Xəbər lenti

 

"Nə mən, nə də prezident Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq edən Konqresin bu addımından də o addımı atma tərzindən məmnunuq. Bunların bizim səylərimiz baxımından faydalı olmadığını düşünürük”.

Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Reks Tillerson keçirdiyi mətbuat konfransında deyib.

Bununla belə, Trampın həmin qərarla bağlı veto hüququndan istifadə etməyəcəyini bildirən  dövlət katibi bunu Konqresin iradəsinə hörmətlə yanaşmalarıyla izah edib: “Çünki qərar konqresmenlərin mütləq səs çoxluğuyla qəbul edilib”.

ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiya ilə ABŞ arasında münasibətlərin "gözəçarpacaq" həddə gərgin olduğunu etiraf edərək, xarici siyasətlə bağlı bir çox mətləblərə də aydınlıq gətirib.

Rusiyanın ötən həftə ölkədəki Amerika diplomatlarının  sayını 755 nəfər azaltma qərarına da münasibət bildirən ABŞ-ın bir nömrəli diplomatı, maraqlıdır ki, bu məsələdə də Moskvanın haqlı olduğuna eyham vurub. Onun sözlərinə görə, Vladimir Putin həmin addımı ABŞ-ın sabiq prezidenti Barak Obamanın ötən ilin dekabrda  35 rus diplomatını ölkədən qovmasına cavab olaraq atıb:

“ABŞ-ın yeni sanksiyalar tətbiq etməsi, Putinin dekabrdan bu yana əlində tutduğu cavab haqqından istifadəsinə gətirib çıxartdı.  Prezident Putinin də Rusiyada gözünün içinə baxdığı xalqı var. Bu səbəbdən simmetrik bir addım atmağa lüzum duyduğunu düşünürəm”.

Tramp rəhbərliyinin ilk gündən etibarən Rusiya ilə ortaq mənfəətlər sahəsi tapmağa çalışdığını bildirən Tillerson terrorizmə qarşı ortaq mübarizəni buna misal olaraq göstərib: "Birlikdə əməkdaşlıq qabiliyyətimizi yoxlamaq məqsədilə  Suriyanı test sahəsi olaraq seçdik. İŞİD-in iki ölkə üçün də təhdid meydana  gətirdiyi qənaətini bölüşürük, onun və digər terror təşkilatlarının məğlub olmasını arzulayırıq.”

Tillerson Rusiya ilə Tramp hakimiyyəti arasında bəzi fikir ayrılıqlarının olduğunu da inkar etməyib:

"Açığı, bizim qəbul edilə bilməz olaraq gördüyümüz Bəşər Əsəd rejimi ilə Rusiya əməkdaşılıq qurur. Ona görə də, bölünmüş yox, bütöv bir Suriya üçün yeni bir konstitusiyayla bütün xalqa hüquq bərabərliyi verən, sərbəst və ədalətli seçkilərlə yeni bir liderin başa keçdiyi ölkə naminə nələr edə biləcəyimiz məsələsini Rusiya ilə birgə müəyyənləşdirməyə çalışırıq. Bizim mövqeyimiz Əsəd rejiminin Suriyanın gələcəyində heç bir rolu olmadığı istiqamətindədir".

Dövlət katibi İŞİD sonrası dövr üçün Suriyada vətəndaş müharibəsinin davam edəcəyindən nigarandır:

"İŞİD sonrası Suriyanı fikirləşəndə ümid etdiyimiz yeganə məsələ vətəndaş müharibəsinin baş verməməsidir, çünki hazırda bu ölkədə iki döyüş gedir: biri İŞİD ilə mübarizə, digəri isə İŞİD-in də ortaya çıxmasına yol açan daxili müharibə".

Tillerson, İŞİD sonrası Suriyada siyasi keçid prosesi üçün lazımi şərtləri yaratmaq üçün Rusiya ilə sabitlik bölgələri və çatışmasızlık sahələri üzərində çalışdıqlarını söyləyib.




Ana səhifəyə qayıt        Baxış: 1 031          Tarix: 2-08-2017, 14:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma