Azərbaycan Hərbi Hava Qüvvələrinin Pakistanla “JF-17C Blok-III” qırıcıları, həmçinin reaktiv təyyarələr üçün təlim və döyüş sursatları almaq barədə saziş imzalaması ölkəmizdə müzakirələrə yol açıb. Bəzi müxalif liderlər Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırıldığı bir zamanda Azərbaycanın Pakistan kimi çox da güclü hərbi sənaye kompleksinə malik olmayan bir ölkədən təyyarə almaq istəməsini ciddi risk olaraq qiymətləndirirlər. Onların iddiasına görə, “JF-17C” təyyarələri yaxşı olsaydı, qardaş Türkiyə ABŞ-dan F-16 təmin etmək arzusuna düşməz, Pakistandan daha ucuz qiymətə bu təyyərələri alardı.
İlk baxışdan, bu mülahizələr məntiqli görünür. Amma istər-istəməz bu sualları da ortaya çıxarır: Azərbaycan istəsə, Türkiyə kimi, ABŞ-dan F-16 ala bilərmi? Əlbəttə ki, yox. ABŞ bu təyyarələri hər dövlətə satmaz və satsa belə onların almaq üçün uzun illər növbəyə dayanmaq lazım gələr. Bəs bu müddət ərzində Azərbaycan özünün Hava Hücumundan Müdafiə sistemini necə təmin etməlidir?
Digər tərəfdən, düşünüldüyü kimi, “JF-17C” təyyarələri öz xüsusiyyətlərinə görə heç də də F-16-lardan geri qalmırlar. Əksinə bir çox cəhətlərdən ondan daha qabaqcıl təyyarə hesab olunur. Hətta adındakı 17 rəqəminin də bu təyyarələrin F-16-lardan bir mərtəbə üstün olduğunu göstərmək üçün seçildiyi iddia edilir. Hərbi ekspert Ədalət Verdiyev də 2018-ci ildə qələmə aldığı bir məqaləsində bu iddianı irəli sürərək yazır:
“Təyyarə proqramı ilk dövrlərdə Pakistanda “Super 7” kimi təqdim edilsə də, sonradan JF-17 “Thunder” adı ilə tanınmağa başladı. Təyyarənin adındakı JF abreviaturasının açılışı “Joint-Fighter” (Vahid Qırıcı), “Thunder” isə “İldırım” mənasını verir. 17 rəqəmi isə bənzədiyi F-16-dan daha yüksək göstəricilərə malik olduğunu vurğulamaq məqsədi daşıya bilər”.
Ən əsası isə, “JF-17C” təyyarələri Pakistanın məhsulu da deyil. Bu təyyarələr Pakistanla Çinin birgə istehsal etdiyi savaş alətidir. Məlumata görə, JF-17-nin son modeli sayılan bu təyyarələrin kütləvi istehsalı Pakistanda həyata keçirilir, onun korpusunun 58%-i bu ölkədə, qalan 42%-i isə Çində istehsal olunur və Azərbaycanın almaq istədiyi “JF-17C Blok-III” qırıcıları bu tipli təyyarələri ən son versiyasıdır. Türkiyənin Defenceturk.net saytı bu təyyarədən bəhs etdiyi məlumatda yazır:
“2000-ci illərdə Pakistan və Çinin ortaqlığı ilə başlayan JF-17 çoxməqsədli döyüş təyyarəsi layihəsi ilk uçuşunu 2003-cü ilin avqustunda həyata keçirdi. Təkmühərrikli döyüş təyyarəsi Rusiya istehsalı olan Klimov RD-93 mühərrikindən istifadə edir. Bu mühərrik təyyarəni maksimum 2200 km/saat sürətə çatdıra bilər”.
Digər bir məsələ Türkiyənin bu təyyarələri niyə almaması iddiaları ilə bağlıdır. Deyilənlərin əksinə olaraq, Türkiyənin ABŞ-dan F-35 və ya F-16 təyyarələrini ala bilməyəndə yönəldiyi alternativlərdən biri də “JF-17 Thunder” idi. Hər halda bunu biz yox, Türkiyə mediası iddia edir.
Məlum olduğu kimi, prezident Ərdoğan ABŞ-dan istədiyi F-16-ları ala bilməyəndə ilk alternativ kimi Böyük Britaniya, İtaliya və Almaniya istehsalı olan “Eurofighter Typhoon” təyyarələrini almağı gözdən keçirirdi. Lakin Almaniyadan bu istəyə müsbət cavab gəlməyəndə Türkiyə prezidenti öz açıqlamasında belə demişdi: “Digər bir məsələ “Eurofighter Typhonn” məsələsidir... Böyük Britaniyanın “Eurofighter”ə baxışı əslində müsbətdir. Təəssüf ki, Almaniyada bu məsələ ilə əlaqədar problem var. Ancaq İngiltərə problemlərin həllinə müsbət yanaşdı. Onlar almanlarla məsələni müzakirə edəcəklərini deyirlər. Bu nöqtədə bizim başqa alternativlərimiz də yox deyil”.
TGRT-nin məlumatına görə, Ərdoğanın nəzərdə tutduğu əsas alternativlərdən biri də Çin və Pakistanın birgə istehsalı olan “JF-17 Thunder” döyüş təyyarələri idi. Türkiyənin bu alternativi 3-cü sıraya almasının yeganə səbəbi isə üzvü olduğu NATO-nun standartları ilə bağlı idi. İddiaya görə, “bu təyyarələr NATO standartlarından kənarda olduğundan, mümkün satınalmada təyyarənin Türkiyə sursatları ilə təchiz edilməsi məsələsi gündəmə gələ bilərdi”. Bununla belə, nəşr etiraf edirdi ki, “JF-17 Thunder” də “Eurofighter Typhonn” kimi 4.5-ci nəsil təyyarələrdəndir. Başqa sözlə, yeri gələndə 4-cü nəsil olan F-16-lardan daha müasir təyyarədir.
Türk mediasının iddiasından da göründüyü kimi, Türkiyə “JF-17 Thunder” təyyarəsini alsaydı, istər-istəməz öz hərbi hava qüvvələrinin bütün mövcud sistemlərini və sursatlarını dəyişməli, dolayısıyla NATO standartlarından uzaqlaşmalı idi. Bu isə HHM sistemi F-16-lar üzərində qurulan qardaş ölkə üçün ciddi risklər ehtiva edirdi. Türkiyə ya yüzlərlə F-16-larını gözdən çıxarıb, tamamilə Çin-Pakistan təyyarələrinə keçməli, ya da əvvəlki təchizat bazasında qalmalı idi. Təbii ki, Ankara “daş düşdüyü yerdə ağır olar” fəlsəfəsinə inandığından 80 illik təcrübəyə söykəndiyi infrastukturunda qalmağı tərcih etdi. Prinsipcə, ABŞ da görünür, Türkiyəni bu məcburiyyət qarşısında qoymamaq üçün ona tətbiq etdiyi sanksiyalardan geri çəkildi. Əks halda, qardaş ölkənin yönələcəyi alternativ Türkiyədən çox, ABŞ-ın milli maraqlarına zərbə vurardı.
Azərbaycan üçün isə belə təhlükə yoxdur. Çünki bu zamanadək biz öz hərbi hava qüvvələrimizi “MiQ” və “Su” kimi rus təyyarələri ilə təchiz etdiyimizdən onları başqa alternativlərlə dəyişdirməyə onsuz da məcburuq. Sözsüz ki, bu əvəzləmə prosesində ordumuz inteqrasiya olunduğu Türkiyə modelinə keçməklə daha yaxşı avantajlar əldə edə bilərdi. Amma Türkiyənin də nə zamana qədər F-16-larda qalacağı da bəlli deyil. Qardaş ABŞ-dan almağı planlaşdırdığı “F-16 Blok 70” təyyarələri müvəqqəti dövr üçün nəzərdə tutulur. Ankara öz yerli və milli istehsalı olan 5 nəsil “KAAN”a keçməsi üçün uzun müddət gözləməli və bu müddət ərzində öz hava sərhədlərini modernizə olunmuş F-16-larla qorumalıdır. “KAAN”ın tam istismara verilməsi və tələb olunan sayda istehsal edilməsi üçün ən azı 20 ilə ehtiyac var. Prinsipcə, Azərbaycanın Pakistandan almağı planlaşdırdığı “JF-17C Blok-III” qırıcılarının istismar müddəti də 25 il nəzərdə tutulur. Bu müddətdən sonra alınan istənilən təyyarə ya modernizə edilməli, ya da başqaları ilə əvəz olunmalıdır. Məsələyə bu aspektdən nəzər salanda Azərbaycanın niyə bu təyyarələrə üstünlük verməsinin əsl səbəbi aydın olur.
Digər tərəfdən, “JF-17C Blok-III” qırıcılarının Türkiyənin “ASELSAN” şirkətinin istehsal etdiyi Aselpod” nişangah komplekslərinə uyğunlaşdırıldığı da iddialar arasındadır. Məlumata görə, “artıq 2017-ci ilin ilk yarısına qədər 50-dən çox JF-17 “Thunder Block 3” variantında döyüş təyyarəsi Pakistan HHQ-yə təhvil verilib. Bundan əlavə, Türkiyənin “ASELSAN” şirkəti Pakistana 25 milyon dollarlıq “Aselpod” nişangah kompleksləri satıb. Bütün bunlar 4+ və 5-ci sinif qırıcılarda istifadə olunacaq avadanlıqlara aiddir”.
Bu məlumatlar da sübut edir ki, Azərbaycanın yaxın zamanlarda Pakistandan almağı düşündüyü “JF-17C Blok-III” qırıcıları Türkiyə Hava Hücumundan Müdafiə sistemlərinin yerli və milli təyyarələrlə təchizatı başa çatmasından sonra rahatlıqla vahid ordu quruculuğuna inteqrasiya edilə biləcək.
Şəkildə: Türkiyənin 5-ci nəsil "KAAN" təyyarəsi
Qeyd edək ki, Pakistan mediasının iddiasına görə, Azərbaycanla əldə olunan razılaşma ölkə tarixinin ən böyük hərbi ixrac müqaviləsidir. Müqaviləyə “JF-17C Blok-III” qırıcıları, reaktiv təyyarələr üçün təlim və döyüş sursatlarının satışı daxildir. Müqavilənin dəyəri 1,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: