Xəbər lenti


 

Ukraynanın Vyetnam sindromu

 

İsrail-Fələstin müharibəsinin başlamasının ən böyük zərbəsinin Ukraynaya dəyəcəyini bildirən bir çox ekspertlər bunu ABŞ-ın 1970-ci illərdə üzləşdiyi Vyetnam sindromu ilə müqayisə edirlər. Onların fikrincə, ABŞ-ın Vyetnamda məğlubiyyətə uğramasının əsas səbəbi 1967 və 1973-cü illərdə İsrailin ərəb dünyası ilə apardığı müharibə ilə əlaqədardır. İddialara görə, İsrail ərəblərlə müharibə apardığı zaman bütün diqqətlərin ona yönəlməsi və daha çox silah-sursatla təchiz olunması üçün ABŞ-ın hər hansı formada iştirak etdiyi başqa müharibə istəmir. Odur ki, ərəb-İsrail müharibələri zamanı da ABŞ-ın diqqətini Vyetnamdan ayırmaq üçün yəhudi lobbisinin maliyyələşdirdiyi bütün beynəlxalq media qurumları hərəkətə keçmiş və Vyetnamdakı ağır itkilərindən bəhs edən materiallar dərc etməyə başlamışdılar. Beləcə, ABŞ vətəndaşları Vyetnam müharibəsinin əhəmiyyətsizliyinə və zərərlərinə inandırılmış, ABŞ-ın bu müharibəni yarımçıq kəsməsinə və məğlubiyyətlə ayrılmasına nail olunmuşdur. 

 

Maraqlıdır ki, İsrail-Fələstin müharibəsi başlayar-başlamaz eynilə 1970-ci illərdə olduğu kimi, dünyanın bir çox media qurumları Ukrayna barəsində bənzər neqativ materiallar dərc etmə yarışına girmişlər. Bundan əlavə, Ukrayna prezidentinin İsraili dəstəkləmək həmin ölkəyə səfərinə də Tel-əviv tərəfindən icazə verilməmişdi. Bütün bunlar isə yəhudi lobbilərinin Ukrayna müharibəsinin davam etdirilməsini istəmədiyinə dəlalət edir.

 

Bu həftə müxtəlif qlobal media orqanlarında dərc olunan iki yazı da haqqında bəhs etdiyimiz ehtimalı gücləndirir. Bunlardan biri, Ukrayna ordusunun baş komandanı Valeri Zalujnının Böyük Britaniyada nəşr olunan “Economist” jurnalına verdiyi müsahibədir. Zalujnı müsahibəsində rus və Ukrayna ordularının qüvvələr nisbətində yaranmış bərabərlik nəticəsində döyüşlərin dalana dirəndiyini və müharibənin uzun sürməsinin Moskvanın xeyrinə nəticələnə biləcəyini etiraf edir. Digəri isə Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-ın “TIME” dərgisində nəşr olunan müsahibəsidir. Müsahibədə Zelenskinin müttəfiqlərini Ukraynanın qələbəsinə inandırmaq üçün “davamlı səylər göstərməkdən yorulduğu” vurğulanır.

 

Ukraynanın hərbi komandiri general Valeri Zalujnı “Economist”-ə verdiyi müsahibədə deyir ki, cəbhə bölgəsində yaranmış vəziyyət eynilə Birinci Dünya Müharibəsindəki böyük itkilərlə yadda qalan və illərlə davam edən səngər döyüşlərini xatırladır. O etiraf edir ki,  bu gedişlə cəbhə xəttində çoxlarının gözlədiyi “dərin və əsaslı sıçrayış” olmayacaq, “əksinə dağıdıcı itkilər və dağıntılar” baş verəcək.

 

Eyni zamanda, TIME dərgisinin jurnalisti Simon Şusterə müsahibəsində Zelenski deyir ki, “Heç kim mənim kimi qələbəmizə inanmır. Heç kim.” Lakin o, əlavə edir ki, Ukraynanın müttəfiqlərinə bu inanclarını aşılamaq “bütün gücünü və enerjini alır”.

 

Uzun müddətdir prezidentin yaxın ətrafına çıxışı olan jurnalist Şuster, Zelenskini yorğun, bəzən əsəbi və müttəfiqlik öhdəliyinin getdikcə zəifləməsindən narahat kimi təsvir edir.

 

Müharibə ilə bağlı yorğunluq dalğa kimi üstümüzə gəlir. Siz bunu ABŞ və Avropadakı tərəfdaşlarımızda da görə bilərsiniz”, – Zelenski deyib.

 

Buna baxmayaraq, Zelenski qələbəyə köklənib və sülh və ya danışıq təkliflərini yaxına buraxmaq belə istəmir. "Bizim üçün bu, gələcək nəsillərimizə böyük bir yaranı açıq saxlamaq demək olardı", - o, “TIME”a müsahibəsində bildirib.

 

Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatına başlamasından beş ay sonra, Zelenskinin qorxuları və Zalujninin qiymətləndirməsi dünyanın diqqətinin Yaxın Şərqə yönəlməsi və İsrailin HƏMAS ilə müharibəsinin daha geniş regional münaqişəyə sıçrama riski ilə əlaqədardır.

 

Zelenski özü də müsahibəsində bunu gizlətmir: “Əlbəttə ki, biz Yaxın Şərqdəki hadisələrə görə uduzuruq. İnsanlar ölür və insanların həyatını xilas etmək üçün dünyanın köməyinə ehtiyac var...”

 

Cəbhədə durğunluq

 

Ukrayna qüvvələri yaydan bəri azacıq ərazi ələ keçirib; Rusiya hələ də ölkənin təxminən beşdə birini tutur. Bəzi ərazilərdə, məsələn, Donetskin Avdiyevka və Uqledar ətrafında, Xarkovun Kupyansk yaxınlığında ukraynalılar müdafiə olunurlar, çünki Rusiya döyüşə xeyli sayda silah-sursat və canlı qüvvə töküb. Bəzi məlumatlara görə, hətta rus qoşunları bu istiqamətdə müəyyən mövqelər də ələ keçirib.

 

Zalujnı “Economist”ə müsahibəsində deyir ki, Kreml Rusiya ordusunun verdiyi böyük itkilərdən xəbərsizdir – bir çox hesablamalara görə, son döyüşlərdə 100.000-dən çox adam əsgər itirib. Ukraynanın yeni müdafiə naziri Rustəm Umerov da bu qənaəti bölüşür. Onun iddiasına inansaq, son bir neçə gündə Rusiya təkcə Avdiyevka ətrafında 4000 adam itirib. Açıq mənbələrdə yer alan görüntülərdən aydın olur ki, ruslar həmin döyüşlərdə 200-ə qədər tank və digər hərbi texnikalarını da qurban veriblər.

 

Zalujnı Qərb müttəfiqlərinin Ukraynaya verilən arsenalın və bir neçə briqadanın səfərbər edilməsinin çox az fərq yaratmasından az qala çaşqına dönmələrindən şikayətçidir. O deyir ki, komandirlərin dəyişdirilməsi və diviziyaların hərb meydanına dislokasiyası belə, döyüşlərə heç bir təsir göstərməyib və bu da Ukraynanı silah-sursatla təchiz edən Qərb ölkələrini ruhdan salır.

 

Dörd ay bizim Krıma çatmağımız, Krımda döyüşməyimiz, Krımdan qayıtmağımız üçün kifayət qədər vaxt demək idi”, - o əlavə edir. Əvəzində isə Ukraynanın şərqində dərin və yaxşı kök salmış Rusiya müdafiəsinə nüfuz etmək mümkün olmadı. Hətta sıx basdırılmış mina sahələrinə nüfuz edildiyi əməliyyatlar böyük qurbanlar bahasına başa gəlsə də, ruslar müdafiə sədlərini uzaqdan minalamaqla bərpa edə bilirlər.

 

Ukraynanın havadakı zəifliyi quruda irəliləyişlərə mane olan əsas faktorların başında gəlir və Zalujnı xəbərdarlıq edir ki, 2023-cü ilin sonunda Rusiya bölgəyə yeni hücum eskadrilyaları (bombardmançı təyyarələr heyəti-Ovqat.com) yerləşdirə bilər.

 

Baş komandan deyir ki, bəzən o, vəziyyəti Birinci Dünya Müharibəsi ilə bağlı köhnə sovet təhlilinə əsasən müqayisə edir: “mühafizə olunmuş müdafiə xətlərinin pozulması”. O qeyd edir ki, o dövrdəki vəziyyətlə bugünkü arasındakı heyrətamiz oxşarlıqlar var: "O vaxt olduğu kimi, bu gün də texnoloji inkişaf səviyyəmiz həm bizi, həm də düşmənlərimizi çıxılmaz vəziyyətə salıb."

 

Dronların və digər kəşfiyyat texnologiyalarının istifadəsi də dalana dirənmiş vəziyyətdədir. Rusiya onlarla tankı bir neçə yüz metr məsafəyə sürərkən, Zalujnı Adviyevka ətrafında baş verən qırğından danışır: "Məsələ burasındadır ki, biz düşmənin, düşmən də bizim etdiyimiz hər şeyi görür."

 

Eyni zamanda o, etiraf edir ki, rus ordusu artıq müharibə şəraitinə öyrəşib və adaptasiya olub. O, təkmilləşdirilmiş logistika zəncirlərinə malikdir, yeni avadanlıqlar istehsal edən fabriklərini işə salıb və elektron müharibə imkanları ilə Ukraynanın dəqiq döyüş sursatlarının üstünlüyünü azaldıb.

Zalujnı səmimi şəkildə etiraf edir ki, bir müddətdən sonra Rusiya “silah, texnika, raket və sursat sahəsində üstünlüyü ələ keçirəcək”. Bu isə təbii ki, texnika və canlı qüvvə baxımından onsuz da çətin vəziyyətdə qalan Ukrayna üçün ölümcül ola bilər.

 

“Nə qədər ki, qış başlamayıb”…

 

Ukraynanın hərbi komandirinin fikrincə, nə qədər ki, qış başlamayıb, amansız tükəndirmə müharibəsini qırmaq üçün keyfiyyətcə sıçrayış lazımdır. Əks halda bu yenilgi təkcə döyüş meydanında özünü göstərməklə qalmaz, Ukraynanın mənəviyyatını da sarsıda bilər. Əgər Rusiya enerji infrastrukturunu hədəfə almağa başlasa, Ukrayna mülki əhalisi daha bir soyuq, qaranlıq qışla üzləşəcək. Bu isə ukraynalıların onsuz da tarıma çəkilmiş döyüş ruhuna sarsıdıcı zərbə vura bilər.

 

Zalujnı öz müsahibəsində irəliləyiş üçün beş əsas tələbi sadalayır - bunların heç biri tez həll oluna bilməz və hamısı müttəfiqlərdən yeni öhdəlik tələb edir. Bunlara aşağıdakılar aiddir: yerüstü əməliyyatları dəstəkləmək üçün hava üstünlüyü əldə etmək; Rusiyanın mina maneələrini aşmaq; əks batareya döyüşünün effektivliyinin artırılması (məsələn, Rusiya artilleriyasını hədəfə almaq); zəruri ehtiyatların yaradılması və hazırlanması; elektron müharibə imkanlarının yaradılması.

 

Zalujnının sözlərinə görə, bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemlərini həddən artıq yükləmək üçün saxta hədəflər yaradılmalı və pilotsuz hərbi təyyarələrindən istifadə edərək “vahid döyüş birləşməsində” kütləvi zərbələr endirməlidir.

 

“Bizim həmçinin dron müharibəsində qalib gəlmək elektron müharibə sistemlərinə ehtiyacımız var”, - deyən komandan əlavə edir ki, rusların 60-a yaxın bu cür müxtəlif sistemləri var.

 

"Bu müharibəni keçmiş nəslin silahları və köhnəlmiş üsullarla qazanmaq olmaz", - deyən Zalujnının fikrincə, "gec və ya tez görəcəyik ki, sadəcə döyüşmək üçün kifayət qədər insanımız qalmayıb. Düşmən təlim mərkəzlərinə və poliqonlara raket və hava zərbələri endirmək imkanına malik olduğundan, bizim öz ərazimizdə ehtiyat hazırlamaq imkanlarımız məhduddur”.

 

Kreml isə əksinə, özünün böyük hərbi maşınının Ukraynanın hərbi mənəviyyatını sındıracağına inanmaqdadır ki, döyüşlərin dalana dirənməsindən hədsiz dərəcədə razı görünür.

 

Zelenski isə müttəfiqlərinin Ukraynaya inamsızlığından gileylidir. Sentyabrda Vaşinqtona son səfərindən danışan Ukrayna prezidenti “TIME”-a müsahibəsində deyib ki, Konqresin bəzi üzvləri ondan “birbaşa” soruşdular: “Sizə yardım etməsək, nə olacaq?”. Zelenski isə bu suallara belə cavab verib: “Nə olmalıdır ki, uduzacağıq”.

 

Zelenski və digər Ukrayna rəsmiləri ardıcıl olaraq xəbərdarlıq ediblər ki, Qərb müttəfiqlərindən gələn yardımın həcmi və növü, eləcə də onların göndərilməsində zərərli gecikmələr Ukraynaya mübarizə meydanında yerində saymağa imkan verib, lakin qalib gəlməyə kifayət etməyib.

 

Şuster Ukrayna prezidentinin köməkçisindən sitat gətirir ki, Zelenski özünü “Qərb müttəfiqləri tərəfindən xəyanət edilmiş hiss edir. Müttəfiqləri onu müharibədə qalib gəlmək üçün vasitəsiz qoyublar, yalnız sağ qalmaq üçün vasitələr verirlər”.

 

Yalnız indi ABŞ istehsalı olan ATACM-lər (daha uzun mənzilli taktiki raket) cəbhə xəttinin çox arxasındakı hədəflərə qarşı tətbiq edilir. F-16 qırıcıları isə gələn ilin yazına qədər göndərilməyəcək.

 

Krım - Rusiyanın Axilles dabanı

 

Bir çox Ukrayna rəsmilərinin fikrincə, yardımların məhdudlaşdırılması Rusiyaya Ukraynanın Xarkovdan qəfil irəliləməsi və Xersonun böyük hissəsindən geri çəkilməsindən sonra bir il əvvəlki üstünlüyü itirmək təhlükəsi ilə üzləşmiş vəziyyəti sabitləşdirməyə imkan verdi.

 

Rusların Axilles dabanı varsa, Zalujnının fikrincə, bu, Krımdır. Qismən ona görə ki, ada prezident Vladimir Putinin tacının ləl-cəvahiri hesab olunur və qismən də ona görə ki, yarımada Rusiya qoşunlarını yenidən təchiz etmək üçün mühüm kanal və onun Qara dəniz donanmasının əsas bazasıdır.

 

Son bir neçə ayda Ukrayna hərbçiləri Krımda Rusiyanın müdafiə infrastrukturuna, habelə Putinin Rusiyaya “hədiyyə etdiyi” qiymətli körpüsünə raket, pilotsuz təyyarə və təxribat hücumlarını artırıb. Zalujnı deyir ki, bu həftə Krımdakı hədəflərə qarşı ilk dəfə olaraq ATACM-lardan istifadə edilib. 

 

Hələlik Zalujnının ən böyük qorxusu silah altında olan adamların sayından üç dəfə çox olan düşmənə qarşı uzun sürən səngər müharibəsidir.

 

Onun fikrincə, “səngər müharibəsi”nin ən böyük riski odur ki, illərlə davam edə və Ukrayna dövlətini tükəndirə bilər.

 

Zalujnı Rusiyanı “ən ucuz resursun insan həyatı olan feodal dövləti” kimi təsvir edir: “Bizim üçün isə... sahib olduğumuz ən bahalı varlıq insanlarımızdır.”

 

P.S. Yazıda CNN-nin “Ukraynanın müttəfiqlərdən yorulmuş və məyus olmuş Ukrayna prezidenti və onun hərbi komandiri uzun sürən müharibə barədə xəbərdarlıq edir sərlövhəli analitik məqaləsindən geniş ölçüdə istifadə olunmuşdur.

 





Ana səhifəyə qayıt        Baxış: 6 112          Tarix: 4-11-2023, 10:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma