İordan çayının qərb sahilindəki Fələstin Muxtariyyəti Şurasının sədri Mahmud Abbas Qəzzada hakimiyyəti öz nəzarətinə götürməyə hazır olduğunu bilirib.
Ovqat.com Fələstinin “Vəfa” xəbər agentliyinə istinadən xəbər verir ki, Mahmud Abbas “iki dövlətli həll” təklifini öz idarəçilik sistemin əsas prinsipi ola biləcəyinə eyham vuraraq deyib: “Əgər iki dövlətli həll razılaşması əldə olunarsa, mən paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin bir hissəsi kimi Qəzzanı nəzarətə götürə bilərəm”.
Qeyd edək ki, Mahmud Abbasın rəhbəri olduğu “Fəth” hərəkatı ilə HƏMAS arasında ciddi siyasi rəqabət var və bu rəqabət vaxtaşırı toqquşmalara çevrilir.
HƏMAS 2007-ci ildə Qəzza zolağında keçirilən seçkilərdə qalib gələrək bu bölgədə hakimiyyəti ələ keçirib. Mahmud Abbas isə, nə İordan çayının qərb sahilində, nə də Qəzza zolağında ciddi nüfuza malik deyil. Bir çox fələstinli Abbasın Qərblə mülayim münasibətlərinin Fələstin məsələsinə heç bir fayda vermədiyini düşünür və 88 yaşlı siyasətçinin istefasını istəyir.
Mahmud Abbas 2005-ci il seçkilərində dörd il müddətinə Fələstin Muxtar Administrasiyasının prezidenti seçilsə də, ondan sonra İordan çayının qərb sahilində heç bir seçki keçirilməyib.
Son günlər İsrail-Həmas müharibəsindən sonra Qəzza zolağında administrasiyanı kimin üzərinə götürəcəyi ilə bağlı gərgin təmaslar və müzakirələr gedir. Birləşmiş Ştatlar Fələstin administrasiyasının Qəzza zolağının gələcəyi ilə bağlı məsləhətləşmələrə cəlb olunmasını istəyir. Bununla belə, fələstinlilərin əksəriyyəti Abbasın İsrailin köməyi ilə Qəzza zolağında hakimiyyəti ələ keçirməsini dəstəkləmir.
Paylaş: