Xəbər lenti


Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Ukraynanın Böyük Britaniyadakı səfiri olmağa razılaşıb.

 

Ovqat.com-un məlumatına görə, Ukrayna Ali Radasının deputatı Yevgeni Şevçenko bu barədə mətbuat açıqlamasında bildirib.

 

Şevçenko iddia edib ki, Zalujninin istefası yaxın günlərdə baş tutacaq.

 

Daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Avropa mətbuatına açıqlamasında bildirmişdi ki, o, “komandasını sıfırlamağa və yenidən başlanğıca” ehtiyac görür və buna görə də təkcə hərbi sahədə deyil, bir sıra dövlət məmurlarını dəyişdirməyi planlaşdırır.

 

Rus mediası Pentaqonun Zalujnını istefaya məcbur etmək üçün Ukrayna prezidentinə təzyiq göstərdiyini yazır.

 

Qeyd edək ki, müharibənin seyri ilə bağlı Zalujnı və Zelenski arasında fikir ayrılığı vardı. Qərb mətbuat orqanlarına verdiyi açıqlamalarda və analitik yazılarında cəbhə xəttində tıxanmanın yarandığını etiraf edən Zalujnı hücum taktikasının işə yaramadığını, müasir silahlarla rus mövqelərinə hücumların təşkili və müdafiə strategiyasına üstünlük verməyi məsləhət görürdü. Zelenski isə nəyin bahasına olursa olsun hücumların davam etdirilməsindən yanaydı və açıqlamalarında dolayısıyla Ukrayna Silahlı Qüvvələrinin Baş komandanının fikirlərini yorğunluq kimi dəyərləndirirdi. 

 

Məlumata görə, Ukrayna prezdenti yaranan fikir ayrılıqları ilə əlaqədar hərbi komandanlığı bir yerə toplayıb Zalujnıya istefa verib başqa vəzifəyə getməyi təklif etmişdi. Təkliflər arasında Böyük Britaniyaya səfir getmək variantı da vardı. Zalujnı isə könüllü istefaya getməyəcəyini bildirmişdi. Ali Radanın deputatı Yevgeni Şevçenkoya inansaq, uzun müddət davam edən müzakirələrdən sonra Zalujni bu təkliflə razılaşıb.

 

Zalujnının Ukrayna Quru Qoşunları komandanı Aleksandr Sirski və ya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovla əvəz olunacağı gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 5 169          Tarix: 6-02-2024, 09:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma