Bu gecə Azərbaycanın tanınmış fitnes məşqçisi Kamil Zeynallı Rusiyada həbs edilib. Kamil Zeynallının özü gecə saat 2 radələrində instragram səhifəsində yaydığı video-müraciətində bu barədə bildirib. İddiasına görə, onu Moskvanın Domodedovo aeroportunda saxlayıb polis bölməsinə aparıblar. Bölmədə fitnes məşqçisinə Ermənistanın onu beynəlxalq axtarışa verdiyini, bu səbəbdən də saxlanıldığını deyiblər. Onu da bildiriblər ki, Kamil Zeynallı bu gün məhkəmə qarşısına çıxarılacaq və böyük ehtimalla Ermənistana təhvil veriləcək.
Video-müraciəti bu linkdən izləyə bilərsiniz
Açığı, Kamil Zeynallını tanımıram. Bu məlumatı öyrəndikdən sonra onun hansı səbəbdən həbs oluna biləcəyini araşdırmaq üçün internet üzərindən bəzi araşdırmalara başladım. Məlum oldu ki, Kamil Zeynallı 2020-ci ilin yay aylarında dünyanın müxtəlif ölkələrində ermənilərin azərbaycanlılara qarşı hücumlarını pisləyən və xaricdə yaşayan bütün həmyerlilərimizi birləşib onları cəzalandırmağa çağıran video paylaşıb. Paylaşımında həqiqətən də erməni xalqını ağır dillə təhqir edib.
Video bu linkdə
Bütün bunlara baxmayaraq, Azərbaycan vətəndaşının Ermənistanın tələbləri ilə Rusiyada həbs olunub düşmən dövlətə təhvil verilməsi heç bir beynəlxalq hüquqla əsaslandırıla bilməz. Moskvanın Azərbaycanın tanınmış bir adamı barəsində bu qərarının yalnız bir səbəbi ola bilər – Rusiya Azərbaycan-Ermənistan münaqişəsinin tamamlanmasını istəmir, iki dövləti nəyin bahasına olursa-olsun döyüşdürməyə çalışır.
Rusiyanın bu təxribat xarakterli addımının Prezident İlham Əliyevin Münxen və Türkiyə səfərlərindən sonraya təsadüf etməsi təəccüblü deyil. Məlumdur ki, Münxen görüşündən əvvəl Ermənistan tərəfindən sərhəddəki mövqelərimizə atəş açılmış və bir əsgərimiz yaralanmışdı. Rəsmi Bakı da haqlı olaraq buna laqeyd qalmamış və cavab atəşi ilə təxribat törədən erməni postunu yerlə yeksan etmişdi. 4 erməni əsgərinin ölümü və 1-nin yaralanması ilə nəticələnən bu cavab zərbəsindən sonra məlum olmuşdu ki, düşmən tərəfindən atəşi açan şəxslər yaşı 60-ı keçən aşırı millətçilərdir və I Qarabağ döyüşlərindən indiyədək bir çox təxribatlarda iştirak ediblər. Ermənistan məhz bu səbəbdən Azərbaycanın cavab atəşinə səbrlə yanaşmış, öz ordusundakı bəzi ruspərəst zabitləri cəzalandırmışdı. Görünən bu idi ki, İrəvan da bu təxribatın Azərbaycanla sülh danışıqlarının pozulması cəhdi kimi qiymətləndirib və onun qarşısını almağa səy göstərir.
Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan liderləri Münxen səfəri zamanı alman kansleri Olaf Şolzun vasitəçiliyi ilə bir araya gəlmiş və bir an öncə sülh danışıqlarına başlamağa qərar vermişdilər. Münxen görüşündən sonra Türkiyəyə səfər edən İlham Əliyevlə qardaş ölkənin Prezidenti Rəcəb Tayib Ərdoğanın görüşündə də sülh danışıqları masaya yatırılmış və bu siyasətin regional sabitlik üçün gərəkliliyi ifadə olunmuşdu. Türkiyə lideri ad çəkməsə də böyük ehtimalla Rusiya və Fransanı nəzərdə tutaraq üçüncü tərəfləri bu prosesi “zəhərləməməyə” çağırmışdı. Ərdoğanla görüşdə İlham Əliyevin səsləndirdiyi bir başqa fikir də Rusiyanı narahat etməyə bilməzdi. O, Azərbaycan Ordusunun Türk Ordusuna inteqrasiyasının artıq başa çatdığını ifadə edərək bir növ Cənubi Qafqazın və yaxın regionun rus dairəsindən çıxıb Türk sahəsinə daxil olduğunu diqqətə çatdırmışdı.
Görünür, bütün bu gəlişmələr Rusiyanı narahat etdiyindən, o, növbəti təxribatlara əl atmağa qərar verib. Kamil Zeynallının Moskvada həbs olunub Ermənistana təhvil verilməsi ehtimalı bu istiqamətdə atılmış mühüm addımlardan biri ola bilər. Bundan sonra da Moskvanın bənzər təxribatlara əl atması da istisna edilmir.
Heydər Oğuzun facebook paylaşımı
Paylaş: