zamanında İran-İsrail münasibətlərində bir irəliləyiş olacağı düşünülsə də bu gözləntilər özünü doğrultmadı. İranın 23 iyul 1998-ci ildə 2500 km məsafədən hədəfi vura bilən orta mənzilli “Şəhab-3” ballistik raketini uğurla sınaqdan keçirməsi israilli yetkililəri ciddi narahat etməyə başladı. Mətbuatda İsrail Hərbi Hava Qüvvələrinə məxsus süpersonik, 20 km yüksəklikdən uça bilən F-15 “Eagle” qırıcılarının İrana hər an zərbə endirməyə hazır olması barədə xəbərlər yayılmağa başladı. Hər iki tərəf bir-birini təhdid edən açıqlamalarla tez-tez gündəmə gəlirdi. 2001-2009-cu illərdə ABŞ-ın 43-cü prezidenti olmuş Corc Buş antiiran tutumu ilə İsrail-İran münasibətlərinindəki gərginliyi daha da artırdı. İran birtərəfli qaydada 28 mart 2002-ci ildə Beyrutda imzalanmış İsraillə sülh bəyannaməsinə qatılmaq istəyini bildirsə də, “Əl Qaidə” və “Taliban” silahlı dəstələrinə qarşı mübarizə aparsa da, ABŞ rəhbərliyi İranın bu hərəkətlərini zəiflik kimi dəyərləndirdi, 9 aprel 2003-cü ildə İraqda Səddam Hüseyn rejimi devrildikdən sonra İsrail İran İslam Cümhuriyyətini Yaxın və Orta Şərqdə ən böyük təhlükə olaraq görməyə başladı. 2005-2013-cü illərdə İran İslam Cümhuriyyətinin 6-cı prezidenti olmuş Məhmud Əhməd Nejadın zamanında İran-İsrail münasibətlərində kəskinləşmə daha ciddi şəkil almağa başladı. Ə. Nejad Avropa mətbuatında 1910-cu ildən tirajlanan, Osmanlı dönəmində, güya, ermənilərə, 1939-1945-ci illərdə isə yəhudilərə tətbiq olunmuş “holokaust”un uydurma suçlama olduğunu, “hətta gerçəksə belə, israillilər üçün ərazini ABŞ, Kanada və Avropa ölkələri öz torpaqlarından verməlidir” fikri dünyada şok effekti yaratmışdı. “İncil”dən alınmış “holokaust” sözü “hər şeyin yandırılıb məhv edilməsi” deməkdir, farslar ona “həmesuzi”- همه سوزی - deyirlər . ( Bax: Iranian leader denies Holocaust, BBC (14 December, 2005) 2007-ci ildə İran İslam Cümhuriyyətində nümayiş etdirilən İran, Macarıstan, Fransa və Livan kinematoqraflarının birgə istehsalı olan “Sıfır dərəcə dönüş- مدار صفر درجه” - adlı teleserial məhz “holokaust” məsələsini işıqlandırır. Film 1941-ci ildə Parisdə İranın konsulu olmuş Əbdül Hüseyn Sərdarinin ( 1914-1981) İran vətəndaşı olmayan yəhudilərə də İran pasportu verərək onları Parisi işğal etmiş hitlerçilərin çəngindən qurtarması hadisəsi əsasında çəkilmişdir.
İsrail ikinci Livan müharibəsindən sonra (12 iyul- 14 avqust 2006 ) “Hizbullah” birləşmələrinin kifayət qədər mükəmməl silahlı olmasından son dərəcə şübhələnərək bunun səbəbkarının İran olduğunu irəli sürdü. 2012-ci ildə İsrailin Hindistan, Tailand və Gürcüstandakı nümayəndələrinə olan hücumlarda da yenə İran amili irəli sürüldü. İsrail İranın nüvə proqramından da bərk əndişə duyur, yəhudilərin çoxu İranın bir gün onlara hücum edəcəyindən qorxur. İran da öz növbəsində, öz ərazisi və əhalisinin təhlükəsizliyi üçün müəyyən tədbirlər görür. Məsələn, İran 2007-ci ildə Rusiyadan C-300 tipli zenit raket kompləksi almaq barədə razılığa gəlib. Hazırda Hörmüz boğazına nəzarəti əlində saxlayan İran ona İsrail tərəfindən hər hansı bir təcavüzkar hərəkət baş verərsə, Hörmüz boğazını bağlayacağını, üçüncü dünya ölkələrinə neft daşıyan gəmilərin hərəkətini dayandıracağını, İsraili isə yer üzündən siləcəyini bəyan edir. İsrail rəsmiləri İranın bəyanatının sadəcə təhdiddən ibarət olmadığını çox gözəl anlayır və preventiv tədbirlər görülməsi üçün ABŞ başda olmaqla dünyanın bütün qabaqcıl dövlətlərini inandırmağa çalışırlar ki, İran təkçə İsrail üçün deyil, istənilən dövlət üçün çox ciddi təhlükədir. 2015-ci ildə İrana tətbiq olunan embarqo sanksiyasının qaldırılması müqabilində İran da öz nüvə proqramının gerçəkləşməsini dayandırmışdır. Bununla belə, tərəflər bir-birlərini müxtəlif hadisələrə görə qarşılıqlı ittihamlarını davam etdirirlər. Məsələn, “Stuxnet” virusu ilə İran nüvə fizikası alimlərinin bilgisayarlarının sistemini çökdürülməsində, 5 iranlı fizikin müəmmalı şəkildə həlak olmasında İran tərəfi, ilk növbədə, İsrailin əli olduğunu güman edir. Qərbdə çıxan bəzi mətbuat vasitələri isə, nüvə proqramı üzərində çalışan bəzi alimlərin Qərbə qaçmaması üçün iranlı xəfiyyələrin özləri tərəfindən də öldürülə biləcəyi ehtimalının az olmamasını iddia edir. ( Bax: Siegfried S. Hecker, Abbas Milani. Ending the assassination and oppression of Iranian nuclear scientists; Bulletin of the Atomic Scientists, 2015, v. 71, № 1, p. 46—52 )
İran öz növbəsində, onun ərazi bütövlüyü üçün təhlükə törədən “Cundullah” (- جندالله – ALLAHın əsgərləri) və PJAK-ın ( Partiya Jiyana Azad a Kurdistane- “Kürdistan Azad Həyat Partiyası”) İsrail tərəfindən dəstəkləndiyini iddia edir.
İsrail KİV vasitəsilə dünya ictimaiyyətini inandırmağa səy göstərir ki, Suriya ərazisində İrana aid gizli bazalar var və bu bazalar “Hizbullah”ın nəzarətindədir. Əgər “hizbullah”çılar Bəşər Əsəd qüvvələrini üstələsələr, mütləq İsrail-Suriya sərhəddindəki Colan ( Misirlilər -c- hərfini –q- şəklində tələffüz etdiklərindən هضبة الجولان -Həzbətu’l Culan- Colan təpələri” ifadəsini biz də yanlışlıqla “Golan heights- Голанские высоты- Qolan təpələri” şəklində yazır və tələffüz edirik) təpələrini ələ keçirəcəklər.
2018-ci ilin fevral ayında mətbuat İsraildə vurulan pilotsuz uçan aparatın İran istehsalı olduğu barədə xəbər yaydı. ABŞ prezidenti D. Tramp İrana yenidən iqtisadi sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulayır. 2018-ci ilin aprelində İsrailin Suriyaya hava zərbələrindən 7 iranlı həlak oldu, bu ilin may ayında Colan təpələrindən İsrailə 20 ədəd “Fəcr” (“Qrad”ın İran modifikasiyası ) raketi atıldı. İsrail bunun “Qüds” ( İslam inqilabı keşikçiləri korpusuna aid xüsusi təyinatlı hərbi bölmə – Sepah e Quds - سپاه قدس - ) birləşmələri tərəfindən icra olunduğunu bildirir. İsrail cavab atəşi ilə Suriyanın 50 obyektini bombaladı. Nəticədə, 20 nəfər də həyatını itirdi.
Son zamanlarda İran-İsrail münasibətləri daha gərgin şəkil almışdır. Təəssüf ki, tərəflərin bir-birinə inamı qalmadığından qarşı tərəfin istənilən hərəkətində dərhal gizli və məkrli strateji məqsədlər axtarılır, münasibətlərin normallaşması naminə atılan hər addımı rəqibin siyasi sayıqlığını azaltmağa yönəlik hərəkət kimi qəbul edilir. Uca ALLAHın öz bəndələrinə hökmünü unutmaq olmaz:
. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ – Ey iman edənlər, hamınız barışığa gəlin, şeytanın hərəkətlərinə uymayın, çünki o, açıq-aşkar sizin düşməninizdir- Bəqərə, 208. Eyni şey “Əhdi-ətiq”də də əks olunmuşdur: מחפשים שלום ורודף אחרי זה – Barışı axtar və onun ardınca get- Ps. 34:14
Azərbaycan üçün çox önəmli olan İran və İsrailin bir-biri ilə barışması, münasibətlərinin normallaşması, nəticə etibarı ilə, bütün dünya üçün sərfəlidir. Ümid edirik ki, 2012-ci ilə iki israillinin— Roni Ədri və Mixail Tamir – sosial paylaşım saytlarında başlatdıqları “İsrail İranı sevir” kampaniyasına cavab olaraq iranlıların dəstəklədiyi “İran İsraili sevir” xalq diplomatiyasının uğurlu şəkildə davam etdirilməsi hər iki tərəfin yetkililərini də ümumi razılığa gəlməsinə səbəb olacaqdır. İnanırıq ki, sonda ağıl ve məntiq qalib gələcək və hər iki dövlət barışacaqdır.
Paylaş: